142. Dua
670. Dua
Qur’an:
«De:Əgər sizin duanız olmasa, Rəbbim sizə heç bir dəyər verməz, əslində siz təkzib etdiniz və tezliklə (əzab sizə) yaxın olacaq.»
«Və sizin Rəbbiniz dedi: «Məni çağırın, sizə cavab verim. Mənə ibadət etməkdən boyun qaçıran kəslər tezliklə xar olmuş və ahu-zar edə-edə Cəhənnəmə daxil olacaqlar.»
Hədis:
2089. Allahın Peyğəmbəri (s): «Dua ibadətin mayasıdır (şirəsidir) və dua etməklə heç kəs həlak olmaz.»
2090. Allahın Peyğəmbəri (s) : «Dua möminin silahı, dinin sütunu, səmaların və yerin nurudur.»
2091. Allahın Peyğəmbəri (s): «İnsanların ən acizi, dua etməkdə aciz olanıdır.»
2092. Allahın Peyğəmbəri (s): «Ən üstün ibadət duadır. Allah-taala bəndəyə dua izni (və uğuru) verəndə rəhmət qapısını onun üzünə açar. Şübhəsiz ki, dua etməklə heç kəs həlak olmaz.»
2093. İmam Əlinin (ə) İmam Həsənə (ə) vəsiyyətindən: «Bil ki, dünya və axirət aləminin xəzinələrinin sahibi olan Kəs, sənə Onu çağırmağa icazə və sənin duanı qəbul etməyə zəmanət vermişdir. Sənə əmr etmişdir ki, Onu çağırasan, O da bəxş etsin. O, mehriban və bağışlayandır. Səninlə özü arasında bir hicab qoymamış və səni bir vasitəçi gətirməyə vadar etməmişdir... Sonra öz xəzinələrinin və sərvətlərinin açarı olan duanı və Ondan (nemət) istəməyi sənin ixtiyarına vermişdir. Beləliklə, sən istədiyin vaxt dua etməklə Onun xəzinələrinin qapısını açarsan.
2094. İmam Əli (ə): «Dua rəhmət qapısının açarı və qaranlıqda (işıq saçan) çıraqdır.»
2095. İmam Əli (ə): «Yer üzündə Allahın ən çox sevdiyi iş duadır.»
2096. İmam Əli (ə): «Dua möminin sipəridir.»
2097. İmam Sadiq (ə): «Sənə dua etməyi tövsiyə edirəm. Çünki onda hər dərdin şəfası var.»
2098. İmam Sadiq (ə): «Dua et və demə ki, iş işdən keçibdir (yəni, nə yazılıbsa o da olacaqdır). Həqiqətən, Allah dərgahında elə bir məqam və dərəcə var ki, ona duadan başqa heç bir vasitə ilə çatmaq olmaz.»
2099. İmam Sadiq (ə): «Dua iti silahdan daha çox təsirlidir.»
2100. İmam Rza (ə): «Peyğəmbərlərin silahından yapışın.!» Soruşdular: «Peyğəmbərlərin silahı nədir?» Buyurdu: «Dua.»
681. Dua mütləq baş verəcək alın yazısını (qəza və qədəri) dəyişdirər
2101. Allahın Peyğəmbəri (s): «Qəzanı (alın yazısını) duadan başqa heç nə qaytara bilməz.»
2102. İmam Səccad (ə): «Dua insanı nazil olan və nazil olacaq bəladan qoruyar.»
2103. İmam Kazim (ə): «Həmişə dua edin. Çünki Allah dərgahına dua edib, Ondan istəmək ilahi qəzavü-qədərdə yazılan və yalnız həyata keçməsi qalan bəlanı uzaqlaşdırar. Beləliklə, Allaha dua olunsa və Ondan istənilsə, Allah-taala bəlanı birdəfəlik geri qaytarar.»
