Gələcək Sahibi əlbəttə ki, bu dünyanın
Çəkərəm, fərq eləməz, hər qəmü hicran olsun,
Təki bu hökmü verən sevgili canan olsun.
Yarı sevməkdə rəqibin nədi təqsiri, deyin,
Onu görsə sevəcək hər cürə insan olsun.
Hər yaranmışda olur rəhm, əgər vəhşi ola,
Tanrıtək, leyk ola bilməz biri Rəhman olsa.
Cahil olmazsa bu dünyada tanınmaz arif,
İstəməzdim azı arif, çoxu nadan olsun.
Bu qədər cahil ilə dəhr behişt olmaqdan,
İstəyərdim bu cəhan axırı viran olsun.
Ya dağılsın bu cəhan cahil əlilə, ey dil,
Ya da cahil qırıla, dəhr gülistan olsun.
Təkcə İslam salacaq dəhri, bilin, səhmanə,
Təzə əsrin gərək əhkamı müsəlman olsun.
Gələcək Sahibi əlbəttə ki, bu dünyanın,
Mail, ömrüm yetişə ol günə imkan olsun.