Günahın sərhədlərini tanımaq günah haqqında edilən mühüm bəhslərdən biridir. Başqa sözlə, bə’zi hallarda yaxşı işləri pis işlərdən ayırmaq çətindir. Elə buna görə də bə’zi şəxslər günahların sərhəddini tanımadıqları üçün günah işləri həqiqi əməl kimi görüblər. Və yaxud əksinə; çox yaxşı və bəyənilən bir işi günah bilib tərk ediblər. Nəticədə belə səhvlər onların həyatına çox pis tə’sir bağışlayıb. Əvvəlcə biz xülasə şəkildə bu bəhsdə olan bir neçə ünvana işarə edəcəyik. Sonra isə bunlardan birini geniş şəkildə araşdıracağıq.
Sərhədləri yaxın olan aşağıdakı bir neçə ünvana diqqət yetirək:
1. Zəlil olmaq; - Təvazökarlıq etmək.
2. Vüqarlı və izzətli olmaq; - Təkəbbürlü və lovğa olmaq.
3. Dünyaya vurğun olmaq; - Siyasətçi olmaq.
4. Paxıllıq (həsəd); - Qənaət.
5. Sükut; - Özünü ələ almaq.
6. Qorxmazlıq; - Şücaət
7. Təbii ehtiyacları tə’min etməmək; - İsmətli olmaq.
8. İsrafçılıq; - Səxavətli olmaq.
9. Müsavat; - Ədalət.
10. Tərki-dünyalıq; - Dünya yaşayışına vurğun olmamaq.
11. Tənbəllik; - Allaha təvəkkül etmək.
12. Yaltaqlıq; - Başqasını doğrudan tə’rifləmək.
13. Rüşvət; - Hədiyyə.
14. Başqasının zülmünə təslim olmaq; - Məcburi təslim olmaq.
15. Qeybət etmək; - Pis adamları ifşa etmək.
16. Haqq qarşısında dayanmaq; - Nahaq qarşısında mübarizə etmək.
17. Dünya malına həris olmaq; - Ailə-uşağının ehtiyaclarını ödəmək üçün çalışmaq.
18. Aciz olmaq; - Səbirli olmaq.
Çox vaxt bə’zi şəxslər söylədiyimiz bu xarakterləri bir-biri ilə səhv salırlar. Misal üçün, qənaət adı ilə paxıllıq edirlər. Səxavətli olmaq adı ilə israfa yol verirlər. İzzətli və vüqarlı olmaq adı ilə lovğa olurlar. Təvazökarlıq adı ilə başqasının əlində zəlil olurlar. Özünü ələ almaq adı ilə sükut edib haqqı müdafiə etməkdən çəkinirlər. Və yaxud bir şəxsi düzgün tə’rifləmək adı ilə yaltaqlıqa düçar olurlar. Çox təəssüflər olsun ki, belə səhvlər cəmiyyətdə tez-tez baş verir. Bu məsələni geniş şəkildə tədqiq etmək bu kitabın imkanları daxilində deyil. Lakin dediyiniz kimi, söylədiyimiz ünvanlardan birini burada geniş surətdə araşdırırıq:
Dünya yaşayışından tam üz döndərmək və dünya yaşayışına vurğun olmamaq:
İslam dinində zahidlik, yə’ni dünya malına və yaşayışına vurğun olmamaq çox gözəl, bəyənilən bir xislətdir. Həmçinin bu dində dünyadan üz döndərmək (tərki-dünyalıq) və rahiblik bəyənilmir.
İmam Əli (ə) buyurur:
طُوبى لِلزَّاهِدينَ فِي الدُّنْيا، الرَّاغِبينَ فِي الاْخِرَةِ
«Xoş o kəslərin halına ki, bu dünyanın yaşayışına vurğun deyillər. Lakin axirət həyatına meyillidirlər».
Qeyd etdiyimiz kimi islam dinində rahiblik də rədd edilir Bu barədə aşağıdakı hədisə diqqət yetirək:
Osman ibn Məz’unun arvadı Peyğəmbərin (s) hüzuruna gəlib ərindən şikayət edərək ərz edir: Osman gündüzlər oruc tutur, gecələr isə ibadətlə məşğul olur. (Ailə yaşayışına qarşı e’tinasızdır.)
Peyğəmbər (s) bu sözü eşidəndə əsəbiləşir və birbaşa Osmanın evinə gedib onu namaz qılan halda görür.
Osman namazı qurtardıqdan sonra Peyğəmbər (s) ona xitab edib deyir:
يا عُثْمانُ لَمْ يُرْسِلْنِيَ اللهُ بِالرُّهْبانِيَّةِ وَلكن بَعَثَني بِالْحَنِيفِية السَّمْحَةِ، اَصُومُ وَاُصَلِّي وَالْمِسُ اَهْلِي...
«Ey Osman! Allah məni röhbaniyyəti (səhralar dağlara çəkilib ibadət etməyi) təbliğ etməyə göndərməyib. Məni, asan və təbii olan təkallahlıq dinini təbliğ etmək üçün peyğəmbər seçib. Namaz qılıram, oruc tuturam və həyat yoldaşımla da əlaqədə oluram. Deməli, mənim dinimi istəyənlər mənim yolumla getməlidirlər».
Mə’lum olur ki, zahid olmaqla dünyanı tam tərk etməyin arasındakı fasilə çox azdır. Elə buna görə də İslam tarixində çox şəxsiyyətlər zahidlik adı ilə dünyadan, siyasətdən və maddi ne’mətlərdən əl çəkib rahiblik-asket həyat tərzini seçiblər. Onlar islam dinində bəyənilən zahidlərin həqiqi simasını dəyişdirib, İslam Peyğəmbərinin (s) rədd etdiyi yola çəkiliblər. Başqa sözlə, zahid olmaq dünyanı tərk etmək yox, dünyaya vurğun olmamaq mə’nasındadır.
İbrahim Ədhəm və Bayəzid Bəstani kimi şəxslərin dünyanı tərk etmələri İslamın dediyi zahidlik deyil. İslam dinində tövsiyə olunan zahidlik İmam Əlinin (ə) simasında və onun həyatında görmək mümkündür. O Həzrət ən böyük zahid olmaqla eyni zamanda, siyasi və ictimai sahələrdə tam fəal idi. Gecələri ibadət etməklə bərabər gündüzləri əkinçilik edirdi. İmam Əli (ə) dünya həyatını axirət həyatına bir körpü və vasitə bilirdi. Kəlamlarının birində zahid olmağı belə izah edir:
اَلزَّهْدُ كُلُّهُ بَيْنَ كَلِمَتَيْنِ مِنَ الْقُرْآنِ، قالَ اللهُ سُبْحانَهُ لِكَيْلا تَأْسُوْا عَلى ما فاتَكُمْ وَلا تَفْرَحُوا بِما آتاكُمْ
«Zahid olmağın bütün həqiqəti Qur’anın iki cümləsində gəlib. (Allah-təala buyurur:) Keçmişə təəssüflənməyin, gələcəkdə gələnə isə sevinməyin».
İmam Əli (ə) bu qanunla bizə öyrətdi ki, zahidliklə dünyanı tərk etməyin fərqini bilək. Çünki bunların fərqini bilməmək bə’zilərini, çox şəxsiyyətləri, hətta mə’sum İmamı tənqid etməyə vadar edib. Nümunə olaraq bu hədisə diqqət yetirək:
Məhəmməd ibn Münkədir deyir: «İsti yay günlərinin birində Mədinə şəhərindən çıxdım. Əkin sahələrinin birində İmam Baqiri (ə) yorulmadan işləyən gördüm. Öz-özümə dedim: Qüreyş qəbiləsinin ən böyük şəxsiyyətlərindən biri belə isti havada dünya malının dalıncadır. Gedib ona nəsihət verməliyəm. O Həzrətin hüzuruna gəlib salam verdim. Onun üz-gözündən tər damcılarının axdığını gördüm. Ona dedim: Allah sənə kömək olsun! Belə bir isti havada Qüreyşin şəxsiyyətlərindən birisinin dünya malı dalınca düşməsi düzdürmü? Bu halda sənin əcəlin çatsa, Allaha nə cavab verərsən»?
İmam mənim cavabımda buyurdu: «Mənim əcəlim bu halda çatsa, Allaha ibadət edən halda dünyadan gedəcəyəm. Çünki mən bu işimlə özümü və ailəmi sənə və başqalarına möhtac olmağa qoymuram. Mənim qorxum ondadır ki, Allaha günah edən zaman əcəlim çatsın».
Məhəmməd ibn Münkədir deyir:
O Həzrətin bu cavabını eşidəndə dedim:
صَدَقْتَ يَرْحَمَكَ اللهُ، اَرَدْتُ اَنْ اَعِظَكَ فَوَعَظْتَنِي
«Düz dedin, Allah öz rəhmətini sənə şamil etsin. Sizə nəsihət vermək istədim, lakin siz mənə nəsihət verdiniz».
Başqa bir hədisdə oxuyuruq:
Əbu Bəsir deyir: İmam Sadiqdən (ə) eşitdim ki, buyururdu:
اِنّي لاَعْمَلُ فِي بَعضِ ضِياعي حَتّى اَعْرَقَ، وَاِنَّ لِي مَنْ يَكْفِينِي، لِيَعْلَمَ اللهُ عَزَّ وَجَلَّ اِنّي اَطْلُبُ الرِّزْقَ الْحَلالِ
«Mən bə’zi əkin sahələrimdə elə işləyirəm ki, bədənimdən tər axır. Halbuki, bu işi mənim üçün görənlər də var. Lakin bu işi özüm öhdəmə alıram ki, Allah-təala mənim halal ruzi qazanmağımı görsün».
Bütün qeyd edilənlərdən belə nəticəyə gəlirik ki, zahid olmaq dünyada qazanc üçün çalışmaqla ziddiyyətdə deyil. Bunların hər ikisi bir həyat qurmaq üçün lazımdır.
Kitabın adı: Günahşünaslıq
Müəllif: Möhsin Qəraəti