İmam Hüseyn əleyhissalam Kufəyə tərəf hərəkət edir
İmam (əleyhis-salam) Kufəyə sarı yola düşdü. Səffah mənzilində (yaxud Bəni Amir bostanında) məşhur ərəb şairi Fərəzdəq o Həzrətlə görüşdü. O, özü bu barədə belə deyir: Altmışıncı hicri ilində anamı Həcc üçün Məkkəyə aparmışdım. Hələ karvan yolda ikən İmam Hüseyn (əleyhis-salam)-ı silahlanmış, əllərində qılınc-qalxan, öz dostları ilə Məkkədən çıxan gördüm. Heyrətə gəldim, o Həzrətin hüzuruna gəlib salamdan sonra dedim: Allah işinizi xeyir eləsin, atam-anam sənə fəda olsun, ey Rəsulullahın oğlu! Bu qədər tələsməkdə fikriniz nədir?
İmam (əleyhis-salam) buyurdu: Əgər Allahın əmin-amanlıq hərəmindən təcili olaraq çıxmasaydım, ələ keçəcəkdim. (Sonra buyurdu:) Fərəzdəq, Kufə əhli barədə nə bilirsən? Dedim:–Hal-hazırda onların qəlbləri sizinlə,qılıncları isə əleyhinizədir. Allahın hökmü və qəza-qədəri həmişə cərəyan edir, Allah nə istəsə onu da edər.
Həzrət buyurdu:–Düz deyirsən, hər şey Allahın əlindədir. Allah hər zaman, hər bir yerdə vardır. Allaha verdiyi nemətlərə görə sitayiş edirik və Ondan nemətlərin şükrünü yerinə yetirmək üçün kömək istəyirik. Onun hökmü bizim ümidimizə uyğun şəkildə cərəyan etsə də, etməsə də, əksinə olsa belə, yenə də bizim məqsədimiz haqqa itaət etməkdir. Bizim məqsəd təqva əsasında qurulduğu üçün həqiqət sərhədlərindən yayınmırıq. Mən İmama (əleyhis-salam) dedim:–Bəli, belədir, İnşallah, Allah sizi öz istədiyinizə çatdırsın, uzaq gəzdiyiniz şeylərdən hifz etsin.
Sonra Həcc əməlləri barəsində bir neçə sual verdim, cavabını verdikdən sonra karvan öz yoluna davam etdi.
Kitabın adı: İmam Həsən (ə) və imam Hüseynin (ə) başına nələr gəldi
Müəllif: Seyyid Məhəmmədhəsən Musəvi Kaşani