Rəvayətlərdə orucun fəzilət və təsirləri
Hədis və rəvayət kitablarını mütaliə etməklə, orucun əhəmiyyətini daha çox anlayırıq. İndi də bu rəvayətlərdən bir qisminə işarə edək.
Birinci rəvayət: Zürarə adlı ravi, İmam Baqir (əleyhissalam)-dan nəql edir ki, buyurur:
"İslam dininin kökləri beş əsas üzərində qurulmuşdur: Namaz, zəkat, həcc, oruc və vilayət.”(Miratul-uqul, cild. 16. səh. 203 )
Əllamə Məclisi "Miratul-uqul" kitabında bu hədisi "qəbul olunmuş"adlandırır və İslam dininin bu beş əsası barəsində yazır: Bəlkə də, bunlar tamamlayıcı və təkmil edicidirlər. Çünki, bunlarsız İslamın əsasları titrəyər. Yaxud, bu beş şeyə iman gətirmək imandandır. Yaxud, imandan məqsəd, İslamdır. Ya da ehtimal var ki, vilayətdən məqsəd, İmamətdən əlavə olan artıq məhəbbətdir.
İkinci rəvayət: İmam Sadiq (əleyhissalam)-dan nəql olunur ki, ata-babalarından nəql edir ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) əshabına buyurur: "İstəyirsiniz sizə elə bir şey öyrədim ki, Şeytan sizdən uzaqlaşsın? Məşriqin məğribdən uzaqlaşdığı kimi olsun? Ərz etdilər: Ey Allahın Rəsulu! Bəli!
Həzrət buyurur: Ramazan ayının orucu Şeytanın üzünü qaraldır. Sədəqə vermək belini sındırır. Allah yolunda dost olmaq xeyir işlərə kömək və Şeytanın nəslini kəsir. Tövbə edib günahların bağışlanmasını tələb etmək, qəlbini paralayır. Hər şeydən ötrü zəkat var, bədənin zəkatı oruc tutmaqdır.”(Miratul-uqul, cild. 16. səh. 203 )
Mərhum Əllamə Məclisi bu hədisi möhkəm inanılmış hədislərdən sayır.
Üçüncü rəvayət: İmam Sadiq (əleyhissalam)-dan nəql olunur: "Allah-taala, Musa (əleyhissalam)-a vəhy edir ki: Mənimlə munacat etməyinə, sənə nə mane olur? Ərz edir: Oruc olduğuma görə ağzımın iyi mane olur.
Ona vəhy olunur: Ey Musa! Mən, oruc tutanın ağzının iyini müşk-ənbər iyindən xoş bilirəm.”(Miratul-uqul, cild. 16. səh. 203 )
Əllamə Məclisi buyurur: Ərəbcədən "xulvuf”, ağız iyinə deyilir. Yenə yazır: Heç kəs iddia etməsin ki, Allah-taalaya, iy hissini nisbət vermək olmaz. Oruc tutanın ağız iyini, Allah qəbul edir. Yaxud, bu söz fərz olunarsa, qəbuldur. Yəni, Allah yanında ətir təsəvvür olunarsa, oruc tutanın ağız iyi ətyəb (ən pak və ətrli) hesab olunur.
Dördüncü hədis: İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: "Oruc, insanı Cəhənnəm atəşindən qoruyan qalxandır.”(Mühəccətül-beyza, cild. 2, səh. 123 )
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi