Təkamüldə elmin rolu
Artıq mə’lum oldu ki, insanın təkamülündə əsl bələdçisi qəlbdir. Qəlb, bəndəlik yolunda Allaha tərəf irəliləyir və insanın digər fəaliyyətləri də bəndəlik rəngi alaraq, insanın təkamülünə tə’sir göstərir. Qəlb o zaman uyğun fəaliyyətə başlayır ki, insan hədəf və yolu tanıyır, öz iradəsi ilə bu yola qədəm qoyur. Demək, bu hərəkətin əsas şərti mə’rifəttanıma və elmdir. İndi baxaq görək ki, təkamül yolunda elm nə rol oynayır. Elm özü kamillikdirmi? Əgər kamillikdirsə, əsl, nisbi, yoxsa müqəddəmidir?
Elmin əhəmiyyəti haqqında müxtəlif nəzəriyyələr vardır. Bə’zi filosoflar belə güman edirlər ki, elm bütün kamilliklərin əsasıdır. Varlıq aləminin bütün sualları qarşısında elmi dəlillərə malik olan insan, ən kamil insan hesab olunur. Digər bir qrup filosof isə bu qənaətdədir ki, insanın təhsil yolu ilə öyrəndiyi elmin onun kamilliyinə heç bir dəxli yoxdur. Hətta elmi, kamilləşmə yolunda maneə hesab edənlər də var.
Biz bütün deyilənləri araşdırıb orta bir yol tutmaq fikrində deyilik. Sadəcə, yalnız isbat olunmuş müddəalara əsaslanaraq, elmin təkamüldə oynadığı rolu müəyyənləşdirmək istəyirik.
İnsanın son kamilliyinin Allahla yaxınlıqdan ibarət olduğunu bildikdən sonra aydın olur ki, həmin son mərhələdəki elm, haqqında danışdığımız insanın oxumaqla öyrəndiyi «hüsuli elm» yox, fitrətə məxsus olan «hüzuri elm»-dir. Bəs insanın oxumaqla öyrəndiyi elmin əhəmiyyəti nədir?
Şübhəsiz ki, elm insan üçün kamillik sifətidir. İnsanın fitri ehtiyacı olan elm, insanın varlıq aləmi ilə tanışlığında mühüm rol oynayır.
Qeyd etdik ki, kamillik həm əsl, həm nisbi, həm də müqəddəmi ola bilər. İnsan vücudunun malik olduğu sifət, əsl kamillik sifəti olmaya da bilər. Onun kamillik sifəti hesab olunması üçün kamilliyə çatmaq üçün vasitə olması şərtdir. Əgər insanın malik olduğu bir sifət kamilliyin ziddinə işlədilə bilərsə, bu sifət şəxsiyyətin kamilliyi yox, süqutu üçün müqəddimədir.
Söhbətimizin əsas mövzusu olan elmi-hüsuli, başqa sözlə, oxumaqla öyrənilən elm iki növdür: nəzəri və əməli. Nəzəri elmlərin insan xarakteri ilə əlaqəsi olmasa da, onlardan bə’ziləri (məsələn, ilahiyyat) son məqsədi tanımaqda insana kömək edir. Bu elmlərdən Allaha yaxınlaşmaq üçün istifadə olunduqda, onları müqəddəmə kamilliyi hesab etmək olar. İnsanın dünya görüşündə müsbət rol oynayan, yaranış sirlərini açıqlayan, həyat ehtiyaclarının tə’minatında tə’sirli olan digər nəzəri elmlər, insanın Allaha yaxınlaşmasında ona yardımçı ola bilər. Amma təkamül yolunda insanın agah şəkildə kamilləşməsi əməli elmlərdən asılıdır.
Qeyd etməliyik ki, insanın səadətini bilavasitə tə’min etmək qüvvəsinə malik olmayan hüsuli elmlər, yalnız köməkçi rol oynaya bilər.
Praqmatizm nəzəriyyəsinə görə, elm və sənət yalnız o zaman dəyərlidir ki, insan onun vasitəsi ilə özü üçün gözəl və rahat həyat qura bilsin. Biz isə onlara belə cavab veririk ki, nəinki elm və sənət, hətta dünya həyatının özü insan üçün əsl dəyər hesab oluna bilməz. Əsil dəyər Allahla yaxınlıqdır. Bu yolda insana yardımçı olan hər bir qüvvə, yalnız faydalı olduğu qədər dəyərlidir. Kamil insan üçün Allahpərəstlikdən uzaq bütün «iizm»lər puçdur. «Allah haqq, müşriklərin Ondan başqa ibadət etdikləri isə, batildir» .
Demək, nə elmi təhsil, nə sənət, nə də fərdi və ictimai işlər mütləq dəyər deyil. Bütün bunlar yalnız Allahla yaxınlığa xidmət etdikdə dəyərli ola bilər.
Sual oluna bilər ki, axirət həyatı üçün dünyanın vasitə olduğunu nəzərə alaraq, praqmatizmi son məqsəd üçün faydalı hesab etmək olarmı? Axirət üçün faydalı iş yalnız nisbi əsas ola bilər. Hətta belə olduğu təqdirdə, elm və sənət nisbi əsas hesab olunmur.
İnsanın həqiqi səadəti bədən üzvləri və istehsal alətlərindən yox, insanın qəlbindən cücərir. Ona görə də, Allaha yaxınlaşmada əsas rolu qəlb ifa edir. Qəlbin fəaliyyətləri isə, nisbi hesab oluna bilər. Bütün digər əməllər bu fəaliyyətlərin sayəsində fayda verə bilir. Elm yaxşı əməllərə müqəddimə ünvanında dəyərlidir. Eləcə də, iman üçün müqəddimə olan elm dəyərli hesab edilir.
Kitabın adı: Nəfsi saflaşdırmadan qabaq özünütanıma
Müəllif: Ustad Misbah Yəzdi