Allah rəsulunun duası ilə təvəssül
Allah rəsulunun duası ilə təvəssül
İslam peyğəmbərinin Allah dərgahında heç kimə nəsib olmayan olduqca uca məqamı
vardır. O, məxluqların ən üstünüdür. Qurani Kərimdə peyğəmbərin fəzilətlərindən bəzisi
barəsində təriflər gəlmişdir. Bu təriflər yalnız bəzi peyğəmbərlər barəsində deyilmişdir. Əgər
peyğəmbər barəsində gəlmiş ayələri toplasaq söhbətimiz uzanar. Buna görə də onlardan
bəzilərinə işarə etməklə kifayətlənəcəyik.
Qurani Kərim Allah rəsulunun yüksək məqamına işarə edərək ona hörmət edilməsi və
əzizlənməsinin lüzumunu vurğulamış və onun digər insanlar kimi çağırılmasını pisləmişdi:
"Ey iman gətirənlər, səslərinizi peyğəmbər səsindən uca etməyin və bir-birinizin yanında
səslənizi qaldırdığınız kimi onun yanında qaldırmayın ki, siz dərk etmədiyiniz bir halda
əməlləriniz batil olmasın.” (Əl Hucurat surəsi, 2-ci ayə) Və həmçinin buyurmuşdur: "Birbirilənizi
səslədiyiniz kimi peyğəmbəri səsləməyin...” (Əl Nur surəsi, 63-cü ayə)
Peyğəmbərin uca kamalına, başçılıq və rəhbərlik rəmzi olaraq bütün möminlərə nümunə
olmasına işarə edərək belə buyurur: "Həqiqətən, Allah rəsulunda Allaha və Axirət gününə
ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl nümunə vardır.” (Əl Əhzab surəsi,
21-ci ayə)
Həmçinin onun Allah yanında olan əzəmətinə və kəramətinə işarə edir. Belə ki, Allah təala
və mələklər ona salavat göndərir və ona salavat və salam göndərməyi möminlərə əmr edərək
belə buyurur: "Allah və Onun mələkləri peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər,
ona salavat göndərin və tamamilə ona təslim olun.” (Əl Əhzab surəsi, 56-cı ayə)
Peyğəmbərin batini səfa və gözəlliyinə, ruhunun qüvvəsinə və xilqətinin gözəlliyinə işarə
edərək belə buyurur: "Həqiqətən, sən əzəmətli əxlaq sahibisin.” (Əl Qələm surəsi, 4-cü ayə)
Onun gecələr etdiyi ibadət və itaətinə işarə edərək buyurur: "Həqiqətən, sənin rəbbin bilir
ki, sən və səninlə olan möminlərdən bir qrupu gecənin təxminən üçdə ikisini ibadət üçün
oyaq qalırsız.” (Əl Müzzəmmil surəsi, 20-ci ayə)
Və həmçinin elminin dərinliyinə işarə edərək buyurur: "...və bilmədiyini sənə öyrətdi.
Sənin üzərində olan Allahın fəzli böyükdür.” (Əl Nisa surəsi, 113-cü ayə)
Peyğəmbərin Yer üzərində ilahi əzabın qarşısını alan iki amandan biri olmasını
xatırlayaraq belə buyurur: "Hər nə qədər ki, sən onların arasındasan və hər nə qədər ki, onlar
tövbə edirlər Allah onlara əzab verməz.” (Əl Ənfal surəsi, 33-cü ayə) Allah rəsulunun kəraməti elə bir həddədir ki, Quran Allahın və onun adını çəkərək onlar
barəsində eyni feli işlədir: "...Allah və Onun rəsulu sizin əməllərinizi görür. Sonra aşkar və
gizlini bilənə (Allaha) doğru qaytarılacaqsınız...” (Əl Tövbə surəsi, 94-cü ayə)
Allah təala peyğəmbərə itaət barəsində belə buyurmuş: "...hər kəs Allaha və Onun
rəsuluna itaət etsə əzəmətli feyzə yetişmişdir.” (Əl Əhzab surəsi, 71-ci ayə)
Bu və bunun kimi ayələrdə Allah təala peyğəmbərin adını öz adı ilə bərabər çəkir və
yaxud da hər ikisinin barəsində eyni feli işlədərək ona əzəmət verir və onun Allah dərgahında
olan məqamına işarə edir. Belə olan halda peyğəmbərin duası rədd olunmaz və daim qəbul
olunar. Bununla da onun duasından yapışan kəs elə möhkəm bir sütundan yapışmış ki, həmin
bu xüsusiyyətə görə də Allah təala günahkar bəndələrinə müraciət edərək onun duasından
yapışmağı əmr edir: "Biz bütün peyğəmbərləri Allahın izni ilə onlara itaət olunmaq üçün
göndərdik. Əgər onlar özlərinə zülm edərək sənin yanına gəlib Allahdan bağışlanmaq
istəsələr, peyğəmbər də onlar üçün Allahdan bağışlanmaq istəyən zaman Allahı tövbələri
qəbul edən və rəhimli görərlər.” (Əl Nisa surəsi, 64-cü ayə)
Başqa bir ayadə görürük ki, Allah təala münafiqlərə xitab edib peyğəmbərə doğru
getmələrini əmr edir ki, peyğəmbər onlar üçün Allahdan bağışlanmaq diləsin. Amma onlar
bu xitabı qulaq ardına vururlar. Bu mənzərəni Quran belə vəsf edir: "Onlara-" Gəlin, Allah
rəsulu sizlər üçün bağışlanmaq diləsin”- deyilən zaman boyun qaçırarlar. Görərsən ki, onlar
təkəbbürlü halda sözlərindən üz çevirərlər.” (Əl Münafiqun surəsi, 5-ci ayə)
Bütün bunlar bizə tam yəqinliklə deməyə əsas verir ki, peyğəmbərin duası həmişə qəbul
mərkəzindədir. Çünki bu dua və çağırış mənəvi saflıq və paklığın nəticəsidir. Peyğəmbər
duasının digər müsəlmanların duası kimi olduğunu iddia etmək açıq-aşkar peyğəmbərə zülm
etmək deməkdir.
Keçmiş səmavi dinlərdə saf və ali mənəviyyata malik insanın duası ilə təvəssül etmək çox
yayılmış bir fenomen idi. Yaqub peyğəmbərin oğlanları etdikləri işin üstünün açıldığını
gördükdə atalarının dualarını vasitə qərar verirlər. Bu mətləbə işarə edən Quran belə buyurur:
"Ey bizim atamız, günahlarımızın bağışlanmasını Allahdan istə. Biz xəta edənlərdən
olmuşuq. (Yaqub) dedi: "Tezliklə sizin üçün rəbbimdən bağışlanmaq dilərəm. Həqiqətən, O,
bağışlayan və rəhmlidir.” (Yusuf surəsi, 97 və 98-ci ayələr)
Bu ayələr aşkarcasına göstərir ki, Allahın sonsuz rəhməti bəzən öz bəndələrinə birbaşa,
bəzən isə ən gözəl məxluqatın və peyğəmbərlərin ən şərəflisinin vasitəsilə nazil olur.
Bununla da bəzi insanları "Allah təala öz bəndəsinə şah damarından daha yaxındır və öz
bəndəsinin halını bilir, onu görür və eşidir, buna görə də heç bir vasitəyə ehtiyac yoxdur” kimi sözlərinin nə qədər də məntiqsiz və puç olduğu aydın görünür. Bu kimi sözləri yalnız və
yalnız Quranın ayələri, peyğəmbər və onun Əhli beytinin dilindən eşidilən hədislərlə tanışlığı
olmayanlar və həmçinin səhabələrin həyat tərzindən xəbədar olmayan cahillər deyə bilər.
Çünki söhbət Allahın öz bəndəsinin halından xəbərdar olub olmamasından getmir, əksinə
söhbət başqa bir məcrada, daha dəqiq desək, özünə zülm edən bəndənin duasının Allah
dərgahına ucalmağa qabiliyyəti olmamasından gedir. Lakin peyğəmbərin duasını öz duasına
əlavə edən bəndənin duası Allah dərgahında eşidilir və qəbul edilər.
Bu məqamda Misirin "Əl Əhzər” universitetinin ustadlarından biri olan Məhəmməd əl
Fəqqinin söylədiyi nitqi xülasə olaraq xatırladırıq: "Həqiqətən, Allah təala öz peyğəmbərini
şərafətli ayələrlə şərəfləndirmiş, ən əziz, kamil və uca ayələri ilə əzizləmiş, ona zahiri və
batini nemətlərini bəxş etmiş, ona qədr-qiymət taclarının ən əzəmətlisini, məqam və heybət
əklillərinin ən gözəlini qoymuşdur. Onun istər diri ikən, istərsə də ölü ikən, məqam və
mənsəbini xatırlayaraq belə buyurmuşdur: "Allah və Onun mələkləri peyğəmbərə salavat
göndərirlər. Ey iman gətirənlər, ona salavat göndərin və tamamilə ona təslim olun.” (Əl
Əhzab surəsi, 56-cı ayə) Allahın və mələklərinin salavatından daha üstün və əzəmətli nə ola
bilər?!
Allahın peyğəmbərə olan tərif və mədhi bu həddə dayanmır, əksinə onun barəsində
deyilən bir çox tərif və mədhlər təəccüb doğurur, diqqətləri onun olduqca böyük əzəmətinə
cəlb edir. Bir bax, gör Quran nə buyurur: "And olsun sənin canına, həqiqətən, bunlar öz
məstliklərində sərgərdandırlar.” (Əl Hicr surəsi, 72-ci ayə) Bu ayədə Allah təala öz
peyğəmbərinin canına and içməklə insan əqlini dəhşətə gətirir. Qurani Kərim buyurur: "Və
həqiqətən, əgər bilsəniz, bu nə qədər əzəmətli bir anddır.” (Əl Vaqiə surəsi, 76-cı ayə). İbn
Abbas belə buyurmuşdur: "Allah təala Muhəmməd peyğəmbərdən əziz bir məxluq
yaratmamışdır.”
Məlumdur ki, Allah təala İslam peyğəmbərindən başqasının canına and içməyib. Qurani
Kərim peyğəmbərin ali məqamına və qədr-qiymətinə işarə edən ayələrlə doludur.
Peyğəmbərə itaəti Allaha itaət qərar verərək buyurmuşdur: "Hər kim peyğəmbərə itaət etsə,
həqiqətən, Allaha itaət etmişdir...” (Əl Nisa surəsi, 80-cı ayə). Həmçinin Allah təala
bəndələrinə olan məhəbbətini peyğəmbərin itaətinə bağlamışdır. Belə ki, Allah təala
peyğəmbərə əmr edərək buyurur: "De əgər Allahı sevirsinizsə mənə (peyğəmbərə) tabe olun
ki, Allah sizləri sevsin...” (Ali İmran surəsi, 31-ci ayə)
İslam peyğəmbərinin qədr-qiymətinə, Allahın öz rəsuluna olan məhəbbətinin miqdarına və
peyğəmbərinə olan hörmətinə dəlalət edən ayələrdən birində belə buyrulur: "Allah təala
peyğəmbərlərə kitab və hikmət verərək əhd-peyman almış ki, Allah tərəfindən bir elçi gəlib onlarda olan şeyləri təsdiq edərsə ona inansınlar və kömək etsinlər...” (Ali İmran surəsi, 81-ci
ayə). Həzrəti Əli (ə) buyurmuşdur: "Allah təala adəmdən sonra gələn bütün peyğəmbərlərdən
Muhəmməd peyğəmbər üçün əhd almışdır ki, əgər hər hansı bir peyğəmbərin dövründə
göndərilsə ona iman gətirsin, kömək etsin və onunla əhd-peyman bağlasın.”
Mələklər içərisində özünəməxsus məqama malik olan Cəbrail mələyinin
peyğəmbərə merac günü Məkkədən Beyt əl Məqdisə qədər həmsöhbət olması şərəf və iftixar
təzahürlərindəndir. Bu hadisə ümmətlər tarixində peyğəmbərin əzəmətinə dəlalət edən ən
uca nişanələrindəndir. Sizə təqdim etdiyim bu nişanələrdə iman gətirənlər üçün rəhmət,
hidayət və bəsirətin kifayət qədər olmasına baxmayaraq, bundan başqa məqamların da
xatırlanmasında heç bir maneə görmürəm. Həmin nişanələrdə qəflətdə olanlar üçün
təfəkkürə böyük fürsət var. Ola bilsin onları qane edib hidayət etmiş olum. Ən gözəl
təzahürlərdən biri duaya başlayanda və onu xətm edəndə peyğəmbərə göndərilən salavatdır.
Bu, duanın qəbul olmasına işarədir. Ömər və Əlidən (ə) rəvayət olunmuşdur ki, onlar dua
edən və peyğəmbərə salavat göndərməyən bir kişiyə belə demişlər: "Həqiqətən, dua göylə
yer arasında asılı vəziyyətdədir. Peyğəmbərə salavat göndərməyənə qədər o, nə ucalmaz, nə
də onun üzünə səmanın qapıları açılmaz. Bu məzmuna dəlalət edən hədisin peyğəmbər
tərəfindən söylənilməsi də iddia edilmişdir.
Son olaraq, Allah təalanın "Sənin səs-sorağını ucaltdıq” (Əl İnşirah surəsi, 4-cü ayə) sözü
peyğəmbərin uca məqamına və qədr-qiymətinin əzəmətinə dəlalət edir. Yəni Allah sənin
adını öz adı ilə yanaşı çəkmiş və imanı yalnız kəlimeyi şəhadətə bağlamışdır. Bu zəmində
olan dəlil və sübutlar saya gəlməzdir. Peyğəmbər duasının qəbul olmasının həqiqi səbəbi şübhəsiz onun pak ruhu, kəramətli
nəfəsi və Allaha hədsiz dərəcədə olan yaxınlığıdır. Elə buna görə də duaya xüsusi təsir
qüvvəsi bağışlayır və başqasının duası üçün köməkçi rol oynayır.
Lakin söhbəti gedən mətləb barəsində güclü rəy ixtilafı yaranmışdır. Bu ixtilafın əsas
məqzi peyğəmbər duası ilə təvəssül etmənin yalnız onun bu dünyadakı həyatı ilə bağlı olub
olmamasıdır. Bəziləri iddia edirlər ki, bu növdən olan təvəssül yalnız peyğəmbərin diriliyinə
bağlıdır. Lakin dəlillərlə sübut olunacq ki, bu növ təvəssül nəinki peyğəmbərin diri olan
halına, Bərzəx aləmindəki halına da şamildir.
Kitabın adı: İslam şəriətində təvəssül məfhumu
Müəllif: Əllamə Cəfər Sübhani