682. Dua müxtəlif bəlaları uzaqlaşdırar
2104. Allahın Peyğəmbəri (s): «Bəla qapılarını dua ilə bağlayın.»
2105. İmam Əli (ə): «Bəla dalğalarını dua ilə geri qaytarın. Başı bəlalar çəkmiş, bəladan canı boğazına yığılmış şəxsin duaya olan ehtiyacı asudə yaşayan, ancaq bəladan amanda olmayan şəxsdən çox deyil.»
2106. İmam Sadiq (ə): «Hər kəs, ona bəla yetişə biləcəyindən narahat olarsa və bəlanın gəlişindən əvvəl dua edərsə, Allah-taala heç vaxt ona bəla göndərməz.»
683. Dua ilə hadisələri qabaqlamaq
Qur’an:
«İnsana bir zərər yetişən zaman, Rəbbinə tərəf üz tutub Onu çağırar. Sonra, Rəbbi tərəfindən Ona bir nemət əta edildikdə, bundan əvvəl etdikləri bütün duaları yaddan çıxarar və (insanları) haqq yolundan azdırmaq üçün Allaha şəriklər qoşar. De: «Hələ öz küfrünlə bir müddət (dünya həyatından) bəhrələn. (Axirətdə) Sən Cəhənnəm əhlindənsən.»
«Yaxud əli hər yerdən üzülüb çarəsiz qalan bir kimsə Onu çağıran zaman duasına cavab verən, çətinliyini aradan götürən və sizi yer üzünün varisləri edən kimdir?. Məgər Allahla yanaşı başqa bir tanrı varmı? Necə də az nəsihət götürürsünüz.»
Hədis:
2107. «Biharul-Ənvar»: Allah-taala Davuda (ə) vəhy etdi:«Xoşluqda və rahatlıqda Məni yad et ki, çətinlikdə və sıxıntıda sənin duanı qəbul edim.»
2108. Allahın Peyğəmbəri (s): «Rahatlıq vaxtı özünü Allaha tanıtdır ki, çətinlik və sıxıntı zamanı da O səni tanısın.»
2109. İmam Baqir (ə): «Layiqlisi budur ki, mömin çətinlik və sıxıntı vaxtı dua etdiyi kimi, xoşluq və rahatlıqda da elə dua etsin.»
684. Hər bir ehtiyac üçün dua etməyə təşviq
2110. «Biharul-ənvar»: «Allah-taala Musaya (ə) vəhy etdi: «Ehtiyacın olan hər bir şeyi-hətta qoyunların otunu və xəmirinin duzunu da- Məndən istə.!.»
2111. Allahın Peyğəmbəri (s): «Hər bir hacətiniz üçün, hətta ayaqqabının bağı üçün olsa belə, xahiş əlinizi Allaha doğru uzadın. Çünki Allah onu asanlaşdırmayınca, asan olmaz (yerinə yetməz).»
2112. İmam Baqir (ə): «Öz kiçik hacətlərinizi xırda və az əhəmiyyətli hesab etməyin. Çünki Allahın ən çox sevdiyi möminlər daha çox dua edən kəslərdir.»
685. Dua hacətin qəbul olunmasının açarıdır
Qur’an:
«Bəndələrim səndən Mənim barəmdə soruşduqda (söylə ki,): Mən onlara yaxınam və Məni çağıran kəsin duasına cavab verərəm. Gərək onlar da Mənim çağırışıma cavab versinlər və doğru yolu tapmaq üçün Mənə iman gətirsinlər.»
Hədis:
2113. Allahın Peyğəmbəri (s): «Allah-taala bir bəndənin xahişini yerinə yetirmək istəyəndə, ona dua etmək icazəsi (və uğuru) əta edər.»
2114. İmam Əli (ə): «Kim pak və müqəddəs olan Allahın (rəhmət) qapısını döysə, o qapı üzünə açılar.»
2115. İmam Həsən (ə): «Allah-taala kimin üzünə dua və istək qapısını açıbsa, qəbul qapısı da onun üzünə açılmışdır.»
686. Duanın qəbul olunma şərtləri
1. Mərifət (Tanımaq)
2116. İmam Sadiq (ə): «Niyə bizim dualarımız qəbul olunmur?» deyə soruşan bir dəstə adama cavabından: «Çünki tanımadığınız bir Kəsi çağırırsınız.»
2117. İmam Sadiq (ə) «Gərək Mənim də‘vətimi qəbul etsinlər və Mənə iman gətirsinlər.» ayəsi barədə buyurduqlarından: «Yəni bilsinlər ki, Məndən istədikləri şeyi, onlara verə bilərəm.»
2.Allahı tanımağın tələblərinə əməl etmək
2118. İmam Əli (ə) Allah-taala «Məni çağırın, sizə cavab verim..» buyurur, bəs biz dua etsək də, niyə dualarımız qəbul olunmur?» sualına cavabında: «Çünki sizin qəlbləriniz səkkiz xəyanət etmişdir. Onların birincisi budur ki, siz Allahı tanıdınız, amma Onun haqqını sizə vacib etdiyi kimi yerinə yetirmədiniz. Buna görə, Allahı tanımağınızın sizə bir faydası olmadı... Siz, dua qapılarını və yollarını bağlayandan sonra sizin hansı dualarınız qəbul olunar?.»
3. Halal qazanc
2119. Allahın Peyğəmbəri (s): «Həqiqətən, bəndə yeməyi haram olduğu halda əllərini dua üçün Allah dərgahını uzadır. Məgər belə halda onun duası qəbul olunarmı?!»
2120. Allahın Peyğəmbəri (s): «Qazancını halal et ki, duan qəbul olunsun. Çünki insan bir (haram) tikə ağzına qoyarsa, qırx gün ibadəti qəbul olunmaz.»
2121. İmam Sadiq (ə): «Sizlərdən hər kim dualarının qəbul olunmasını istəyirsə, öz qazancını təmiz etsin və insanların haqqını ödəsin. Qarnında haram mal və boynunda bir kəsin haqqı olan insanın duası Allah dərgahına qalxmır.»
4. Dua vaxtı qəlbin kövrəlməsi və ürəkdən dua olunması
2122. Allahın Peyğəmbəri (s): «Bilin ki, Allah-taala qafil və xəbərsiz qəlbdən gələn duanı qəbul etmir.»
2123. Allahın Peyğəmbəri (s): «Qəlbin kövrəldiyi vaxtı dua etməyi qənimət bil. Çünki qəlbin kövrəlməsi (riqqəti) rəhmətdir.»
2124. İmam Sadiq (ə): «Allah-taala daş qəlbdən gələn duanı qəbul etməz.»[2353]
2125. İmam Sadiq (ə): «Hər zaman sizlərdən birinin qəlbi kövrəlsə, dua etsin. Çünki qəlb xalis və pak olmayınca kövrəlməz.»
687. Duanın qəbul olunmasına mane olan səbəblər
1. Günah.
2126. İmam Baqir (ə): «Bəndə Allahdan bir hacət diləyən zaman Allah-taala öz şəninə görə yaxın gələcəkdə, ya bir qədər tə‘xirə salaraq onun duasını qəbul edər. Amma, bəndə sonradan günah edər. Belə olan halda Allah-taala Mələyə deyər: Onun diləyini yerinə yetirmə və onu (nemətdən) məhrum et. Çünki o, özünü Mənim qəzəbimə duçar etdi və Mənim tərəfimdən məhrumiyyətə layiq oldu.»
2. Zülm.
2127. İmam Əli (ə): «Allah-taala Məryəm oğlu İsaya vəhy etdi: Bəni İsrailin zadəganlarına de ki.... Mən sizin heç birinizin və boynunda mənim məxluqlarımın haqqı olan kəslərdən heç birinin duasını qəbul etmərəm.»
2128. İmam Sadiq (ə): «Allah-taala buyurmuşdur: And olsun izzəti-cəlalıma, əgər məzlum özünə olan zülm kimi bir zülmü başqasına qarşı edibsə, onun zalım barəsində etdiyi dua və Lənəti qəbul etmərəm.»
3. Duanın Allahın hikmətinə uyğun olmaması.
2129. İmam Əli (ə) :«Pak və müqəddəs Allahın kərəmi Onun hikmətinə zidd deyil. Buna görə hər dua qəbul olunmur.»
688. Dua etməyin qaydası
1. Bismillah demək.
2130. Allahın Peyğəmbəri (s): «Bismillahir rəhmanir rəhim»lə başlayan dua geri qaytarılmaz.»
2. Allahı (gözəl sifətlərlə) vəsf etmək.
2131. Allahın Peyğəmbəri(s): «Allahın vəsfi ilə başlanılmayan hər bir duanın axırı yoxdur (yəni, qəbul olunmaz).»
3. Məhəmmədə və onun Əhli-Beytinə salavat göndərmək.
2132. İmam Sadiq (ə): «Dua Məhəmməd və Əhli-Beytinə salavat göndərilən vaxtadək daim hicabdadır.»
2133. İmam Sadiq (ə) :«Kim Allahdan bir hacət istəsə Məhəmmədə və Əhli-Beytinə salavat göndərməklə başlasın, sonra hacətini diləsin və axırda yenə Məhəmməd və ali Məhəmmədə salavat göndərsin. Çünki Allah-taalanın şəni və şərəfi duanın əvvəlini və axırını qəbul edib, ortasını isə qəbul etməməkdən daha yüksəkdir. Belə ki, Məhəmməd və Əhli-Beytinə salavat Allahdan gizlin qalmaz.»
4.Əməli saleh insanları şəfaətçi etmək.
2134. İmam Kazim (ə): «Allahdan bir hacət istəyəndə de: «Pərvərdigara! Məhəmməd və Əhli-Beytinin haqqına Səndən istəyirəm...Çünki o ikisinin Sənin yanında (ali) məqamları vardır.»
5. Günahı e‘tiraf etmək.
2135. İmam Sadiq (ə): «(Duada) Əvvəlcə Allahı mədh etmək və sonra günahı e‘tiraf edib hacəti diləmək lazımdır.»
6. Yalvarmaq və israr.
2136. «Biharul-Ənvar»: «Allah-taalanın İsaya (ə) nəsihətlərindən:«Ey İsa! Məni qəmli halda, köməyinə heç kəs gəlməyən və suda batan şəxs kimi çağır... Məni yalnız xar, zəlil, ahu-zar edə-edə və xalis niyyətlə çağır. Məni bu halda çağırsan, sənə cavab verərəm.»[2365]
2137. İmam Hüseyn (ə) :«Allahın Rəsulu (s) dua vaxtı bir qədər yemək istəyən yazıq, dilənçi kimi əllərini göyə qaldırardı.»[2366]
7. İki rəkət namaz qılmaq.
2138. İmam Sadiq (ə): «Kim düzgün dəstəmaz alıb, iki rəkət namaz qılsa, onun rukusu və səcdələrini kamil şəkildə yerinə yetirsə, sonra salam verib Allahı, peyğəmbəri mədh etsə və hacətini istəsə yerində istəmişdir. Hər kim yerində xeyir və yaxşılıq istəsə naümid qayıtmaz.»
8. İstəyi çox bilməmək.
2139. Allahın Peyğəmbəri (s): «Allahdan istəyin və çox istəyin. Çünki Onun üçün heç nə çox və böyük deyil.»
2140. İmam Baqir (ə): «Heç vaxt xahiş və istəyi çox bilməyin. Çünki Allah dərgahında olanlar sizin düşündüyünüzdən daha çoxdur.»
9. Xahişdə alicənablıq.
2141. İmam Əlinin (ə) oğlu Həsənə (ə) vəsiyyətindən: «Allahdan özün üçün elə şey istəməlisən ki, onun gözəlliyi və xeyri sənə (əbədi) qalsın, ağırlığı və əziyyəti səndən uzaq olsun. Mal və sərvət sənə, sən də onlara qalmayacaqsan.»
2142. İmam Sadiqin (ə): «Qoca qarı Musadan (ə) nə istəmişdir?» sualına cavabından: «O qarı dedi:«Yalnız o vaxt bu işi görərəm ki, mənim üçün bir neçə əməli yerinə yetirsən. Ayağımı zirək edəsən, gözümün nurunu və cavanlığımı mənə qaytarasan və özünlə bərabər Cənnətdə mənə də yer verəsən.»
10. Hamı üçün dua etmək.
2143. Allahın Peyğəmbəri (s): «Bir nəfər dua edəndə hamı üçün dua etsin. Çünki belə etdikdə duanın qəbul olunma imkanı daha çoxdur. Kim özü üçün dua etməmişdən qabaq, qırx nəfər (mömin) qardaşı üçün dua etsə, bu dua həm onlar üçün, həm də özü üçün qəbul olunar.»
11. Gizlində edilən
2144. Allahın Peyğəmbəri (s): «Gizlində edilən bir dua, aşkarda edilən yetmiş duaya bərabərdir.»
12. Birlikdə edilən dua.
2145. İmam Sadiq (ə): «Hər zaman dörd nəfər yığılıb bir dilək üçün Allah dərgahına dua etsə, onlar duaları qəbul olunmuş halda bir-birindən ayrılarlar.»
13. Duanın qəbul olunmasına nikbin olmaq.
2146. Allahın Peyğəmbəri (s): «Duanın qəbul olunmasına əminliklə Allahı çağırın.»
2147. İmam Sadiq (ə) :«Dua edəndə elə zənn et ki, hacətin qapının astanasında dayanıb.»
14. Münasib vaxt seçmək.
2148. Allahın Peyğəmbəri (s): «Allahı çağırmaq üçün ən yaxşı vaxt sübh çağıdır.» Sonra Yaqubun (ə) sözlərini nəql edən bu ayəni oxudu: «Tezilklə Rəbbimdən sizin bağışlanmanızı istəyəcəm.» Həzrət (s) buyurdu:«Onlar üçün (dua etməyi) sübh vaxtına saxladı.»
2149. İmam Sadiq (ə): «Üç vaxtda Allah duanı geri qaytarmaz: «Vacibatı yerinə yetirəndən sonra, yağış yağan zaman və yer üzündə Allahın möcüzələrinin əlamətləri zahir olan vaxt (məsələn günəşin tutulması və s...).»
15. İsrarla istəmək.
2150. Allahın Peyğəmbəri (s): «Allah o bəndəyə rəhmət eləsin ki, bir hacət diləyən və dua edən zaman, duasının qəbul olub olunmamasından asılı olmayaraq (öz hacətini) israrla istəyir.»
2151. İmam Baqir (ə): «Allaha and olsun, ilahi dərgahdan israrla və təkidlə öz hacətini istəyən elə bir mömin bəndə olmayıb ki, Allah-taala onun hacətini yerinə yetirməsin.»
689. Dua edənin uzaqlaşmalı olduğu işlər
1. Mümkün olmayan və rəva bilinməyən şeylər üçün dua etmək.
2152. İmam Əli (ə): «Ey dua edən, mümkün olmayan və rəva bilinməyən şeyləri Allahdan istəmə.»
2. Tələsmək.
2153. İmam Sadiq (ə): «Mömin hövsələsizlik etməyib, əlini naümid halda duadan çəkənədək daim Allahın xeyir, rifah və rəhmətindədir» (Rəvayətçi deyir) Ərz etdim:«Necə hövsələsizlik edər?» Buyurdu:«Xeyli müddətdir ki, dua etsəm də, qəbul olunmasını görmürəm» deməklə»
3. Öz işində nəyin məsləhət (faydalı) olduğunu Allaha öyrətməsin
2154. Allahın Peyğəmbəri (s): «Allah-taala buyurmuşdur: «Ey Adəm övladı! Sənə verdiyim əmrə itaət et və öz işində nəyin məsləhətli olduğunu Mənə öyrətmə!.
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild