
Ey, gözəllər gözəli
Ey, gözəllər gözəli, gəl, ürəyim şad olsun,
Ta əbəd qüssəvü-qəmdən könül azad olsun.
Gəl, bütün əhli-vəfa dərk eləsin eşq nədir,
Dövrdə eşqə çətin sən kimi ustad olsun?!

Gəl, nizam ilə yaranmış Cahana eylə nizam,
Olmasın haqqı talanmış, nə də cəllad olsun?!

Əhdimiz var ki, edək canı fəda Yarımıza,
Qoyma can sağlığımız bizlərə irad olsun!

Gəl, sınıq qəlbləri Həqqə qovuşdur yenidən,
Gəl ki, viranələrin hamısı abad olsun.

Fani dünya malını istəmədik əvvəldən,
Dəftəri-eşqdə ancaq adımız yad olsun.

Vəd olub – Dəhr ədalətlə dolar, sən gəlsən,
Ol səbəb gəl ki, ədalətlə bu dünya dolsun.