Mömin qardaşın duası ilə təvəssül
Mömin qardaşın duası ilə təvəssül etmək duanın qəbul olması üçün Allahın qərar verdiyi
vasitələrdən biridir. Bir çox Quran ayələri açıq-aşkar iman gətirən şəxslər üçün mələklərin və
zaman cəhətdən sonra gələn möminlərin özlərindən əvvəlki mömin qardaşları üçün dua
etməsinə dəlalət edir. Bu, onu göstərir ki, mömin qardaşın öz din qardaşı üçün etdiyi dua
bəyənilən və qəbul olunan bir fenomendir. Elə isə, Allaha üsyan etmiş günahkar bəndənin öz
mömin qardaşının duasını vasitə qərar verməsi vacibdir. Qurani Kərim bu zəminədə belə
buyurmuşdur: "Ərşi daşıyanlar (mələklər) və onun ətrafında olanlar öz rəblərini həmd edərək
təsbih deyir, Ona iman gətirərlər və möminlər üçün bağışlanma istəyərək (deyirlər): "Ey
bizim rəbbimiz, Sənin rəhmətin və elmin hər şeyi əhatə edir. Tövbə edib yoluna tabe olanları
əfv et və onları cəhənnəm əzabından qoru.” (Əl Ğafir surəsi, 7-ci ayə)
Başqa bir ayədə buyurur: "(Mühacir və ənsardan) sonra gələnlər belə deyirlər: "Ey bizim
rəbbimiz, bizi və imanda bizi qabaqlayan qardaşlarımızı bağışla və iman gətirənlərə
qəlblərimizdə kin qərar vermə. Ey rəbbimiz, həqiqətən, Sən mehriban və rəhmlisən.” (Əl
Həşr surəsi, 10-cu ayə)
Bu ayələrdən göründüyü kimi ərşi daşıyan mələklər və sonra gələn möminlər dua etməsi
duanın qəbul olma səbəblərindəndir. Buna görə də hər bir şüurlu müsəlmana vacibdir ki,
duanın qəbulu üçün bu səbəbdən yapışsın.Bu mənaya dəlalət edən hədislər də vardır. Müslüm və Tirmizi Abdullahdan, o da Əzr ibn
əl Asdan və o peyğəmbərdən nəql edərək belə demişdir: "Əgər müəzzin (azan verən) səsini
eşitsəniz onun dediyini siz də deyin, sonra mənə salavat göndərin. Çünki hər kim mənə
salavat göndərsə Allah təala özü ona on dəfə salavat göndərər. Sonra Allahdan mənim üçün
vəsilə istəyin. Həqiqətən, vəsilə cənnətdə bir məqamdır. O, Allahın yalnız bir bəndəsinə
layiqdir. Ümidvaram ki, mən həmin bəndə olam. Hər kim mənim üçün vəsilə istəsə, şəfaət
ona nazil olar.” Hədisin zahiri mənasından belə məlum olur ki, peyğəmbər öz ümmətinin duasının Allahın
dərgahında vasitə qərar verir. Şayəd bu duanın vasitəsilə Allah təala onu cənnətdə vəsiləni və
ən gözəl məqamı verə. Əvəzində isə peyğəmbərin şəfaəti dua edən şəxsə nazil olar. Əgər
peyğəmbər bu əzəməti ilə öz ümmətinin duasını vasitə qərar verirsə, onda biz nə üçün mömin
qardaşımızın duasını vasitə qərar verməyək?!
Əhli beytdən gələn hədislərdə bu mətləb daha açıq-aşkar özünü büruzə verir. Həqiqəti
aşkara çıxartmaqdan ötrü onlardan bəzilərini xatırlayaq. Çünki Əhli beyt peyğəmbərin bizə
əmanət qoyub getdiyi iki şeydən biridir.
Məhəmməd ibn Əclan rəvayət edir ki, Abu Abdullah (İmam Sadiq (ə)) belə buyurarmış:
"Əli ibn Hüseyn (ə) Ramazan ayı daxil olanda nə bir qulu, nə də bir kənizi (ədəbləndirmək
üçün) vurmazdı. Amma əgər qullardan və yaxud da kənizlərdən hər hansı biri günah
işlətsəydi onun günahını tarixi ilə bir yerə yazıb cəzalanmadığını qeyd edərmiş. Ramazan
ayının son gecəsi onların işlətdiyi günah dəftərini qapayaraq onları çağırıb öz ətrafına
toplardı. Sonra onlara günah dəftərini göstərib bir-bir soruşardı: "Yadındadır filan gün günah
etmişdin və mən də səni cəzalandırmadım?” Həmin qul və ya kəniz də cavabında belə
deyərdi: "Yadımdadır, ey peyğəmbərin nəvəsi.” Bir-bir hamısı etiraf edəndən sonra onların
ortasında dayanıb belə deyərdi: "Səslərinizi ucaldıb nida edin: "Ey Əli bn Hüseyn, sənin
rəbbin etdiyin əməllərin hamısını sən yazdığın kimi yazmışdır. Allahdan bağışlanmaq
dilədiyin kimi bizləri də əfv et. Rəbbinin səni əfv etməyini istədiyin kimi bizləri də bağışla.
Beləcə davam edəndən sonra onlara deyərdi: "Belə dua edin: "Ey Allahım, Əli ibn Hüseyni
bizi əfv etdiyi kimi əfv et. Onu, bizi köləlikdən azad etdiyi kimi cəhənnəm odundan azad et.”
İmam da onların bu nidasının cavabında belə deyərdi: "Amin, ey aləmlərin rəbbi!” Üzünü
onlara tutaraq: "Gedin. Artıq sizi əfv etdim. Sizləri Allah yolunda, Onun əfvini və məni azad
etməyini ümid edərək, azad etdim.”-deyərdi. Əhli beyt imamlarının səhabələri onların dualarını vasitə qərar verərdilər. Budur, onlardan
biri Əli ibn Məhəmməd əl Həccal İmam Hadiyə (ə) yazaraq belə xahiş etdi: "Ayağımda bir
xəstəliyə düçar olmuşam və vacib olunan işləri yerinə yetirmək üçün ayağa qalxmaq
iqtidarında deyiləm. Əgər məsləhət bilirsənsə məni dua et ki, Allah təala bu xəstəliyi
qaldırsın və mənə vacib etdiyi əmanəti əda etmək üçün kömək olsun...”
Kitabın adı:İslam şəriətində təvəssül məfhumu
Müəllif: Əllamə Cəfər Sübhani
Tərcümə etdi: Hacı Heydər Məmmədov