Həzrəti Əbbas (ə) növhəsi
Bir əldə ələm tutmuş, bir əldə Quran Əbbas,
Hazırdı verə canı cananə hər an Əbbas.
Leşkər eləsə hay-huy cövlanə gələr şir tək,
İzn olsa Hüseyndən gər fərmanə gələr şir tək,
Görcək susuz ətfali meydanə gələr şir tək,
Heydər kimi cəng eylər ol şiri-jəyan Əbbas.
Səqqa adını yalnız Heydər ona bəxş etmiş,
Həm ümmətə sərkərdə həm sahib-ələm seçmiş,
Yüz dəfə qolun öpmüş yüz dəfə gözün öpmüş,
Qolsuz düşəcək bir gün gözlərdə də qan Əbbas.
Üz tutdu Fərat səmtə ol teşneyi-meydangir,
Sovqat elədi narə kafər başını bir-bir,
Bir əldə tutub məşki, bir əllə vurub şəmşir,
Doldurmağa su nəhrə ta oldu rəvan Əbbas.
Doldurdu su məşkini, mindi üqabi fövrən,
Aldı hasara ol dəm, kəsdi yolunu düşmən,
Məşkin qorudu, dəydi yüz ox ona yer – yerdən,
Bir xeyməyə, bir məşkə baxdı bu zaman Əbbas.
Su məşkinə ox dəydi axdı suyu səhrayə,
Sağ əl kiqələm oldu sol başladı qövqayə,
Ol dəmdə Üqab girdi kafər ilə dəvayə,
Düşdü iki qol gəldi lərzanə cahan Əbbas.
Saldı yerə at üstən kafərlər o nalanı,
Şad oldu salıb yadə Allah ilə peymanı,
Öz yarəsi yox, axdı Zəhra gözünün qanı,
Çün Fatimə çeşmində etmişdi məkan Əbbas.
Gəldi başının üstə qardaşı Hüseyn ol dəm,
Aldı dizinə başın çəkdi qəminə məlhəm,
Səsləndi sənə bir gün ümmət tutacaq matəm,
Soltan da edər halın dünyayə bəyan Əbbas.