Şiələrin Peyğəmbərdən (s) nəql etdikləri hədislər
◘Doqquz şeyin doqquz afəti var: danışığın afəti yalan, elmin afəti unutmaq, helmin afəti ağılsızlıq, ibadətin afəti süstlük, xoş təbiətli olmağın afəti boşboğazlıq, şücaətin afəti zülm, səxavətin afəti minnət, gözəlliyin afəti lovğalıq, əsil-nəcabətin afəti iftixardır.
◘Peyğəmbər (s) Xeybərin fəthindən sonra üzünü müsəlmanlara tutub onları doqquz şeydən çəkindirdi: zina müqabilində muzd ödəmək, heyvanları pul müqabilində cütləşdirmək, qızıl üzük taxmaq, itə qiymət qoymaq (ov iti, çoban iti, evi və bağ-bostanı qoruyan itlər istisnadır.), ipək paltar geymək, yırtıcı heyvanların ətindən istifadə etmək, qızılı qızıla, gümüşü gümüşə satarkən artıq-əskikliyə yol vermək, uğur və nəhs işləri və s. məsələləri təhqiq etməkdən ötrü astronomik araşdırmalar aparmaq.
◘Mənim ümmətimə doqquz şeydən günah yazılmaz: Səhv, unutqanlıq, zorla məcburiyyət, qüdrəti çatmadığı şeydən ötrü, zərurət, ürəyə pis şey gəlmək (məqsəd budur ki, bu cür şeylərin, məsələn, səfərə çıxarkən qarşısında qara pişik keçməyin və s. bu kimi işlərin günahı bağışlanmışdır, lakin, bunlara e`tina etmək olmaz.) və qəlbə gələn vəsvəsələr, məsələn, hər hansı bir şəxs barədə pis fikirləşmək, bu da nə qədər ki dilə gəlməyib, günah hesab olunmaz.
◘Allah-təala İslamı mənim əlimlə rövnəqləndirdi, Qur`anı mənə nazil etdi. Kə`bəni mənim əlimlə açdı, məni bütün insanlardan üstün etdi, dünyada məni bəşərin sevinc və şadlıq vasitəsi, Qiyamət günündə isə məhşərdə toplaşan insanların ziynəti qərar verdi, məndən qabaq behiştə daxil olmağı bütün peyğəmbərlərə, eləcə də, bütün ümmətlərə mənim ümmətimdən qabaq haram etdi. Məndən sonra canişinliyi Qiyamətə qədər əhli-beytimə həvalə etdi və mənim dediyim hər bir şeyə qarşı çıxan şəxs Allaha qarşı kafir olmuşdur.
◘Cabir deyir: "Bir gün Həzrət Peyğəmbərin (s) hüzurunda idim. Üzünü Əliyə (ə) tutub buyurdu: "Ey Əbəlhəsən! İstəyirsənmi ki, sənə bir müjdə verim?” Əli (ə) ərz etdi: "Bəli, əlbəttə, ya Rəsuləllah!” Peyğəmbər (s) buyurdu: "Elə indicə Cəbrail nazil olub Allah tərəfindən xəbər gətirdi ki, sənin şiələrinə doqquz imtiyaz verilib: ölüm zamanı rahatlıq və xoş münasibət, vəhşət zamanı qəlbi aramlıq, (axirət və qəbir) qaranlığından nur, (Qiyamət) qorxusundan amanda olmaq, əməllər haqq-hesab olunarkən fəzl və kərəm, Sirat körpüsündən asanlıqla keçmək, behiştə digər insanlardan qabaq daxil olmaq və nəhayət, nurları öndən və sağdan onlara doğru tələsər.”
◘Allah-təala mənə doqquz şey tapşırıb, mən də onları sizə tövsiyə edirəm: gizlində də, aşkarda da ixlaslı olmaq, qəzəbli olanda da, halın xoş olduğu vaxtda da ədalətli olmaq, yoxsul olanda da, varlı olanda da iqtisada riayət etmək, zalımı bağışlamaq, məni məhrum edənə əta etmək, məndən əlaqəni kəsənlə əlaqə yaratmağa çalışmaq, sükutumun təfəkkür, danışığımın zikr və baxışımın ibrət olmasını.
◘Bir gün bir yəhudi öz dostuna dedi: "Gedək bu peyğəmbəri görək.” Dostu dedi: "Peyğəmbər demə. Çünki eşitsə öz-özünə fəxr edər.” Onlar Peyğəmbərin (s) hüzuruna gəlib soruşdular: "Doqquz açıq-aşkar hökmü olan ayə hansılardır? "Peyğəmbər (s) buyurdu: "Allaha şərik qoşmayın, israf etməyin, zina etməyin, Allahın möhtərəm bildiyini nahaqdan öldürməyin, günahsızı öldürmək üçün qoluzorluların çənginə verməyin, cadu ilə məşğul olmayın, pakdamən qadınlara böhtan atmayın, döyüşdən qaçmayın və xüsusən, siz israillilər, şənbə günü həddi aşmayın.” Yəhudilər Peyğəmbərin (s) əlindən öpüb onun peyğəmbərliyinə şəhadət verdilər.
Kitabın adı: Nəsihətlər (On dörd məsumun (ə) buyurduqları və min bir hikmətli söz)
Müəllif: Ayətullah Meşkini