Ramazanda
Bizə Allah yetirən incə nəzərdir Ramazan,
Nəxli-imanda bitən dadlı səmərdir Ramazan.
Onda Əhməd adı var, ondadı Zəhra nəfəsi,
Etsin üst-üstə hesab oniki nəfərdir Ramazan.
Allah ali qonağın dəvət edib bu ayda,
Şahi-mərdanə şəhadətdu, xəbərdir Ramazan.
Bir əsərdir bu cahan, Xaliq edibdir inşa,
Bu əsər içrə nihan ali əsərdir Ramazan.
Bir qoşundur ki, qılıncın yeridir nəfs üstə,
Şeytanın qarşısına səddir, sipərdir Ramazan.
Onda var bir gecə min ayı keçər fəzlində,
Kim ona yetsə bilər bəhri-bəhərdir Ramazan.
Gözsüz insan qalar aləmdə hüsndən məhram,
Eşqi fəhm etmək üçün nuri-bəşərdir Ramazan.
Ruhunu zənn edirəm çoxdan itirmişdir o kəs,
Düşünə bir yol əgər cismə zərərdir Ramazan.
Bu Hüseynin yoludur, sən get Əziz Pünhan ki,
Nəfsi ram etməyə meydani-hünərdir Ramazan.