Rəcəb ayının iyirmi yeddisində üç ziyarət vardır:
1. Rəcəbiyyə ziyarəti- "Əlhəmdu lillahilləzi əşhədəna məşhədə əvliyaihi” bu ziyarət Rəcəb ayının əməllərində keçdi. Bu ziyarətnaməni Rəcəb ayında müqəddəs məkanların hər birində oxuya bilərsiniz. Lakin "Qədim məzar” kitabının müəllifi və Şeyx Məhəmməd İbnul-Məşhədi onu məbəs gecəsinin məxsus ziyarətlərindən saymışdır.
2. "Əssəlamu əla əbil-əimməti və mə`dinin-nubuvvəti” ziyarətidir ki, Əllamə Məclisi (rəhmətullah) onu "Tohfə”nin yeddinci ziyarəti qərar vermişdir. Qədim məzar sahibi onu Rəcəb ayının iyirmi yeddinci gecəsinə məxsus olduğunu bilib. Necə ki, biz "Hədiyyətuz-zair” kitabında onu zikir etdik.
3. Bu ziyarəti Şeyx Mufid, Seyid və Şəhid nəql ediblər,elə ki, əgər məbəs gecəsi, ya onun gündüzü istədin həzrət Əmirəl-möminini (ə) ziyarət edəsən, o həzrətin pak qəbrinin qarşısında dayan və belə de:
Şəhadət verirəm ki, həqiqətən, Allahdan başqa heç bir tanrı yoxdur. O təkdir və Onun şəriki yoxdur. Şəhadət verirəm ki, həqiqətən, Məhəmməd Onun bəndəsi və rəsulu, Əmirəlmöminin Əli ibn Əbu Talib Allahın bəndəsi və Onun Rəsulunun qardaşı, onun övladlarından olan pak imamlar Allahın varlıqlar üzərindəki höccətidirlər.
Sonra daxil ol və o həzrətin qəbrinin yanında dayan, üzün qəbrə, arxan isə qibləyə tərəf olduqda, yüz dəfə təkbir deyib, bu ziyarəmnaməni oxu:
Salam olsun sənə, ey Allahın xəlifəsi olan Adəmin varisi! Salam olsun sənə, ey Allahın seçdiyi Nuhun varisi! Salam olsun sənə, ey Allahın dostu İbrahimin varisi! Salam olsun sənə, ey Allahla həmsöhbət olan Musanın varisi! Salam olsun sənə, ey Allahın ruhu İsanın varisi! Salam olsun sənə, ey Allahın elçilərinin sərvəri Məhəmmədin varisi! Salam olsun sənə, ey Əmirəlmöminin! Salam olsun sənə, ey təqvalıların imamı! Salam olsun sənə, ey vəsilərin sərvəri! Salam olsun sənə, ey aləmlərin Rəbbinin Rəsulunun canişini! Salam olsun sənə, ey birinci və sonuncuların elminin varisi! Salam olsun sənə, ey böyük xəbər! Salam olsun sənə, ey doğru yol! Salam olsun sənə, ey eyiblərdən pak olan və kəramət sahibi! Salam olsun sənə, ey təqvalı vəsi! Salam olsun sənə, ey Allahın bəyəndiyi və pakizə bəndə! Salam olsun sənə, ey işıqlı ay! Salam olsun sənə, ey böyük siddiq (düzdanışan)! Salam olsun sənə, ey haqq ilə batili ayıran ən böyük insan! Salam olsun sənə, ey parlayan çıraq! Salam olsun sənə, ey hidayətçi imam! Salam olsun sənə, ey təqva nişanəsi! Salam olsun sənə, ey Allahın böyük höccəti! Salam olsun sənə, ey Allahın xas və xalis bəndəsi, Onun əmanətdarı, seçdiyi, Allahın qapısı, höccəti, Allahın hökm və sirrinin mədəni, elminin xəzinə və xəzinədarı, Allahın Öz yaratdıqları arasındakı səfiri! Şəhadət verirəm ki, sən namazı bərpa etdin, zəkat verdin, (insanları) yaxşılıqlara dəvət etdin, pisliklərdən çəkindirdin, Peyğəmbərə itaət etdin, kitabı (Qurani-Kərimi) layiqincə tilavət etdin, Allah tərəfindən dini təbliğ etdin, Allahın əhdinə sadiq qaldın, sənin vasitənlə Allahın kəlmələri tamamlandı, Allah yolunda layiqincə mübarizə apardın, Allah və Onun Peyğəmbəri (Allahın salamı olsun ona və Əhli-beytinə) yolunda xeyirxahlıq göstərdin, bu yolda səbirlə, savab ümidi ilə, Allahın dinini müdafiə edib Rəsulullahı qorumaq, Allahın dərgahındakı savabı əldə etmək və Onun vəd etdiklərinə meyil göstərmək məqsədilə canını fəda etdin və beləcə, şəhid, şahid və müşahidə halında dünyadan getdin. Allah Öz Rəsulu, İslam və İslam əhli tərəfindən belə bir sadiq insana ən yaxşı mükafat əta etsin. Şəhadət verirəm ki, sən İslamı qəbul edən ilk şəxs, iman baxımından insanların ən xalisi, yəqin baxımından ən möhkəmi, Allahdan ən çox qorxanı, ən çox əzab-əziyyət çəkəni, Rəsulullaha (Allahın salam olsun ona və Əhli-beytinə) ən çox qayğı göstərəni, fəzilətcə ən üstünü, İslamda parlaq keçmişə sahib olanı, məqamca ən yüksəyi və şərafətlisi və onun yanında ən hörmətlisisən! Onlar tənbəllik etdiyi zaman sən möhkəm dayandın və Rəsulullahın (Allahın salamı olsun ona və Əhli-beytinə) yolu və sünnəsindən əl çəkmədin. Şəhadət verirəm ki, sən onun haqq xəlifəsi idin və münafiqlərin varlığı, kafirlərin qəzəbi və fasiqlərin kin-küdurəti ilə belə, bu məsələdə heç kim səninlə çəkişə bilməz. Başqaları süstlük etdikləri zaman sən dini təbliğ etmək üçün qiyam etdin; susduqları zaman sən danışdın; dayandıqları zaman sən Allahın nuru sayəsində irəliyə doğru hərəkət etdin. Sənə itaət edən doğru yola yönəldi və sən sözdə (həqiqəti deməkdə) onların birincisi, qəzəbin şiddətli, danışığın düzgün, tədbirin möhkəm, qəlbin şücaətli, yəqinin çox, əməlin yaxşı, (elmi və ictimai) işlərlə tanış və möminlərə mehriban ata idin. Çünki onları öz əhli-əyalın bilirdin, onların daşıya bilmədikləri ağır yüklərini sən öz çiyninə götürdün, onların zay etdiklərini qorudun, onlar qorxduqları zaman şücaətlə səsini ucaltdın, taqətsizlik etdikləri zaman qayğı göstərdin və fəryad etdikləri zaman səbir etdin. Sən kafirlərə qarşı dərdli əzab və qəzəbli, möminlərə qarşı isə bərəkətli yağış, bol nemət və elm dəryası idin. Sənin dəlil və bürhanın zəif deyildi, qəlbin azğınlığa düşmədi, bəsirət gözün zəifləmədi və nəfsin əsla qorxmadı. Sən bərk küləklər və möhkəm tufanların yerindən qopara bilmədiyi dağa bənzəyirdin. Necə ki, Allahın Rəsulu (Allahın salamı olsun ona və Əhli-beytinə) buyurmuşdur: "Bədənin güclü, öz-özlüyündə təvazökar, Allah dərgahında məqamın uca, yer üzündə böyük və səmada şövkət sahibisən. Heç kim səndə nalayiq xislət və eyib tapa və heç bir məxluq səni həris edə bilməz. Səndən mehribanlıq ummayan bir şəxs yoxdur, aciz və zəiflər sənin yanında güclü və qüdrətli olduğundan onların haqqını zalımlardan alırsan. Güclü və qüdrətlilər isə sənin yanında aciz və zəlil olduğundan məzlumların haqqını onlardan alırsan. Bu məsələdə uzaq (biganə) ilə yaxın sənin üçün bərabərdir.” Sənin işin haqq, doğru və mehribanlıq, kəlamın qəti hökm, əmrin helm və qəti qərar, rəy və nəzərin elm və ehtiyat idi. Din (haqq) səninlə möhkəmləşdi, çətin işlər sənin əlinlə asanlaşdı, müharibə odu (fitnələr) söndü, iman gücləndi, İslam bərpa oldu və sənin müsibətin insanları sarsıtdı. Biz Allah tərəfindən gəlmişik və Allaha tərəf də qayıdacağıq! Allah səni qətlə yetirənə lənət etsin. Allah səninlə müxalifətçilik edənə lənət etsin! Allah sənə iftira yaxana lənət etsin! Allah sənə zülm və haqqını mənimsəyənə lənət etsin! Allah bu hadisəni eşidib sevinən şəxsə lənət etsin! Biz Allah dərgahında onlara nifrət edirik. Allah səninlə müxalifətçilik edən, vilayətini danan, sənin əleyhinə əlbir olan, səni qətlə yetirən, səndən üz çevirib səni yalqız qoyan camaata lənət etsin! Həmd olsun Allaha ki, cəhənnəmi onların yeri təyin etdi və ora daxil olanlar üçün necə də pis yerdir! Ey Allahın və Rəsulunun (Allahın salamı olsun ona və Əhli-beytinə) vəlisi, şəhadət verirəm ki, sən dini təbliğ etdin, vəzifəni yerinə yetirdin ( və xeyirxahlıq göstərdin). Şəhadət verirəm ki, sən Allahın həbibi (tərəfdarı), (rəhmət) qapısı, tərəfdarı (həbibi), Ona doğru getmək üçün surəti, Onun yolu, bəndəsi və Peyğəmbərinin (Allahın salamı olsun ona və Əhli-beytinə) qardaşısan. Səni ziyarət etmək üçün qapına gəlmişəm. Çünki sənin Allah və Rəsulunun yanında böyük məqamın var. Mən səni ziyarət etməklə Allaha yaxınlaşır və beləcə, şəfaətinə müştağam. Sənin şəfaətinlə canım cəhənnəm odundan nicat tapır. Cəhənnəm odundan sənə pənah gətirmişəm. Çiynimə yüklədiyim günahlardan qaçıram. Ah-nalə etdiyim və Rəbbimin rəhmətinə ümid bəslədiyim halda, sənə üz tutmuşam. Mənə şəfaət etmək üçün qapına gəlmişəm, ey Allah dərgahında mənim mövlam, sənin vasitənlə Allahın dərgahına yaxınlaşıram ki, hacətlərimi rəva etsin. Elə isə mənə şəfaətçi ol, ey Allahın dərgahında möminlərin əmiri! Həqiqətən, mən Allahın bəndəsi, sənin dostun və zəvvarınam. Sənin Allah dərgahında məlum məqamın, böyük dərəcən və məqbul şəfaət məqamın var. İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir! Bəndən, vəfalı əmanətdarın, möhkəm