133.Yaradılış
628. Yaradılışın mənşəyi
1906. Allahın Peyğəmbəri (s) :«Hər şey sudan yaradılmışdır.»
1907. Allahın Peyğəmbəri (s):«Allah-taala dünyanın səmasını ram edilmiş dalğadan yaratmışdır.»
1908. Həbbeye Orəni:«Günlərin birində Həzrət Əlinin (ə) belə and içdiyini eşitdim:«And olsun səmanı tüstüdən Yaradana.»
629. Subhan olan Allahın ilk məxluqu
1909. Allahın Peyğəmbəri (s) :«Allahın yaratdığı ilk şey qələmdir. Sonra ona əmr verdi və qələm yaranmalı olan hər bir şeyi yazdı.»
1910. Allahın Peyğəmbəri (s):«Allah hər şeydən əvvəl əqli yaratdı.»
1911. Allahın Peyğəmbəri (s):«Allah hər şeydən əvvəl mənim nurumu yaratdı.»
1912. Allahın Peyğəmbəri (s):«Allah-taalanın yaratdığı ilk varlıq bizim ruhlarımız olub. Sonra onlara özünün tövhidini və tərifini söylətdirdi, daha sonra mələkləri yaratdı.»
1913. Biharul-ənvar:«İmam Əlidən (ə) Allahın yaratdığı ilk məxluq haqda soruşduqda buyurdu:«Nuru yaratmışdır.»
1914. İmam Baqir (ə):«Allah-taalanın birinci yaratdığı və sonradan bütün varlıqların mənşəyi olan şey su olub.»
630. Aləmin yaradılışı
Qur’an:
«Məgər kafirlər düşünmürlərmi ki, səmalar və yer bir-birinə bağlı idi, biz onları açdıq və hər bir canlını sudan yaratdıq. Görəsən, bundan sonra da iman gətirməyəcəklərmi?»
1915. İmam Əli (ə):«Əşyaları əzəli bir maddədən və əbədi nümunələrdən yaratmadı. Əslində yaratdığını yaratdı, hüdudları (ölçülərini) təyin etdi, surət verdiyinə, surət verdi və surətlərini ən gözəl şəkildə yaratdı.»
1916. İmam Baqir (ə):«Allah-taala varlıqları yaratdı, amma hansısa bir şeydən yox. Kim desə ki, Allah-taala varlıqları (hansısa bir) şeydən yaratdı, o, kafirdir.»
631. Gözlərimizdən gizli olan aləmin təmtərağı və əzəməti
1917. İmam Əli (ə):«Ey Pak olan Allah! Sənin yaratdıqlarından gördüklərim necə də əzəmətli və təmtəraqlıdır! Hər bir böyük, Sənin qüdrətin müqabilində necə də kiçikdir! Sənin mələkutundan gördüklərimiz necə də vahiməlidir! Bizim gördüklərimiz Sənin gözə görünməyən qüdrət və səltənətinin müqabilində necə də kiçikdir!»
1918. İmam Baqir (ə):«Bəlkə elə fikirləşirsən ki, Allah-taala təkcə bu aləmi yaratmış və sizdən başqa bir bəşər xəlq etməmişdir? And olsun Allaha, O, min-min aləm və min-min Adəm yaratmışdır ki, sən o aləmlərin və Adəmlərin ən sonuncususan.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-ci cild