İmam Həsən (əleyhis-salam)-ın məktubu
İmam Həsən (əleyhis-salam) Müaviyənin bəlkə düz yola hidayət olunub islah olmasını, ağlını başına yığmasını, ona qarşı itaətsizlikdən əl çəkməsini ehtimal verərək, habelə höccəti tamamlasın deyə bir neçə məktub yazdı. Müaviyə də bu məktublara cavab göndərirdi. Həzrətin ona yazdığı ilk məktuba işarə edirik (onu Cündəb Əbdullah Əzüdi ilə göndərdi). Məktubun mətni belə idi:
Bismillahir-rəhmanir-rəhim.
Allahın bəndəsi Həsən ibni Əlidən Müaviyətibni Əbi Süfyana. Salam olsun sənə. Mən sənin haqqında yeganə Allahın dərgahına həmd edirəm. Böyük Allah, Həzrət Müəhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-i peyğəmbərliyə seçdi. O, bütün aləmlər üçün rəhmət idi və ilahi risaləti təbliğ etdi. Allah onu bu dünyadan aparanda risalət işində heç bir süstlük, səhlənkarlıq etməmişdi. Nəhayət Allah onun vasitəsilə haqqı aşkar, şirki isə məhv etdi, bütün ərəblərə, xüsusilə Qureyşə izzət, böyük əzəmət bağışladı. Allah Quranda buyurur:
Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) bu dünyaya göz yumandan sonra ərəblər qüdrət və hakimiyyət uğrunda bir-biri ilə çəkişməyə başladılar. Qüreyş biz Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm)-in tayfasından və ailəsindənik deyə iddia edirdi. Camaat da bu sözü bəyənib haqq saydılar. Sonradan biz Qureyşlə ehticac etdik, necə ki, onlar ərəblərə ehticac etmişdilər. Amma Qureyş bizim haqqımızda insafsızlıq etdi. Çünki biz Peyğəmbərin Əhli-beyti Qüreyşlə ehticaca başlayıb onlardan insaflı olmalarını istəyəndə bizi hakimiyyətdən uzaqlaşdırıb bizə qarşı zülm, düşmənçilik və müharibə etməyə başladılar. Əlbəttə biz onlarla çəkişmədik. Ona görə ki, Allah dininə zərər dəyəcəyindən qorxur, münafiqlərin və əhzabların intiqam almaq üçün fürsət tapacaqlarından ehtiyat edirdik.
Lakin bu gün sənin iddia etdiyin işə təəccüb edirəm! Bu iş üçün azacıq da olsa, haqqın yoxdur. Sən nə dindarlıq nəzərindən fəzilətli adam kimi tanınmısan, nə də İslamda təqdirəlayiq keçmişin var. Sən əhzabdan və Allahın Rəsuluna (səlləllahu əleyhi və alihi və səlləm) qarşı ən qatı, kinli düşmən olan Qüreyş başçılarından birinin (Əbusüfyanın-müt.) oğlusan. Tezliklə o dünyaya qayıdandan sonra biləcəksən ki, axirət aləmi kimin xeyrinədir. Həzrət Əli (əleyhis-salam) canını Yaradana təslim edəndən sonra müsəlmanlar məni özlərinə başçı seçdilər. Bil ki, bu məktubu yazmaqda məqsədim sənə höccəti tamam etməkdir ki, bununla da Allah qarşısında təqsirli olmayam.
İndi əgər haqqa tabe olsan yaxşı, xeyirli bəhrə apararsan. Müsəlmanların da məsləhəti elə bundadır. Batildə israr etməkdən əl çək və sair şəxslər kimi mənə beyət et! Sən bilirsən ki, mən bu işə (xilafətə) Allah yanında və Allahdan qorxan hər kəsdən daha layiqəm. Belə isə zülmdən əl çək və müsəlmanların qanlarının axıdılmasının qarşısını al! Amma bil ki, əgər öz azğınlığını davam etdirsən, mən müsəlmanları tezliklə sənə tərəf göndərəcək, səni mübarizəyə çağıracağam. Qoy Allah bizim aramızda hökm etsin; çünki O, ən yaxşı hökm edəndir.
Kitabın adı: İmam Həsən və Hüseynin (ə) başına nələr gəldi
Müəllif: Məhəmmədhəsən Musəvi Kaşani