İmam Səccad (ə): «Həsən ibn Əli ibn əbu Talib (ə) öz zəmanəsinin ən abid, zahid və fəzilətli insanı olub. Həccə gedəndə piyada və bəzən ayaqyalın gedərdi. Nə vaxt ölümdən söhbət düşərdisə ağlayardı. Nə vaxt qəbrdən söz düşərdisə ağlayardı. Nə vaxt Qiyamətdən söz düşərdisə ağlayardı. Siratdan keçməkdən danışılanda ağlayardı. Allahın ədalət məhkəməsində cavab verməkdən söz düşəndə elə ah-nalə edərdi ki, özündən gedərdi. Namaza başlayanda bədəni Rəbbinin qarşısında titrəyərdi. Cənnət və Cəhənnəmdən söhbət düşəndə ilan çalmış adam kimi qıvrılardı, Allahdan Cənnəti istəyərək oddan Ona pənah aparardı.» (Əmali-Səduq, səh.150, hədis 8)
İmam Həsən (ə) buyurur: İnsanları 3 şey məhv edir: Özünü böyük göstərmək, tamah, paxıllıq. Özünü böyük göstərmək istəyi insanın dinini məhv edir. Bu xasiyyətə görə şeytan Allah dərgahından qovuldu. Tamah insanı behiştdən çıxardı. Paxıllıq səbəbindən Qabil Habili öldürdü. (Hər məsumdan 40 hədis, səh. 113)
İmam Həsən (ə) buyurur: Ey insanlar! Allah eşqinə öyüd verən, Allah buyuruğunu rəhbər seçən, möhkəm yola qədəm qoyan insanı Allah müvəffəq edər. (Tuhəful-uqul, səh. 227) .
İmam Həsən (ə) buyurur: Həqiqətlə batil arasında 4 barmaq məsafə var. Gözünlə gördüyün həqiqətdir. Eşitdiklərinin çoxu batil ola bilər. (Hər məsumdan 40 hədis, səh. 105)
İmam Həsən (ə) buyurur: Şiələrimiz arasından elə alimlər ortaya çıxar ki, zəif dostlarımızın duruşu, bizim vilayətimizin qəbulu onların hesabınadır. Onların başındakı tacdan nur saçar. (Muhəccətul-bəyza, c. 1, səh. 33)
İmam Həsən (ə) ondan moizə istəyən şəxsə buyurdu: Axirət səfərinə hazırlaş, ölüm qapını döyməmiş axirət azuqən hazır olsun. (Muntəhul-əmal, c. 1, səh. 436)
İmam Həsən (ə) buyurur: İnsanların ən fərasətlisi təqvaya çatan, ən axmağı günaha batandır. (Əl-Həyat, c. 1, səh. 203)
İmam Müctəba (ə) buyurur: Həqiqətən Allah-Taala sizin ruzinizi Öz öhdəsinə götürüb. Sizə bəndəlik üçün asayiş verib, sizi şükr etməyə həvəsləndirib, namazı sizə vacib buyurub, sizə təqvanı tövsiyə edib. ("Tuhəful-uqul”, səh. 234)
İmam Müctəba (ə) buyurur: Allaha doğru qayıdışda təqva hər işin bünövrəsi, hər işin şərəfidir. Məqsədə çatan təqva vasitəsi ilə çatıb. ("Tuhəful-uqul”, səh. 234) İmam Həsəndən (ə) kəramət haqqında soruşdular. Buyurdu ki, biri istəmədiyi zaman hədiyyə vermək, qıtlıq zamanı imkansızı doyurmaq kəramətdir. ("Tuhəful-uqul”, səh. 227)