Qanuna ehtiram və bid’ətin günah olması
Müqəddəs islam dinində qanuna ehtiram göstərmək ən mühüm məsələlərdən biridir. Hər bir kəs qanuna e’tinasızlıqdan və yaxud qanuna əl gəzdirib onu dəyişdirməkdən ciddi surətdə çəkinməlidir. Bu məsələ islam dinində o qədər əhəmiyyətlidir ki, bu dində ilahi qanunu dəyişdirən şəxs üçün e’dam hökmü tə’yin olunmuşdur. Qanunu dəyişdirmək o deməkdir ki, bir şəxs islam dinində olan ilahi qanunlardan hər hansı birini azaltsın və yaxud özündən ona bir şey artırsın, yaxud dində halal olan bir şeyi haram və ya haram bir şeyi halal etsin. Qur’anda və hədislərdə qanuna ehtiram qoymağın əhəmiyyətli olmasına gözəl bir nümunə Əyyub peyğəmbərlə onun həyat yoldaşının həyatıdır. Orada belə oxuyuruq: "Əyyub peyğəmbər (ə) çoxlu müsibətlərə mübtəla oldu. Lakin bunların hamısına qarşı sinə gərib müqavimət göstərdi. Günlərin bir günü (həyat yoldaşının evə gec qayıtdığından) çox narahat oldu və and içdi ki, sağaldıqdan sonra həyat yoldaşını yüz şallaq zərbəsi ilə tənbeh etsin. Amma sağaldıqdan sonra həyat yoldaşının ona göstərdiyi mehribançılıqlara görə onu bağışlamaq istədi. (Lakin o bunu edə bilməzdi) Çünki o, Allaha and içmişdi. Allaha and içdikdən sonra ona əməl etmək isə bir ilahi qanundur. Onu pozmaq olmaz. Bu vaxt ona Allah tərəfindən belə xitab edildi:
وَخُذْ بِيَدِكَ ضِغْثاً فَاضْرِبْ بِهِ وَلا تَحْنَثْ اِنّا وَجَدْناهُ صابِراً نِعْمَ الْعَبْدُ اِنَّهُ اَوّابٌ
"Əyyuba dedik: Əlinə bir dəstə çubuq götür, onunla vur ki, öz andını pozmayasan», həqiqətən biz onun səbrini gördük. O, nə gözəl bəndə idi! Şübhəsiz, Allaha üz tutan idi».
Əyyub peyğəmbərin həyat yoldaşı çox mehriban və ərinə vəfalı bir qadın idi. Ona görə də onun bu xətasının cəzası yüngül oldu (və o, nazik bir xurma ağacı ilə, yüngül tənbeh olundu). Lakin o biri tərəfdən andı pozmağa və qanunsuzluğa da yol verilə bilməz. Yüngül də olsa, and yerinə yetirilməli idi. Deməli, Əyyub öz həyat yoldaşına Allah tərəfindən azaldılsa da, cəza verdi, həm də andına əməl edib, qanunu pozmadı.
İslam dinində cəza tədbirinin bu formada azaldılması bə’zi vaxtlar xəstə cinayətkarlara da şamil edilir. Bə’zi rəvayətlərdə belə oxuyuruq: Xəstə bir zinakarı Peyğəmbərin (s) hüzuruna gətirdilər. Bu vaxt o şəxsə yüz şallaq zərbəsi vurulmalı idi, (İslam dininin cəza qanunlarına əsasən). Lakin Peyğəmbər (s) yüz şaxəsi olan bir xurma budağı ilə o xəstəyə bir dəfə vurub, bununla kifayətləndi.
Hədislərin birində isə belə oxuyuruq: Qarın və budları xəstə olan bir zinakar kişini xəstə bir qadınla zina etdiyi üçün Peyğəmbərin (s) hüzuruna gətirdilər.
Peyğəmbər (s) əmr etdi:
فَاَمَرَ رَسُولُ اللهِ يَعَذْق فِيهِ شِمْراخٌ فَضَرَبَ بِهِ الرَّجُلَ ضَرْبَةً، وَضَرَبَتْ بِهِ الْمَرْئَةَ ضَرْبَةً ثُمَّ خُلِيِّا سَبِيلَهُما
«Üstündə yüz xurma yarpağı olan bir ağac gətirin. Həzrət onunla bir zərbə kişiyə, bir zərbə də qadına vurub onları azad etdi».
Bir məsələni qeyd etmək lazımdır ki, bu cür güzəştlər istisna halındadır. Başqa vaxtlar isə heç bir güzəşt yoxdur: qanun hökmən icra olunmalıdır. Hətta güzəştə getməyin vacib olduğu məqamlarda belə qanunun icrası tamamilə tərk olunmur. Çünki islam dinində qanunsuzluqlara qarşı ciddi surətdə mübarizə aparılır və əgər qanun icra olunmazsa, bütün cəmiyyət buna öz e’tirazını bildirəcəkdir.
Kitabın adı: Günahşünaslıq
Müəllif: Möhsin Qəraəti