ipin, uca (qüdrətli) əlin, gözəl adın, insanlara höccətin, ən böyük düzdanışan bəndən, vəsilərin sərvəri, övliyaların dayağı, seçilmişlərin pənahı, möminlərin əmiri, təqvalıların rəhbəri, düzdanışanların öndəri, salehlərin imamı, çirkinliklərdən, xətalardan, eyiblərdən və şəkk-şübhədən uzaq və pak olan, Peyğəmbərinin qardaşı, Rəsulunun canişini, onun yatağında yatıb, canını onun yolunda fəda edən, qəm-qüssəni onun çöhrəsindən uzaqlaşdıran, onun peyğəmbərliyi üçün qılınc, risaləti üçün möcüzə, höccəti üçün aydın dəlil, bayrağını daşıyan, canına sipər, ümmətinə hidayətçi, döyüşlərdə onun üçün qüdrətli əl, başının tacı, köməyi üçün qapı və qələbəsi üçün açar seçdiyin və hətta Öz köməyinlə şirk qoşunlarını məğlub, əmrinlə küfr qoşunlarını məhv edən, canını Sənin və Rəsulunun razılığı yolunda qurban verən, ona itaətə vəqf etdiyin və çətinlikləri müqabilində sipər seçdiyin şəxsə salam yetir ki, o həzrət (Allahın salamı olsun ona və Əhli-beytinə) onun əli üstə ikən canını Allaha tapşırdı və onun soyuqluğunu götürüb öz üzünə çəkdi (əlini o həzrətin pak cəsədinə sürtüb üzünə çəkdi). Sənin mələklərin də onun qüsl, kəfən və dəfn işlərində ona yardım etdilər. Ona namaz qılıb cənazəsini dəfn etdi, borclarını ödədi, vədinə əməl etdi, əhd-peymanına sadiq qaldı, eynilə onun kimi rəftar etdi, vəsiyyətini qorudu, özünə köməkçi tapdıqda, müstəqil olaraq xilafət işləri ilə məşğul oldu, imamət və rəhbərliyin ağır məsuliyyətini öhdəsinə götürdü, bəndələrin arasında hidayət bayrağını dalğalandırdı, şəhərlərinə əmniyyət libasını geyindirdi, insanlar arasında haqq-ədaləti genişləndirdi, kitabınla hökm yürütdü, cəza tədbirlərini icra etdi, küfrün kökünü qırdı, əyrilikləri islah etdi, fitnələri yatırtdı, süstlükləri aradan qaldırdı, boşluqları doldurdu, əhdini pozanlar, zülmkarlar və dindən çıxanları qətlə yetirdi, Rəsulullahın (Allahın salamı olsun ona və Əhli-beytinə) yolu və gözəl rəftarından əl çəkmədi, onun sünnəsinə iqtida etdi, hümmətindən yapışdı, yolu ilə getdi, o həzrətin işlərinin nümunəsi və ülvi məqsədlərini gözündən yayındırmadı, bəndələrini həmin işlərə dəvət etdi və nəhayət, başına dəyən qılınc zərbəsi ilə qanına boyandı. İlahi, o, Sənə itaətdə heç vaxt şəkki yəqindən üstün bilmədiyi və bir göz qırpımı qədər Sənə şərik qoşmadığı kimi, Sən də ona elə bir salam yetir ki, pakizə və üstün olsun, onu cənnətdə peyğəmbərlik məqamına qovuşdursun. Bizim tərəfdən də ona salam çatdır və bizə də onu sevdiyimiz üçün Öz dərgahından fəzl, ehsan, məğfirət və razılıq əta et ki, həqiqətən, Sən böyük fəzl sahibisən! Sənə and verirəm Öz rəhmətini, ey rəhmlilərin ən rəhmlisi!
Sonra zərehi öp, əvvəl öz sağ üzünü, sonra sol üzünü qoy ona və sonra üzünü qibləyə tərəf çevir və ziyarət namazı qıl. Namazdan sonra nə istəyirsən dua edib həzrət Zəhranın (s) təsbehini çevir və de:
İlahi, Sən məni peyğəmbər və rəsulun Məhəmmədin (Allahın salamı olsun ona və Əhli-beytinə) dili ilə müjdələyib buyurdun: "İman gətirənləri (yaxşı əməllərinə görə) Rəbbi yanında gözəl mükafat gözlədiyi ilə müjdələ!” İlahi, mən Sənin bütün peyğəmbərlərin və elçilərinə (Sənin salamın olsun onlara) iman gətirmişəm. Bəs, onları tanıdıqdan sonra məni insanların müqabilində rüsvayçılığıma səbəb olacaq yerdə yerləşdirmə, əksinə məni onlarla bir məkanda saxla, onları təsdiq etdiyim halda dünyadan apar! İlahi, Sən onları Öz kəramətinə məxsus və məni də onlara itaətə əmr etdin! İlahi, mən Sənin bəndən və zəvvarınam, Sənin Peyğəmbərinin qardaşını ziyarət etməklə Sənə yaxınlaşıram. Görüşünə gedilən və ziyarət olunan şəxsin boynunda görüşünə və ziyarətinə gələn şəxsin haqqı var və Sən görüşünə gedilənlərin ən yaxşısı və ziyarət olunanların ən kəramətlisisən! Belə isə, ey Allah, ey bağışlayan, ey mehriban, ey ehsan edən, ey şövkət sahibi, ey yeganə və ehtiyacsız Allah, ey doğmayan və doğulmayan, ey tayı-bərabəri olmayan, ey Özünə həyat yoldaşı və övlad götürməyən, Səndən istəyirəm ki, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam göndərəsən, mənə də Peyğəmbərinin qardaşını ziyarət etdiyim üçün cəhənnəm odundan qurtuluşu töhfə verəsən, məni xeyir işlərə doğru tələsən, şövq və qorxu ilə Səni çağıran və dərgahında təvazökarlıq edib boyun əyənlər sırasına qatasan! İlahi, sərvərim Əli ibn Əbu Talibin ziyarətini, ona məhəbbət və mərifəti mənə nəsib edərək minnət qoydun! Elə isə məni onun dostları və ona yardım edənlərdən təyin et və mənə Öz dininə yardım etməyi qismət edərək minnət qoy! İlahi, məni onun şiələri zümrəsində yaz və onun dinində (olduğum halda) dünyadan apar! İlahi, Sənə layiq olan tərzdə rəhmət, razılıq, məğfirət, ehsan və bol, halal və pak ruzini mənə vacib et, ey mehribanların ən mehribanı! Həmd aləmlərin Rəbbi Allaha məxsusdur!
Müəllif deyir: -”Mötəbər bir rəvayətdə deyilir ki, həzrət Xızır (ə) həzrət Əmirəl-möminin Əlinin(ə) şəhadət günündə ağlayan halda və "İnna lillahi və inna iləyhi raciun” ayəsini oxuyan halda sürətlə gəldi. Həzrət Əmirəl-mömininin (ə) qapısında dayandı və sonra dedi:
Allah sənə rəhmət etsin, ey Əbülhəsən! Sən insanlar arasında İslamı qəbul edən ilk şəxs, iman baxımından onların ən xalisi, yəqin baxımından ən möhkəmi və onların arasında Allahdan ən çox qorxanısan!...
Daha sonra o həzrətin bu ziyarətnamədə olan ibarətlərə uyğun bir çox fəzilətlərini saydı. Deməli, belə gündə bu ziyarətnamə oxunsa da münasibdir və bu cümlələr əsl mənada şəhadət gününün ziyarətnaməsinin yerinədir. Müraciət etmək istəyənlər "Hədiyyə” kitabına baxa bilərlər.
Bil ki, biz bundan əvvəl "Məbəs gecəsinin əməlləri” fəslində Rihlə ibni Bətutə adlı şəxsdən söz açmışdıq ki, o bu müqəddəs məkana da aid edilir. İstəyənlər müraciət edə bilərlər.
Kitabın adı: Məfatihul Cinan