Göz yaşı neçə cür olur…
Araşdırmalar 7 cür göz yaşının mövcudluğunu bəlli edir. Burada birinci yeri körpənin ağlaması tutur. İnsan həyatı bununla başlanır, balaca insanın sağlıq durumu, qidaya ehtiyacı bununla bilinir. Ağlama bir müddət uşağın dili rolunu oynayır.
Burada bir təbərrük nöqtə qeyd edilməlidir. Uşaq dünyaya gəldikdə necə ağlayırsa, Əba Əbdillaha (ə) göz yaşı axıdan kəs də sanki dünyaya gəlir. Və həmin göz yaşı, riqqətli qəlbin, ruhun sağlamlığının göstəricisidir. Bu göz yaşı - onun halının, vücudunun bir dilidir…
Həyəcandan irəli gələn şövq ağlaması bölgünün ikinci yerindədir. Bir ana övladını itirir, bir müddət keçdikdən sonra isə onu tapır. Necə sevinir, necə həyacan keçirir, necə riqqətli qəlbinin dərinliklərindən bir şövq dalğası qalxır!
Bəzən sevinc və şadlıqda da bu şövq ağlaması baş tutur. Və yaxud, insan fədakarlıq səhnələrini görəndə də şövqdən ağlaya bilir. Mübarizə ruhlu bir şeir dinləyir, mahnı eşidir - sanki itirilmiş nələrinisə tapır, həyəcanlanır, biixtiyari göz yaşları axıdır
Üçüncü növ ağlama - duyğu və məhəbbət göz yaşıdır. Sevgi, məhəbbət və göz yaşları - bunlar biri-birinə bağlı anlamlardır. Bir-birilə mülazimə halındadırlar, lazım vəziyyətindədirlər. Göz yaşı - məhəbbətin şiddətinin göstəricilərindəndir.
Dördünü növ - çox incə bir ağlama növüdür - tanıma, mərifət, məsuliyyət göz yaşı. İnsan Rəbbini tanıyır, Rəbbinin əzəməti haqqında təfəkkür edir - bunun nəticəsində göz yaşı axıda bilir. İlahi, bu necə yaranış, bu necə əzəmət, bu nə cür nizam?! Necə olur belə kamil xəlqiyyət?! Bu tanıma, bu dərk etmə göz yaşları çağıra bilir. Tanıdıqca, həmin bu göz yaşları əmələ gəlir.
Hədəfə bağlantı
Bir var cahiliyyətin göz yaşı, bir də var arifin, tanımanın göz yaşı. Tanıma artdıqca, ariflik artdıqca, göz yaşlarının əmələ gəlmə keyfiyyəti də dəyişir. Məsuliyyət artdıqca, həmin bu məsuliyyətdən irəli gələn göz yaşları da yaranır. Məsuliyyətin fərqinə varmaqla, məsələnin əhəmiyyətini dərk etməklə üzə çıxan göz yaşları buraya aiddir.
Ağlamanın vücuda gələn digər səhnəsi peşmançılıq göz yaşı ilə bağlıdır. Beşinci növə aid olan bu göz yaşları insanın tövbəsini, əməlindən peşmançılıq hissi keçirməsini təzahür edir. İnsanın qayıdışı, islahatı tövbəyə bağlı olan bir məsələdir. Bu da göz yaşları ilə müşayiət olunan bir haldır.
Altıncısı - hədəfə bağlantı ilə bağlı olangöz yaşıdır. Hədəf nədirsə, göz yaşının keyfiyyəti də o cürdür. Bir insandır, ölkəsinin himnini dinləyir. Himndəki sözlərlə həmahəng olur. Ali hədəflərə, dəyərlərə beyət etmə göz yaşlarından gedir söhbət. İnsan şəhidləri xatırlayır, onların ali məqsədlərini, ali hədəflərini, ali duyğularını, ali amallarını xatırlayır. Onlarla birgə olmaq, həmahəng olmaqdan irəli gələn göz yaşları olur. Onlara bağlantıdan irəli gələn göz yaşlarıdır bunlar.
Şəhidə ağlamaq - əslində amallara bağlantıdan irəli gələn göz yaşlarını izhar etməkdir. Onlarla vücudi beyətini edir, hədəfləri ilə beyət etməyini izhar edir ağlayan insan.
Ağlamağın yeddinci növü isə zillət və məğlubiyyət ağlamasıdır. O insanın ağlamasıdır ki, zəifliyindən, zəlilliyindən, məğlubiyyətindən ağlayır. Bu ağlamaq bir başqa ağlamaqdır. Bu göz yaşları insanı daha daha da zəiflədir, ruhdan salır.
Əba Əbdillah (ə) üçün tökülən göz yaşlarında. Kərbəla qəhrəmanlarını yada salanda hər bir insan kövrəlir, qəhərlənir. Hər bir şey var burada, bu göz yaşlarında. Amma zillət və məğlubiyyət yoxdur. Əksinə, izzətin mənbəyinə bağlayan göz yaşları var burada. Qorxaqların göz yaşları yoxdur Kərbəla vaqiəsinə ağlamaqda. Əksinə, şücaətlilərin göz yaşı var burada. Ümidsizliyin göz yaşı yoxdur, ümidverən göz yaşları var burada. İmam Cəfər Sadiqdən (ə) nəql edirlər: «Hər bir müsibətdə ağlamaq və tabsızlıq göstərmək - bəndə üçün məkruhdur, xoşagəlməzdir. Amma Hüseyn ibn Əli (ə) üçün ağlamağın əcr və savabı var».
İmam Hüseynə (ə) ağlamaqda 7 ağlamağın yeddincisi yoxdur, zəlillik və qorxaqlıq göz yaşları yoxdur burada. İslam qəbul etmir zəlillik və acizliyin ağlamasını. İslam insanı kamilliyə, quruculuğa aparan hər şeyi qəbul edir və zillətə aparan hər şeyi rədd edir.
Kitabın adı: Eşq qibləsi Kərbəla
Müəllif: Hacı İlqar İbrahimoğlu