Əli-dən (ə) soruşun
Var xəbərdə dedi insanlara Mövla, soruşun!
Açaram olsa əgər hər nə müəmma soruşun!
Soruşun hər nə dilərsiz, mənə gəlməz müşkül,
Nədi hikmət, nədi surət, nədi mə' na, soruşun!
Cəhli nöqsandi bəni - adəmə, elm isə şərəf,
Ya qalın siz bu cəhalətdə belə, ya soruşun!
Xilqəti - ərzü səma, cinnü mələk, ya insan,
Nədi tərkibi, nədi illəti - illa, soruşun!
Elmdən min qapı açmış mənə Peyğəmbər özü,
Açılır hər qapıdan min qapı guya, soruşun!
Nədi Qur' anda Əlif, Lam ilə Mim, Nun ilə Qaf,
Nədi əsrari - hüruf Yasinü Taha soruşun!
Ərşin üstə yerin altında nə var mən bilirəm.
Nədi bu seyri - fələk, ərşi - müəlla soruşun,
Necə Me'raca gedib leylətül - əsradə Rəsul,
Nədi keyfiyyəti -sirri -şəbi - yelda soruşun!
Hər şeyin sirrini, mahiyyətini, fitrətini,
Nə sual olsa qətiyyən demərəm "La" soruşun!
Əli olmuş bu sözə müddəi get tarixə bax,
Olub əlbəttə deyən başqası rüsva, soruşun!
Sığınıb lütfünə ey Şahi - Vilayət yazıram
Nədi şe'rindəki Talib bu təmənna soruşun!