On səkkizinci: Yüz il oruca bərabər iki rəkət namaz
Peyğəmbərdən nəql olunur ki, əgər Rəcəb ayının bir gecəsində yüz dəfə "İxlas”surəsini iki rükətdə desə, yüz il orucun savabı ona verilər və Allah taala ona cənnətdə yüz ədəd hər biri bir peyğəmbərin kənarında olan saray verər.
On doqquzuncu: On rəkət namaz
Yenə də peyğəmbərdən nəql olunur ki, Rəcəb ayının gecələrinin birində on rükət namaz qılın, hər rükətdə "Həmd”dən sonra bir dəfə "Kafirun” surəsini və üç dəfə "İxlas” surəsini oxuyun. Allah taala bütün günahlarınızı bağışlayar...
İyirminci: Bu ayda edilən zikrlər
Ərəbcə
عَظُمَ الذَّنْبُ مِنْ عَبْدِكَ فَلْيَحْسُنِ الْعَفْوُ مِنْ عِنْدِكَ
Oxunuşu
Əzuməz zənbu min əbdik, fəl yəhsunil əfvu min indik.
Tərcüməsi
Əllamə Məclisi "Zadul-məad”da Əlinin(ə) peyğəmbərdən belə nəql elədiyini yazır:- "Hər kim bu üç ayın (Rəcəb, Şəban, Ramazan) gecəsində, ya gündüzündə "Həmd”i, "Ayətəl-kürsin”i, "Kafirun” surəsini, ”Fələq” surəsini, "Nas” surəsini bir dəfə oxuya, "Subhanəllahi vəl həmdu lillahi vəla ilahə illəllahu vəllahu əkbəru və la həvla və la quvvətə illa billahil əliyyil əzim” zikrini üç dəfə, üç dəfə salavat çevirə, üç dəfə "Əllahumməğfir lil mu`mininə vəl mu`minat” və dörd yüz dəfə "Əstəğfirullahə rəbbi və ətubu iləyh” -deyə Allah taala onun günahlarını yağış damcıları, ağacların yarpaqları və dənizlərin dibi qədər olsa belə bağışlayar... Məclisi başqa yerdə buyurur ki, hədislərdə bu ayın hər gecəsində min dəfə "La ilahə illəllah” demək gəlmişdir. Bil və agah ol ki, bu ayın ilk cüməsinə "Leylətur-rəğaib” deyirlər. Peyğəmbərdən onun haqqında çoxlu savabı olan əməllər nəql olunmuşdur. İbni Tavus "İqbal”da, Əllamə "İcazətu Bəni Zöhrə”də nəql ediblər, o cümlədən, fəzilətlərin biri də çoxlu günahların bağışlanmasına səbəb olur. Əməllərdən ən əsası namazdır ki, qəbir evinin birinci gecəsi Allah onun savabını ona yollayar. Namaz da gözəl sima, açıq-aydın üz, şirin dillə ona deyər:- "Ey mənim dostum, sənin bütün əzab-əziyyətdən xilas olmağını sənə müjdə verirəm.” O, deyir:- "Sən kimsən? Allaha and olsun ki, mən sənin simandan gözəl sima, sənin dilindən şirin dil, sənin iyindən ətirli iy görməmişəm.” Namaz deyir:- "Mən sənin filan il, ay, gecə qıldığın namazam. Gəlmişəm sənin haqqını verim, səni tənhalıqdan və vəhşətdən çıxardım. Qiyamət günü Sur üfürülən zaman mən sənin üstündə gölgən olacağam. Sevin, xeyir-bərəkət səndən heç vaxt azalmayacaq.” Namaz belədir; ayın ilk cümə axşamın oruc tutursan, elə həmin axşam məğrib və işa namazları arasında on iki (iki-iki) rükət, hər rükətində "Həmd”dən sonra üç dəfə "Qədr”surəsi, on iki dəfə "İxlas” surəsi ilə, namazı qurtardıqdan sonra yetmiş dəfə: "Əllahummə səlli Muhəmmədinin nəbiyyil ummiyi və əla alih” -deyirsən. Sonra səcdəyə gedib yetmiş dəfə "Subbuhun Quddus, Rəbbul məlaikəti vər ruh”, sonra başını səcdədən qaldırıb yetmiş dəfə "Rəbbiğfir vərhəm və təcavəz əmma tə`ləmu innəkə əntəl əliyyul ə`zəm”, sonra yenə səcdəyə gedib yetmiş dəfə "Subbuhun Quddus, Rəbbul məlaikəti vər ruh.” Sonra öz hacətlərini istə, inşallah tezliklə rəva olar. Bil ki, bu ayda İmam Rzanın(ə) ziyarəti müstəhəbdir, xüsusi ilə, necə ki, ümrənin bu ayda fəziləti var. Hədisdə savabda həcdən sonra gəldiyi deyilir. Hədisdə deyilir ki, Həzrət İmam Zeynulabidin(ə) Rəcəb ayında ümrədə idi, gecə-gündüz Kəbə yaxınlığında namaz qılırdı. Həmişə də səcdədə idi və səcdədə bu zikir həzrətdən eşidilirdi:
(İlahi,) Sənin bəndəndən baş verən günah böyük olsa da, Sənin tərəfindən olan əfv daha bəyəniləndir!
Kitabın adı: Məfatihul Cinan