İnsanların Cəhənnəmə daxil olması
Allah-taala, "Məryəm" surəsinin 71-72-ci ayələrində bu mövzuda belə buyurur:
"Sizdən elə bir kəs olmaz ki, Cəhənnəmə daxil olmasın. Bu, Rəbbinin (əzəldən) buyurduğu vacib bir hökmdür. Sonra Biz, Allahdan qorxub pis əməllərdən çəkinənlərə nicat verəcək, zalimləri isə orada diz üstə çökmüş halda saxlayacağıq.”
Bu iki ayənin təfsirində, təfsirçilər arasında müxtəlif fikirlər var. Yəni, ayədə Cəhənnəmə daxil olmaqdan məqsəd nədir? Bəzi müfəssirlər mötəqiddirlər ki, Cəhənnəmə daxil olmaq, yaxşı və pis insanların Cəhənnəmə yaxınlaşması və onun üzərində durması mənasındadır. Sonra yaxşılar azad olub, pislər Cəhənnəmə düşəcəklər. Bu mənanı "Qəsəs"surəsində Musa (əleyhissalam) barəsində olan ayə ilə istidlal edirlər. Buyurur:
"Musa, Mədyən kənarındakı bir quyuya çatanda""(Qəsəs surəsi, ayə:23 )
Əksər müfəssirlərin onu ixtiyar etdikləri ikinci təfsir odur ki, "Cəhənnəmə daxil olmaq”, ona yaxınlaşmaq mənasında deyildir. Bəlkə də, həmin Cəhənnəmə girmək mənasındadır. Əslində bütün insanlar Cəhənnəmə daxil olacaqlar. Lakin, möminlər nicat tapıb, müşriklər, uyğunluqları olduğuna görə atəşdə qalacaqlar. Bu sözü, ayənin sonundakı : "Sonra Biz, Allahdan qorxub pis əməllərdən çəkinənlərə nicat verəcək, zalimləri isə orada dizi üstə çökmüş halda saxlayacağıq.”-ifadələri tamamilə təsdiq edir. Bundan əlavə, ayənin təfsiri haqqında gələn rəvayətlər də həmin mənanı təsdiqləyir.
O cümlədən, Cabir ibni Abdullah Ənsaridən belə nəql olunur ki:"Bir nəfər bu ayənin mənası barəsində ondan soruşur. Cabir iki barmağı ilə iki qulağına işarə edib buyurdu: Bu iki qulağımla İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən bu mətləbi eşitmişəm. Əgər yalan deyirəmsə, hər ikisi kar olsun! İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: Ayədəki"varid"sözü , "daxil olmaq" mənasındadır.
Atəş, İbrahim peyğəmbərə olduğu kimi möminlər üçün də bu zaman soyuq və sağlam olacaq. O vaxta kimi ki, atəş və ya Cəhənnəm (Cabir tərəddüdlə deyir) soyuqdan fəryad çəkəcək. Sonra Allah pərhizkarlara nicat verib, zalimləri zəlilcəsinə atəş içində saxlayacaq.”(Təfsiri Nurus-Səqəleyn, cild. 3, səh. 353 )
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən başqa hədisdə oxuyuruq:
"Qiyamət günündə atəş, mömin şəxsə deyəcək: Məndən tez keç ki, nurun mənim şöləmi söndürür.”(Təfsiri Nurus-Səqəleyn, cild. 3, səh. 353 )
Bu mənaya, Siratın körpüsü barəsində rəvayətlərdəki, Cəhənnəmin üstündən çəkildiyini, tükdən nazik və şəmşirdən iti olacağı da şahidlik edir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunan bir hədisdə oxuyuruq, buyurur: "İnsanların hamısı Cəhənnəmə daxil olacaq. Sonra əməllərinin hesabına görə oradan çölə çıxacaqlar. Bəziləri işıq kimi, sonra ondan az sürətli külək kimi, bəziləri şiddətli qaçan kimi, bəziləri səvar olub yol gedən kimi, bəziləri tez-tez gedən şəxs kimi, bəziləri də adi halda yol gedən kimi atəşdən xaricə çıxacaq.(Təfsiri Nurus-Səqəleyn, cild. 3, səh. 353 )
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi