Quranda itraf və mütrəf kəlmələri
Qur’anda «itraf» və «mütrəf» kəlmələri 8 dəfə təkrar olunmuşdur: «Mütrəf» sözü «tərfə» sözündən tutulub. «Tərfə» sözünün mə’nası ne’mət artıqlığıdır. Mütrəf isə ne’mət çoxluğundan məst olub Allaha asi olan şəxsə deyilir.
«Səbə’» surəsinin 34-cü ayəsində oxuyuruq:
وَما اَرْسَلْنا فِي قَرْيَة مِنْ نَذير اِلاّ قالَ مُتْرَفُوها اِنّا بِما اُرْسِلْتُمْ بِهِ كافِرونَ
«Biz hansı bir şəhərə xəbərdarlıq eləyən elçi göndərmişiksə, oranın varlı olan başçıları «biz sizinlə göndərilən şeyləri danırıq» -demişlər.»
Qur’anda insanı bu cür məst edib günaha tərəf çəkən sərvət pislənib. Bu cür varlı şəxslərə isə şiddətli surətdə xəbərdarlıq edilib. «Qəsəs» surəsinin 58-ci ayəsində oxuyuruq:
وَكَمْ اَهْلَكْنا مِنْ قَرْيَة بَطِرَتْ مَعِشَتَها فَتِلْكَ مَساكِنُهُمْ لَمْ تُسْكَنْ مِنْ بَعْدِهِمْ اِلاّ قَلِيلاً
«Keçirdiyi güzərana naşükür olan neçə-neçə şəhəri yer üzündən yox elədik. Odur evləri! Onlardan sonra bu evlərdə az-az qalarlar».
«Təkasür» surəsinin birinci ayəsində oxuyuruq:
اَلْهاكُمُ التَّكاثُر
«(Mallarınızı, canlarınızı) çoxaltmaq işi sizləri qafil etdi».
İslam Peyğəmbəri (s) mal-dövlət toplamaq barədə buyurur:
التَّكاثُر (فِي) الاَْمْوالِ جَمْعُها مِنْ غَيْرِ حَقِّها وَمَنْعُها مِنْ حَقِّها، وَشَدُها فِي الاَْوْعِيَةِ
«Malını çoxaltmaq-sərvəti haram yoldan yığıb haqqını verməmək və sandıqlarda saxlamaq deməkdir».
Yoxsulluğun günahla əlaqəsi
Yoxsulluq günaha zəmin yaradan bir amildir. Hədislərdə bə’zi vaxtlar yoxsulluq bəyənilib, bə’zi vaxtlar isə pislənibdir. Pislənən yoxsulluq, iqtisadi cəhətdən yoxsul olmaqdır. Elə bir yoxsulluq ki, ya varlıların kasıblara müsəllət olmasından, ya da insanın özünün tənbəlliyindən irəli gəlir.
Yoxsul ehtiyac üzündən narkotik maddələrə qurşanmaq və oğurluq kimi günahlara çəkilə bilər. Atalar demişkən «Acın imanı olmaz». Deməli, cəmiyyətimizi günahdan təmizləmək istəsək, yoxsulluqla ciddi mübarizə aparmalıyıq.
Burada İmam Əlidən (ə) bir neçə hədisə diqqət yetirək.
1. İmam Əli (ə) buyurur:
اَلْفَقْرُ اَلْمَوْتُ الاْكْبَرُ
«Yoxsulluq böyük ölümdür».
2. O həzrət oğlu Məhəmməd Hənəfiyyəyə buyurur:
«Oğlum! Sənin yoxsul olmağından qorxuram. Ondan Allaha pənah apar! Çünki yoxsulluq, insanın dinini naqis, fikrini nigaran, camaatı ona və onu camaata bədbin edər».
3. Başqa bir hədisdə buyurur:
اَلْقَبْرُ خَيْرٌ مِنَ الْفَقْرِ
«Qəbrə getmək yoxsul olmaqdan yaxşıdır.»
Kitabın adı: Günahşünaslıq
Müəllif: Möhsin Qəraəti