Yalan, böyük günahlardan olub insanın abır-həyasının aradan getməsinə səbəb olur. Quran və rəvayətlərdə yalan danışma və yalan andın pislənməsinə çox işarələr olunmuşdur. Biz onlardan bəzilərinə işarə edəcəyik:
Əbu Səid nəql edir: İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) eşitdim ki, Allaha dua edərkən belə buyurdu:
«İlahi! Qəlbimi nifaq və ikiüzlülükdən pak et! Zinaya mürtəkib olmaqdan və dilimi yalandan qorumaqla məni pak et.»(Əl-Mühəccətül-beyza, 5-ci cild, səh-241. )İmam Baqir (əleyhissəlam) buyurur:
«Yalan, imanın viran olub aradan getməsinə səbəb olur.»(Üsuli-kafi, 2-ci cild, səh-399. )
Əmirəl-möminin Əli (əleyhissəlam) buyurur:
«İmanın dadını yalnız, o şəxslər dada bilər ki, istər zarafata, istərsə də doğrudan yalan danışmasın.»(Üsuli-kafi, 2-ci cild, səh-34. )
Bir nəfər İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alihi və səlləm) ərz etdi: Ya Rəsuləllah! Mömin rüsvay olarmı?
Buyurdu: Bəzən.
Soruşdu: Mömin oğurluq edər?
Buyurdu: Bəzən.
Soruşdu: Mömin yalan danışar?
Buyurdu: Heç vaxt!
Allah-taala buyurur:
«Yalan və iftira o kəslərə aiddir ki, Allaha imanları yoxdur.»
İmam Həsən Əsgəri (əleyhissəlam) buyurur:
«Bütün günahlar bir evə yığılsa, o evin açarı yalandır.»(Müstədrəkül-vəsail, 2-ci cild, səh-473. ) Yəni, hər kəs yalan desə, bütün günahlara mübtəla olar.
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)buyurur:
«Hər bir yalançı, yalanına görə öz nəfsində alçaqlıq hiss edir.»(Əl-Mühəccətül-beyza, 5-ci cild. )
Beləliklə, yalanın kök və sərçeşməsi nəfsin çirkinliyidir. Müqabil tərəfi, yəni, sədaqət və doğruluq, nəfsə etimaddan sərçeşmə alır. Günlərin birində, Həccac mənbərdə sözü çox uzadır. Cəmiyyətin arasından bir nəfər uca səslə deyir: Namaz vaxtıdır sözünü qısalt! Nə, vaxt sənə görə dayanar və nə də, Allah əzabından keçər. Həccac əhali arasında olan bu aşkarlıqdan narahat olur. O kişinin tutulmasına əmr verdi. Qohumları yığışıb Həccacın yanına gedib deyirlərki, o kişi divanədir, onu azad et. Həccac dedi: Əgər özü etiraf etsə, azad edərəm!
Kişinin yanına gedirlər ki, ona öz divanəliyini etiraf etdirsinlər. Zindanda cavab verir: Allah məni sağlam yaratmışdır. Özüm də ağıllıyam. Divanə deyiləm, nəyə görə özümü dəliliyə vurmalıyam? Həccaca xəbər verirlər ki, kişi belə deyir. Həccac sədaqət və düz danışdığına görə onu azad edir.
Qeybət:
Dilin on beşinci zərəri qeybətdir. Bəhsə başlamazdan əvvəl, qeybətin tərifi ilə tanış olaq. Böyük alimlərdən mərhum Şəhid Sani özünün «Kəşfür reybə"kitabında, qeybəti belə tərif edir:
«Başqası olmayanda, onun haqqında danışmaq, belə ki, bu söz, əhali arasında nöqsan sayılsın və danışan qarşı tərəfə nöqsan yetirmək niyyətində olsun.»
Əbuzərdən qeybət barəsində soruşurlar, o da cavab verir: Müsəlman qardaşın olmayan yerdə, ondan danışılsın, belə ki, əgər özü eşitsə, narahat olar.(Məkasib, səh-41. )
Müqəddəs İslam şəriətində qeybət haram sayılır. Şeyx Mürtəza Ənsari özünün «Məkasib» kitabında qeybətin haram sayılması barədə çoxlu dəlillər gətirmiş və aşağıdakı ayəni zikr etmişdir.
«Bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı!? Bu sizdə ikrah hissi oyadar [qeybət də belədir].»(Hücurat surəsi-12 )
Qeybətin çirkinliyi bundadır ki, iki nəfər, müdafiəsiz və qeybdə olan bir nəfər barədə danışırlar və ona hücum edirlər. Birisi, heç bir hiss və hərəkəti olmayan ölü ətini yeyir. Başqası, eləsinə hücum edir ki, məclisdə olmayıb özünü müdafiə edə bilmir. Quran bu bənzətmədə dörd mətləbi nəzərdə tutur:
1. Müsəlmanlar və bir məzhəbdə olanlar, bir-biri ilə qardaş hökmündədirlər;
2. Müsəlmanın abır-həyası, onun əti kimidir;
3. Müsəlmanın olmadığı yerdə onun ardınca danışmaq, onun abır-həyasını aradan aparmaq və ətini yemək kimi bir şeydir;
4. Haqqında qeybət olunan şəxs məclisdə deyil və bu namərdcəsinə danışıqdan xəbərsiz olub, özünü müdafiə edə bilmir, sanki həmləyə məruz qalmış ölü kimidir. Ola bilsin, həmin məsələyə görə həzrət Əli (əleyhissəlam) qeybət edəni biçarə və əlacsız adlandırır və buyurur:
«Qeybət əlacsız və biçarə insanın işidir!»(Şərhi Ğürər və Dürər. Xonsari. C. Səh. 264 )
Dəlil kimi istifadə olunmuş ikinci əsas da budur ki, Allah-taala buyurur:
«Möminlər arasında onları nüfuzdan, hörmətdən salmaq məqsədilə pis söz yaymaq istəyənləri dünyada və Axirətdə şiddətli bir əzab gözləyir. Ancaq Allah bilir, siz bilməzsiniz!»(Nur surəsi-19 )
İnsan, ictimai mövcud olduğuna görə yaşadığı mühit onun öz evi kimi sayılır və o mühitin abır-həyasını, öz ailəsinin abır-həyası kimi qoruyub, fəsad və çirkinliyin ora daxil olmasının qarşısını almalıdır. Bu əsasa görə İslamda hər hansı bir növlə olursa, yaşayış mühitini korlayanlarla mübarizə aparılmalıdır. Əgər qeybətlə şiddətli mübarizə olunarsa, ona görədir ki, qeybət zamanı eyblər aşkar olur və İslam bunu bəyənmir. Müsəlman qardaşın eyblərinin gizlədilməsi əmri də bu göstərişdə məna tapır.
Şeyx Ənsarinin üçüncü dəlil kimi qeybətin haram olmasına istifadə etdiyi ayə budur:
«Allah kiminsə öz sözləri ilə pislikləri izhar etməsini sevməz. Yalnız, zülm izhar olunmuş şəxslər müstəsnadır. Allah hər şeyi eşidən və biləndir!.»(Nisa- surəsi-148 )
Qeyd etmək lazımdır ki, ayədəki «pislik»dən məqsəd, hər cür pislik və çirkinlik, «izhar»dan isə məqəd, hər cür söz, danışıq və ya izhar vasitəsidir.
İstər şikayət şəklində, istər hekayət ya nifrin, ya da zülm etməklə izhar olunsun. Ona görə də, ayə, qeybətin haram edilməsinə dəlalət edir.
Qeybətin haram olmasının dördüncü dəlili budur:«[Dalda] qeybət edib tənə vuran hər kəsin vay halına."(Huməzə surəsi-1 )
Müfəssirlərdən bir dəstəsinin rəyinə görə bu ayə, Vəlid ibni Müğeyrə barəsində nazil olmuşdur. Bu şəxs, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) ardınca qeybət edir, üzdə isə o həzrətə tənə və istehza edirdi. Hər halda ayədə buyurur:
«[Dalda] qeybət edib, eyb tutanların vay halına!»
Ayənin kəlmələrindən, "Hüməzə" və "Lüməzə" kəlmələri bir işdə mübaliğə bildirirlər. Birinci, kəlmə əslində "həmz" sözündən olub, «sındırmaq» mənasındadır. Qeybət edənlər başqasının şəxsiyyətlərini sındırdıqlarına görə onlara "hüməzə" deyilir. "Lüməzə" isə əslində, "ləmz" kökündən olub, qeybət edən və eyib tutanlara deyilir.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi