Əli (ə) ailəsi hökumətinin təsis olunması
Cənab Doktor Şəhidi «Hüseynin (ə) qiyamı» kitabında Übeydulla ibn Ziyadın Kufə şəhərinə gəlişi ilə bağlı hadisənin şərhində yazır: «Şübhəsiz ki, Kufə əhalisi onun Hüseyn (ə) deyil, Ziyadın oğlu Übeydulla olduğunu bilsəydi, ona aman verməz və şəhərin girişindəcə onun işini bitirərdilər». Habelə Übeydullanın hökumət evinə daxil olması məsələsinə toxunarkən belə qeyd edir: «Onlar sarayı mühasirəyə almalı, Ziyadın oğlunu öldürməli və Əli (ə) ailəsinin hökumətini təsis etməli idilər».
Bu, onun arzusundan daha çox cənab Saleh Nəcəfabadinin «Əbədi şəhid» kitabındakı tezisidir. Bu kitabın müxtəlif yerlərində qalib gəlmək üçün qiyamın və hökumətin təşkil olunmasının nəzəriyyəsi izah olunmuş və müdafiə olunmuşdur. O cümlədən Doktor Şəhidi yazır: «Müslüm ibn Əqil 40 günə yaxın bir müddətdə dəqiq araşdırmadan sonra məlumat verdi ki, hökumət təşkil etmək üçün kifayət qədər canlı qüvvəsi vardır və Kufə əhalisinin əksəriyyəti könüllü olaraq İmamın (ə) tərəfindədirlər. O, hətta öz məktubunda təkid etmişdi ki, İmam Hüseyn (ə) bacardıqca tez Kufəyə tərəf yola düşsün».
Bu zaman İmam (ə) daha çox məsuliyyət hiss etdi və islamı yaşatmaq üçün işə başlamağı, güclü bir hökumət təşkil etməklə hazırkı vəziyyəti dəyişməyi, habelə islam və müsəlmanları istibdad caynağından xilas etməyi zəruri hesab etdi.
Sonra o, əlavə edir: «Müslüm ibn Əqilin Kufənin hazır olması ilə bağlı yaratdığı arxayınçılıq İmam Hüseyndə(ə) qələbə çalacağına əminlik yaratdı. Həmin şəraitdə o, öz ordusunun köməyilə ağır vəziyyətə düşmüş islamı, eləcə də müsəlmanları xilas edə bilərdi. İmamın (ə) qələbə faktoru aşağıdakılarla bağlıdır:
-Hakimiyyətin zəifliyi. İmam Hüseynin (ə) birinci qələbə amili hökumətin zəifliyi idi;
-Xalqın əzab çəkməsi. İkinci qələbə amili xalqın hazırkı hökumətdən narazılığı idi;
-Ümumi fikirlər. İmamın (ə) qələbəsinin amillərindən üçüncüsü xalqın ümumi fikri idi. Çünki, şübhəsiz, Şamdan başqa islamın təsir dairəsində olan bütün ölkələr başdan-başa Hüseyn ibn Əlinin(ə) rəhbərliyinə razı idi;
-Rəhbərin ləyaqəti. İmam Hüseynin (ə) qələbə amillərindən dördüncüsü o Həzrətin (ə) ləyaqəti idi. Çünki dost və düşmənin təsdiq etdiyi kimi, Peyğəmbər (s) ailəsinin başçısı olan Hüseyn ibn Əli (ə) böyük islam ölkəsində ən ləyaqətli şəxs idi. İslam dünyasının şərqindən qərbinədək Peyğəmbər (s) balasından daha ləyaqətli və əzəmətli bir şəxsiyyət yox idi;
-Könüllü qüvvələr. İmam Hüseynin (ə) qələbəsinin beşinci amili İmamın(ə) könüllü qüvvələri idi. Əsas iqamətgahı İmamın(ə) nümayəndəsi olan Müslüm ibn Əqilin nəzarəti altında təşkil olunmuş könüllü qüvvəyə məxsus idi və burada sayı 18 mindən 40 minədək qeyd olunan bir cəmiyyət öz sevinc göz yaşları ilə Müslümün əlini sıxmışdılar. Təbii ki, İmamın (ə) ordusu yalnız Müslümə beyət edən bu cəmiyyətdən ibarət deyildi. Əslində, bu ilk cəmiyyət Hüseyn ibn Əlinin (ə) ordusunun özəyini təşkil edirdi. İmamın (ə) müdafiəyə hazır olan könüllü qüvvələri isə təkcə Kufədə (Bəsrə və digər şəhərləri nəzərə almasaq) təxminən 100 min nəfər idi. («Əbədi şəhid», səh. 28-30).
Həqiqətdə təkcə bu iki cənabın deyil, bütün imamət şiələri və vilayət vurğunlarının arzusu budur ki, kaş həmin vaxt hansı yolla olursa-olsun Übeydulla ibn Ziyad öldürüləydi. İmam (ə) Kufəyə gələydi və Allahın nümayəndəsinin rəhbərliyi altında həqiqi islam hökuməti təşkil olunaydı. Sonra Şam hökuməti süqut edəydi və başdan-başa bütün islam şəhərləri Rəsulullahın (s) balasının rəhbərliyi altında islam ədalətinin tamını dadaydılar.
Amma biz istəsək də, istəməsək də səqifədə yaranan ixtilaf xilafətin Quranla əlaqələrini kəsdi və onun ardınca yeni bidətləri izah etmək üçün ilk saxta hədis yaradılmaqla sonradan daha 600 min hədisin ortaya çıxmasına yol açıldı. Nəticədə Peyğəmbər(s) sünnəsi adı altında həqiqi sünnəyə qarşı bidətlər meydana gəldi. Necə deyərlər, din hərraca qoyuldu. Nəhayət, 50 illik saxta yol, saxta düşüncə və əməldən sonra fitnə-fəsad dağarcığı olan Yezid ibn Müaviyə islam xilafəti kürsüsündə oturdu. O, Vəlidə yazdı: «Beyət almaqda Hüseyn ibn Əliyə(ə) azacıq da olsa möhlət vermə. Əgər qəbul etsə, deməli onda məqsədimizə çatdıq. Əks təqdirdə onun başını bədənindən ayırıb mənə göndər».
Peyğəmbərin(s) balası özünü müdafiə etmək üçün gecəykən Mədinəni tərk edib Məkkəyə tərəf yola düşdü. Orada da təhlükəsizliyin təmin edilmədiyini görüb başa düşür ki, xəlifənin yaltaq işçiləri onun terror planını cızmış və qərara almışlar ki, həcc ayinləri yerinə yetirilərkən, cəmiyyətin izdihamlı yerində Zəhra(ə) balasının haqq-ədalət hayqıran səsini kəssinlər.
Bu barədə cənab Saleh yazır: «Məkkədə baş verən və xalqın diqqətini özünə cəlb edən yeni bir məsələ Peyğəmbər (s) balasının Məkkədən qəfil getməsi oldu. Mədinədə siyası hadisələri ona xəbər vermək üçün qardaşı Məhəmməd Hənəfiyyəni nümayəndə təyin etdiyi kimi, təbii olaraq Məkkədə də hökumət adamlarının vəziyyətinə tam şəkildə nəzarət edirdi. Zilhiccə ayının əvvəllərindən bir neçə gün keçmişdi ki, Yezid hökuməti tərəfindən yeni bir təhlükənin baş verə biləcəyini hiss etdi. Bu təhlükə zilhiccə ayının 8-də daha da ciddi və şiddətli oldu. Çünki Hicazın hakimi (Əmr ibn Səid) həmin ayın 8-də öz silahlı qüvvələri ilə Məkkəyə daxil oldu. Yaranmış terror təhlükəsi ilə üzbəüz olan İmam (ə) ya həbs olunmaq, ya da hakim qüvvələrlə müharibə etmək qarşısında qalmışdı. («Əbədi şəhid» əsəri, Müfidin «İrşad», Xarəzminin «Məqtəl», Yəqubinin «Tarix», «Suhuf» və «Əl-İmamə və əl-Siyasə» kitablarından nəql etməklə).
Cənab Şəhidi o zamanın mühüm şəhərlərinin siyasi vəziyyətinin planını çəkərkən Şam şəhəri barədə «Əqdul-əzid» kitabından nəql edərək yazır: «Müaviyə şamlılar barədə öz oğluna deyir: Şam əhalisini daim nəzarətdə saxla. Əgər bir düşməndən qorxsan, onları həmin düşmənlə müharibəyə göndər. Amma öz işlərini sona yetirən kimi onların Şamdan kənarda qalmasına icazə vermə. Onları dərhal evlərinə qaytar ki, yadların xasiyyətlərini götürməsinlər».
Buradan Müaviyənin uzaqgörənliyini və həmin torpağın əhalisinin əhval-ruhiyyəsini bəyan edən bu qısa söhbətdən onların əməviləri necə himayə etdiklərini başa düşmək olar.
Müəllif Məkkə şəhəri barədə yazır: «Bu şəhərin istər cahillik dövründə, istərsə də islam əsrində imtiyazlı bir mövqeyi var idi. Şəhər müsəlmanların qibləsi, hacıların ziyarətgahı və Allahın əmin-aman mərkəzi idi. Peyğəmbərin(s) qohumlarından bir qrupu orada yaşayırdılar. Amma 61-ci il hadisəsində özlərini kənara çəkdilər və meydanda tamaşaçı mövqeyi tutdular. Şəhər əhalisindən nə bir nəfər Hüseynlə (ə) İraqa getdi, nə də ciddi şəkildə onun orada qalmasını istədi».
Mədinə şəhəri barədə isə belə yazır: «Ömər və Osmanın rəhbərliyi dövründə yavaş-yavaş Qüreyş qəbiləsi və misirlilər şəhərin ixtiyarını öz əllərinə aldılar. Varlı təbəqə yarandı və bu təbəqənin sərvəti tədricən çoxaldıqca sakit və firavan həyata öyrəşdilər... Hüseyn(ə) Mədinədən Məkkəyə gedərkən camaatda heç bir reaksiya hiss olunmadı. Bu isə onu göstərir ki, Mədinə əhalisi həmin vaxtlar öz rahatlıqlarını daha üstün tuturdular».
Bəsrə barədə yazır: «Osmanın zamanında Əbu Musanın yerinə Abdulla ibn Amir Bəsrəyə vali təyin edildi. Abdullanın gəlişi ilə orada əməvilərin nüfuzu artdı. Cəməl müharibəsində Bəsrənin məğlubiyyəti xalqın əhval-ruhiyyəsinə dərin təsir göstərdi və bu müharibədən sonra adamların böyük əksəriyyəti (kufəlilər Əlinin (ə) tərəfdarı olduğu kimi) Osmanın tərəfdarlarına çevrildilər. Əli (ə) öldürüləndən sonra Müaviyə hakimiyyəti ələ aldı. O, çalışdı ki, bu kin-küdurət alovunu bacardığı qədər öz xeyrinə aradan qaldırsın. Müaviyənin ölümündən sonra İraq Yezid hökumətinin əleyhinə qalxdı və Hüseyn ibn Əlini (ə) dəvət etdi. Hüseynin (ə) Bəsrə əhalisinə yazdığı məktubun cavabında yalnız iki qəbilə onu qəbul etdi, amma onlar da vaxtında onun köməyinə çatmadılar». («Hüseynin (ə) qiyamı», səh. 94-106).
Kufə şəhəri barədə bir az öncə bəzi məsələlər müəllif tərəfindən açıqlandı və o, Kufə şəhərində baş verən qiyamı dəyərsiz bir qiyam kimi dəyərləndirir. Müəllif sonda yazır: «Bu qiyam hisslərin oyandığı və alovlu nitqlərin nəticəsi olan bir qiyam idi. Onda müxalifətin hansı imkanlara malik olmasına, qiyamın aparıcı qüvvəsinin bacarığına və onların hamıdan daha artıq öz məqsədlərində ardıcıl olmalarına əsla diqqət yetirilməmişdir».
İndi isə tarixi araşdırmaların belə bir dəyərləndirilməsinə görə mən necə özümdə cürət tapıb deyim ki, Peyğəmbər(s) sülaləsi öz zamanının vəziyyətindən xəbərsiz idi. Ona görə də kufəlilərin dəvətinə müsbət cavab verdilər. Əgər Übeydulla ibn Ziyad öldürülsəydi, dövran Bəni Haşimin xeyrinə fırlanardı və İmam Hüseyn(ə) islam xilafətində oturardı. Ya da cahillik təəssübünün zirvəsində qalan şəxslər kimi deyim ki, (Allaha pənah) kufəlilərin təhrikedici məktubları Hüseyni(ə) aldatdı və o, özünə arxayın olduğundan hakimiyyət və dünya həvəsilə heç bir nəticə əldə etmədən özünü qurban verdi.
Buna görə də inanıram ki, əvvəla, İmam (ə) öz qiyamının son nəticəsini dəqiqliklə bilirdi. İkincisi, özünün Neynəva torpağında şəhadətini qəti şəkildə bilərək, «Mütləq böyük vilayət» yolunda bu vadiyə qədəm qoydu. Üçüncüsü, o cənabın bu hərəkatda məqsədi yalnız və yalnız Quranı məhv olmaqdan xilas etmək idi. Şükürlər olsun ki, öz risalətini yüksək səviyyədə yerinə yetirdi və məqsədinə nail oldu.
Bu müddəaya sübut olaraq biz əvvəlki səhifələrdə Əllamə Əmininin təhqiqatlarına əsasən, bir sıra hədisləri nəql etmişdik. İndi də başqa bir hədisi təqdim edirik. İbn Əbil Hədid «Nəhcül-bəlağə»nin 37-ci xütbəsinin şərhində İbn Hilal Səqəfinin «Əl-Ğarat» kitabından nəql edərək yazır: «Zəkəriyyə ibn Yəhya Əttar Füzeyldən və Məhəmməd ibn Əlidən belə nəql edir:
فاسلونى قبل أن تفقدنى
İмам Əlİ (ə): «Mən aranızdan getməmiş məndən soruşun», - buyurduqda bir nəfər yerindən qalxıb dedi: Mənə de görüm, başımda və saqqalımda nə qədər tük vardır? Əli (ə) ona buyurdu:
والله لقد حدثنى خليلى ان على كل طاقة شعر من راسك ملعنك و ان على كل طاقة من لحيتك شيطاناً يغويك و ان فى بيتك سخلاً يقتل ابن راسول الله
«Allaha and olsun, mənim dostum (Həzrət Rəsulullah (s)) mənə rəvayət etdi ki, sənin başının hər bir tükündə bir mələk vardır ki, sənə lənət oxuyur və saqqalının hər bir tükündə bir şeytan vardır ki, səni yoldan azdırır. Sənin evində bir çəpiş vardır ki, Peyğəmbərin(s) oğlunu öldürər».
Sonra İbn Əbil Hədid əlavə edir: «Onun həmin vaxt evdə iməkləyən oğlu var idi. O, İmam Hüseynin (ə) qatili Sinan ibn Ənəsdir».
İndi əziz oxucu, de görüm, doğulduğu gün Peyğəmbər (s) tərəfindən qəmli hadisəsi söylənən, onu anmaq üçün matəm məclisi keçirilən və anası bu hadisəni xatırlayaraq onun başının üstündə lay-lay əvəzinə, ağı deyən, atası müxtəlif münasibətlərlə həmin hadisəni Peyğəmbərin (s) dilindən nəql edən Həzrətə (ə) bu hadisənin məxfi qalması mümkün idimi və ümumiyyətlə, belə bir iş ola bilərdimi?
Tarix öz çılğınlığı ilə bütün maraqlı, ibrətamiz və unudulmaz məqamları bizə nəql edərək yazır:
- Həzrət Hüseynə (ə) Yezidlə yola getmək və Kufəyə tərəf getməməyi tövsiyə edənlərdən biri də Abdulla ibn Ömər (ikinci xəlifənin oğlu) idi. İmam(ə) ona cavab verdi: «Ay Əba Əbdürrəhman, dünyanın zarafatlarından birinin də Yəhya ibn Zəkəriyyənın pak başının hədiyyə olaraq Bəni İsrail pozğunlarından birinə göndərilməsi olduğunu bilirsənmi?»
Məkkədən Kufəyə gedən yolun üstündə yerləşən Bətnul-Əqabə məntəqəsində Bəni Əkrəmə qəbiləsindən olan bir qoca İmamın (ə) görüşünə gəlib dedi: «Sizi Allaha and verirəm, geri qayıdın. Çünki Kufəyə getmək qılınc və nizələri qarşılamaq deməkdir». İmam (ə) buyurdu: «Həqiqətlər mənə gizlin deyildir. Amma Allahın əmrinə itaət etmək vacibdir..».
İkincisi budur ki, İmamın (ə) müxtəlif münasibətlərlə söylədikləri fikirlər onun hərəkət və rəftarlarında açıq-aydın görünürdü və məlum idi ki, Həzrət (ə) bilərəkdən bu yolu seçmişdir. Başa düşmək lazımdır ki, elə bu bilərəkdən olan seçim Həzrətin(ə) şəhadətinin fəzilətini daha da artırır.
Həzrətin (ə) həcc ayinlərini yerinə yetirdikdən sonra Kufəyə getmək məqsədilə Məkkəni tərk etməsi barədə olan qərarı adamlar arasında yayıldıqda, qardaşı Məhəmməd ibn Hənəfiyyə, əmisi oğlu İbn Abbas, əmisi oğlu Abdulla ibn Cəfər Təyyar (Həzrət Zeynəbin (ə) həyat yoldaşı), Abdulla ibn Zübeyr və digər böyüklər və əyanlar ona Kufə əhalisinin vəfasızlığından, habelə bu vəfasızlığın onun atası və qardaşı ilə bağlı tarixi hadisələrdən söz açdılar. Lakin Həzrət (ə) onların fikirlərini rədd və ya təsdiq etmək barədə heç nə açıqlamadı.
Tərviyə (zilhiccənin 8-ci günü) günü Səd ibn As öz tərəfdarları ilə Yezid ibn Müaviyə tərəfindən həcc əmiri kimi Məkkəyə daxil oldu. O, tapşırıq almışdı ki, İmamı (ə) həbs etsin. Əgər bunu bacarmasa, fitnə salıb İmamı (ə) öldürsün. İmam (ə) dərhal həcc ehramından ifrad ümrəsinə keçdi. O, Allah evinin təvafından, habelə Səfa və Mərvə arasındakı ayinlərdən sonra ehramdan çıxdı. Həmin gecəni hacılar Minaya getməyə hazırlaşdıqları zaman öz qərarını yetərli bir xütbə arasında belə bəyan etdi:
الْحَمْدُ للّهِ ماشاءالله و لا قوة الا بالله و صالى الله على راسوله، خط الموت على ولد آدم مخت القلادة على جيد الفتاه ما اولهنى الى اسلافى اشتياق يعقوب الى يوسف، و خير لى مصرع انا لاقيه، كانى باوصالى تتقطعها عسلان الفلوات بين النواويس و كربلا فيمن منى اكراشاً جوفاً و اجربة سغبا، لامحيص عن يوم خط بالقلم، رضى الله رضانا اهل البيت نصبر على بلائه و يوفينا اجور الصابرين، لن تشذ عن رسول الله لحمته و هى مجموعة له فى حظيرة القدس تقربهم عينه و ينجر بهم و عده من كان باذلاً فينا مهجته و موطّنا على لقاء الله نفسه فليرحل معنا فانى راحل مصبحاً انشاء الله تعالى
«Allaha şükürlər olsun və istək onunkudur. Ondan başqa və onun vasitəsi olmadan heç bir qüdrət yoxdur. Ölüm Adəm övladına məcburidir. Gənc qızın sinəsinə və boynuna boyunbağı necə yaraşırsa, ölüm də Adəm övladı üçün eləcə gözəl bir xətdir. Mən Yəqubun Yusifi gözlədiyi kimi, öz ata-babalarımla görüşü necə də gözləyirəm. Mənim üçün bir qətl yeri seçilmişdir və mən onu görməyə tələsirəm. Sanki baxıram və görürəm ki, Kərbəla və Nəvavis arasındakı səhranın ac qurdları mənim bədən üzvlərimin oynaqlarını tikə-tikə edir, öz ac qarınlarını ətimlə doydururlar. Olacağa çarə yoxdur, biz Əhli-beytin (ə) razılığı Allahın razılığıdır. İlahi imtahan və problemlərə səbir edərəm. O, bizə səbir edənlərin kamil mükafatını verəcəkdir. Allah Peyğəmbərinin (s) vücudu ondan uzaqda qalmayacaq, əksinə, o Həzrətlə (s) cənnətdə əlaqələr yaranacaq və Həzrətin (s) onlara verdiyi vədlər yerinə yetiriləcəkdir. Ayıq olun: Hər kəs bizim aramızda, bizim yolumuzda və bizim məqsədimizin yolunda öz qanından keçərək Allahla görüşmək istəyirsə, bizimlə birlikdə köç etsin. Mən bu səhər köç edəcəyəm, inşallah!»
Kitabın adı: Qədir günündən Aşurayadək
Müəllif: Seyid Kazim Pərpənçi