Mərcanənin oğlunun vəhşi fərmanı
Məhərrəm ayının 7 və ya 8-ci günlərinin birində İmam(ə) Əmr ibn Qərzə Ənsari ilə Ömər Sədə bir xəbər göndərdi. Xəbər bu məzmunda idi: «İstəyirəm ki, səninlə görüşüm. Gecə iki qoşunun arasında səni gözləyirəm».
Gecə vaxtı İbn Səd 20 nəfər tərəfdarı ilə İmam(ə) da 20 nəfər öz tərəfdarları ilə görüşdülər. Müzakirələr məxfi şəkildə keçirdi. Odur ki, İmam(ə) öz tərəfdarlarından xahiş etdi ki, bir az aralıda dayansınlar. Yalnız Abbas və Əli Əkbər onun yanında qaldılar. İbn Səd də oğlu Həfsədən və xidmətçilərindən birindən başqa digərlərini uzaqlaşdırdı. İmam(ə) buyurdu:
«Vay olsun sənə, ya İbn Səd, sonda görüşəcəyin Allahdan qorxmursanmı? Mənim kim olduğumu bilə-bilə vuruşursanmı? Gəl, bütün bu qoşunu buraxıb mənə qoşul. Belə etsən, Allaha daha yaxın olacaqsan». («Əyanul-şiə» əsərindən)
Ömər Səd dedi: «Ay Əba Abdulla, qorxuram ki, sənə qoşulsam, evimi dağıdarlar. Buyurdu: Sübhanəllah, əgər bu dünyada sənin evini Peyğəmbər(s) ailəsi ilə dostluğuna görə dağıtsalar, uduzmuş sayılarsanmı?! Dedi: Qorxuram ki, əmlak və varidatımı qarət etsinlər. Buyurdu: Onlardan daha yaxşılarını sənə cənnətdə söz verirəm. Dedi: Arvad-uşağıma görə qorxuram. İmam(ə) daha cavab vermədi. Müzakirə bitdi. İmam(ə) yola düşərkən buyurdu: Ümidvaram ki, İraqın buğdasını çox yeməzsən. İbn Səd istehza ilə dedi: Buğda əvəzinə arpadan istifadə edərəm».
Tasua günü günorta vaxtı Şimr ibn Zilcouşən 4000 nəfərlə Übeydulla tərəfindən yeni bir fərmanla İbn Sədin yanına gəldi. İbn Ziyad məktubunda yazmışdı:
- Mən səni Hüseyn ibn Əli(ə) ilə döyüşdən boyun qaçırmaq, onu yaşamağa ümidvar etmək və onun tərəfindən üzrxahlıq edərək mənim yanımda ona vasitəçilik etmək üçün göndərməmişdim. Əgər Hüseyn və onun tərəfdarları mənim göstərişimə təslim olsalar, onları zəlil şəkildə mənim yanıma göndər. Yox, əgər qəbul etməsələr, vuruşmağa başla və onlar öldürülənədək vuruş. Sonra da onların burun, qulaqlarını kəs. Çünki onlar bu cəzaya layiqdirlər. Elə ki, Hüseyn öldürüldü, onun sinə və kürəyini atların dırnağı altında tapdaq altına sal. Mən bilirəm ki, bu öləndən sonra ona əziyyət verməz. Lakin bu bir sözdür ki, demişəm onu öldürsəm belə edəcəyəm. Əgər sən mənim əmrimə itaət etsən, itaət edənlərin mükafatını alacaqsan. Əgər yerinə yetirməsən, öz məqamından azadsan və qoşun başçılığını Şimr ibn Zilcouşənə həvalə et ki, biz ona öz göstərişimizi vermişik. («Əbədi şəhid». Saleh Nəcəfabadi; «Qəbəsat min tarixi beyt ən-nübüvvə». Şeyx Əli Cəmal. Dəməşq çapı).
Burada bir anlığa kitabın birinci fəslinə qayıdaq. Unutmayaq ki, bu qoşunçəkmələr, göstərişlər, vəhşi fərmanlar Peyğəmbərin(s) qızının balası barədə verilir ki, Allah-Təala bu haqda buyurmuşdur:
قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى
«De, risalət təbliğimin qarşılığı olaraq, sizdən Əhli-beytimə məhəbbətdən başqa heç bir bəxşiş istəmirəm». («Şura», ayə 23)
Ömər Səd məktubu oxuduqdan sonra dedi: «Vay olsun sənə, islah olunmasına ümid etdiyimiz işi xarab etdin. Allaha and olsun, mən belə güman edirəm ki, İbn Ziyadı mənim təklifimi qəbul etməkdən sən çəkindirmisən. İslah olunmasına bel bağladığım bir işi xarab etdin. Amma bilin ki, Hüseyn ibn Əlinin təslim olmayan böyük ruhu vardır. O, əsla təslim olmayacaqdır». Şeytanlıq mücəssəməsi olan Şimr ibn Zilcouşən amiranə bir səslə dedi: «Bu sözləri burax. İndi de görüm, nə edirsən? Əmirin fərmanını icra edirsən, ya sərkərdəliyi mənə həvalə edirsən?»
Ötən bir neçə gün ərzində dünya və axirət seçimi qarşısında valeh və sərgərdan qalan və öz vicdanını tovlamaq üçün özünü sülh və barışıq ümidi ilə ümidvar edən Ömər Səd, əmirin fərmanı və Şimrin danışığı ilə özünü elə uduzdu ki, ani bir qərar qəbul etməklə axirət rüsvayçılğını dünyanın zahiri şirinliyinə dəyişib dedi: «Mən özüm buna hazıram və piyada qoşun sərkərdəliyini sənə tapşırıram».
Buradək hadisələr Şimrin öz nəhs batinində götür-qoy etdiyi kimi də oldu. İndi də qərara aldı ki, Həzrət Əbi Abdulla Hüseynin(ə) kiçik ordusuna ikinci bir zərbə vuraraq, bu köməksiz ordunu parçalasın. Odur ki, qürurla xeyməgaha tərəf gəlib «Təlli-zeynəbiyyə»nin arxasından səsləndi: «Mənim bacımın uşaqları - Abbas, Cəfər, Abdulla və Osman haradadırlar?!» (Bu cənablar Həzrət Əlinin(ə) övladlarıdır. Anaları Ümmül Bənin tərəfindən Şimrin qəbiləsi ilə qohumluqları vardır).
İmam(ə) öz qardaşlarına buyurdu: «Fasiq olmasına baxmayaraq, onun çağırışına cavab verin. Çünki onun sizinlə qohumluq əlaqəsi vardır. Qardaşlar Şimrin yanına gəldilər. Nə deyirsən, nə istəyirsən? Dedi: Bacı uşaqları, sizin üçün zəmanət gətirmişəm. Canınızı təhlükəyə salıb Hüseyn üçün özünüzü ölümə verməyin və Yezidin fərmanına qol qoyun. Qardaşlar bir səslə cavab verdilər: «Allah sənə və zəmanətinə lənət eləsin. Rəsulullahın(s) oğlu amanda olmadığı halda bizə aman verirsənmi?» Cənab Abbas ibn Əli(ə) buyurdu: Əlin kəsilsin və gətirdiyin zəmanətə lənət olsun, ay Allahın düşməni! Sən bizə aman verirsən ki, qardaşımız və sərvərimiz Hüseyn ibn Fatiməni tək qoyaq və lənətlənmişin oğluna tabe olaq? («Əyanul-şiə» əsərindən).
Şimr qəzəbli halda öz yerinə qayıtdı. Digər tərəfdən də Ömər Səd Übeydullaya onun səhlənkarlığı barədə xəbər veriləcəyindən ehtiyatlanıb dərhal öz çadırından çıxdı və «hazır ol» əmrini verdi.
يا خيل الله اركبى و ابشرى باالجنه
Qəribədir! Qadisiyyənin fatehinin oğlu dünən atası Səd ibn Əbi Vəqqas İrana (atəşpərəst ölkəsinə) hücum edərkən həmin Kufə ordusuna, İslam süvarilərinə həmin bu şüarla xitab edərək hücum əmrini vermişdi. Bu gün 50 ilə yaxın bir zaman keçmiş, bərabərliyi olmayan bir döyüşdə, bir tərəfdə nübüvvətini qəbul etmiş Peyğəmbərin(s) balası 100 nəfərdən bir az çox ordu ilə, digər tərəfdə isə 12000-lik özünü müsəlman hesab edən orduya (1 nəfərə qarşı 100 nəfər) fərman verilir ki, «Ey Allahın süvariləri, atlanın ki, sizi cənnətlə müjdələyirəm». Bu müjdənin başqa mənasını bilirsinizmi? Yəni ey yüz adama oxşar yırtıcı və qaniçən canavarlar, bir Peyğəmbər(s) qızı Fatimənin(ə) balası həqiqi bir insana hücum edib onu öldürün ki, cənnətə daxil olasınız!!!
Bunlar Neynəvanın həmin yırtıcılarıdır ki, İmam(ə) Məkkədən çıxarkən dediyi öz tarixi xütbəsində ona işarə etmişdi.
كانى باوصالى تتقطعها عسلان الفلوات بين النوا ويس و كربلا
«Sanki Nəvavis və Kərbəla arasındakı səhrada həris qurdların mənim bədən üzvlərimin oynaqlarını tikə-tikə etdiyini görürəm».
İmam(ə) qardaşı cənab Əbulfəzl Abbasa buyurdu ki, düşmənin yanına gedib bu qəfil hücumun səbəbini soruşsun və bu gecəni onlara möhlət verilməsini istəsin. Əgər istəsələr, döyüş sabah başlansın. Həzrət Abbas İmamın(ə) xəbərini onlara çatdırdıqda İbn Səd cavab vermədi. Həccac dedi: «Sübhanəllah! Allaha and olsun, əgər türk və ya Deyləmdən bir nəfər belə bir şey istəsəydi, qəbul edərdik. Peyğəmbər(s) balasının sözünü necə qəbul etməyək?» Qeys ibn Əşəs də Ömər Sədə dedi: «Hüseynin(ə) istəyini qəbul et. Lakin bil ki, bunlar sabah səninlə vuruşacaqlar. Onlar heç vaxt sənə təslim olmazlar». Beləliklə, Ömər Səd öz yerinə qayıtdı.
Kitabın adı: Qədir günündən Aşurayadək
Müəllif: Seyid Kazim Pərpənçi