» » Əbu Həmzə Sumali duası (tərcüməsi)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Əbu Həmzə Sumali duası (tərcüməsi)
+21
Müəllif: islam awiqi | 21-10-2015, 14:30 | Baxılıb: 20 656
 
 
Əbu Həmzə Sumali duası 
 
Şeyx "Misbah”ında Əbu Həmzə Sumalidən nəql edir ki, İmam Zeynulabidin(ə) Ramazan ayında bütün gecəni namaz qılardı və səhərlər bu duanı oxuyardı:
İlahi, məni öz bəlalarınla ədəbləndirib qəflətən yaxalayan əzabınla cəzalandırma! Ey Rəbbim, xeyir Sənin ixtiyarında olduğu halda, mən onu başqa yerdən tapa bilərəmmi?! Qurtuluş yalnız Sənin lütfünlə mümkün olduğu halda, onu harada axtarım?! İlahi, nə xeyirxah insan Sənin lütf, rəhmət və yardımından ehtiyacsız, nə də günahkar Sənin razılığını əldə etməyi istəməyərək hökmlərindən qorxusuz olmuş və qüdrətinin əhatəsindən kənara çıxmışdır. Ey Rəbbim! Ey Rəbbim! Ey Rəbbim! 
"Ya Rəbbi” sözünü nəfəs kəsilənə kimi demək.
Səni Öz vasitənlə tanımış, Özün mənə Səni tanımaqda yol göstərmiş və dərgahına dəvət etmisən. Əgər Sən olmasaydın, mən kim olduğunu bilməzdim. Həmd-səna o Allaha məxsusdur ki, məni çağırdıqda tənbəllik etməyimə baxmayaraq, Onu çağırdığım zaman duamı qəbul etdi. Həmd-səna o Allaha məxsusdur ki, Onun yolunda borc verməyimi istədikdə paxıllıq etdiyim halda, Ondan istədikdə əta edir. Həmd-səna o Allaha məxsusdur ki, hər zaman Onu öz ehtiyacım üçün səslədikdə cavab verir və Onunla gizlində raz-niyaz etməyə nail olduqda, heç bir vasitəçi olmadan istəyimi yerinə yetirir. Həmd-səna o Allaha məxsusdur ki, başqasını deyil, yalnız Onu çağırıram və əgər başqasını çağırsam, duam qəbul olunmaz. Həmd-səna o Allaha məxsusdur ki, başqasına deyil, yalnız Ona ümid edirəm və əgər başqasına ümid bəsləsəydim, məni naümid edərdi! Həmd-səna o Allaha məxsusdur ki, məni xar və zəlil etmək üçün insanlara deyil, Özünə həvalə etmədi və mənə qayğı göstərdi. Həmd-səna o Allaha məxsusdur ki, məndən ehtiyacsız olduğu halda, mənə məhəbbət göstərdi. Həmd-səna o Allaha məxsusdur ki, heç bir günahım yoxmuş kimi, mənimlə yumşaq davrandı. Odur ki, Rəbbim mənim nəzərimdə hər şeydən daha çox tərifə layiq və mənim sitayişimə daha ləyaqətlidir. İlahi, məxluqatın hacət yollarının (qapılarının) Sənə doğru açıq, Sənə bəslədikləri ümid bulaqlarının coşub-daşan, Səni arzu edənlərin fəzl və mərhəmətindən yardım istəməsini asan və bəyənilən, fəryada yetməyini istəyənlərin dua qapılarının açıq olduğunu güman edirəm. Əminəm ki, Sənə ümid edənlərin hacətini qəbul etmək və kədərlilərin fəryadına yetməyə qadirsən. Sənin ehsan və bəxşişlərin üçün nalə etmək və hökmünə razı olmaqda paxılların məhrum etdikləri və dünyanı istəyənlərin əlləri ilə toplayaraq ehtiyacsız olduqlarından (mal, sərvət...) da daha geniş bir əvəz (mükafat) vardır, Sənin dərgahına tərəf istiqamətlənənlərin yolu qısadır və Sən bəndələrə gizli deyilsən, amma Səndən başqasını arzu etmələri və əməlləri Sənin camalını görməyə mane olur. Duamı eşitmək və bağışlanmaq diləməyimi qəbul etməyinə layiq olmadığım, əksinə ehsan və kərəminə etimad etdiyim, mərhəmət edəcəyinlə bağlı verdiyin vədlərin doğru olması ilə aram olduğum, yeganəliyinlə bağlı imanıma sığındığım və Səndən başqa heç bir tanrının olmadığı, yeganə və şəriksiz olduğuna əmin olduğum halda, öz istəklərimlə Səni nəzərdə tutmuş, hacətlərimlə Sənə üz gətirmiş, Səni pənah yeri seçmiş, dua ilə Sənə təvəssül etmişəm. İlahi, sözün haqq, vədin də doğrudur. Sən özün buyurubsan ki, "hacətlərinizi Allahın fəzl və mərhəmətindən istəyin, həqiqətən, Allah həmişə bəndələrinə qarşı rəhmlidir.” Ey mənim mövlam, bəndələrə bir şey istəməyi əmr etdiyin halda, onlar Səndən bir hacət istədikdə nemət əta etməmək xüsusiyyəti Səndən uzaqdır. Çünki Sən məxluqata həddən artıq bəxşiş edən, onlara məhəbbət və mehribanlıqla nəzər salansan! İlahi, kiçik (uşaq) olduğum zaman nemət və ehsanlarınla məni böyütdün və böyük olduğum zaman da adımı ucaltdın! Ey bu dünyada məni ehsan, mərhəmət və neməti ilə boya-başa çatdıran, axirətdə də bağışlayacaq və ehsan edəcəyinə işarə edən! Ey mənim ixtiyar sahibim, (Sənə olan) mərifətim Sənə doğru rəhbər və bələdçim, məhəbbətim hüzurunda vasitə və şəfaətçimdir. Rəhbərim Sən olduğundan, bələdçimə etimad edirəm və qəbul etdiyin üçün öz şəfaətçimdən də xatircəməm, ey mənim mövlam, Səni günahların lal etdiyi bir dillə çağırıram. İlahi, Səninlə xətaların həlak etdiyi qəlb ilə raz-niyaz edirəm! İlahi, Səni qorxan, həvəsli, ümidvar və həyəcanlı bir qəlblə çağırıram! Ey mənim ixtiyar sahibim, günahlarıma nəzər saldıqda, qorxur, kərəmini görəndə isə ümidvar oluram! Beləcə, mehribanların ən üstünü olduğun üçün məni bağışlayarsan. Əgər əzab etsən də, zülm etməyibsən! İlahi, əməllərim pis olduğu halda, Səndən hacət istəməyə məni cürətli edən Sənin ehsan və kərəm sahibi olmağın, abır-həyamın az olmasına baxmayaraq, çətinlik zamanı dərgahına pənah gətirməyimə səbəb Sənin rəhmət və mehribanlığındır. Günah və qəbahətlərimin olması ilə yanaşı, yenə də məni arzularımdan məhrum etməyəcəyinə ümid edirəm. Belə isə, ümidlərimi gerçəkləşdir, duamı qəbul et, ey çağırılanların ən yaxşısı, ey ümid edilənlərin ən fəzilətlisi! Ey mənim mövlam, arzularım necə də böyük, əməllərim necə də pisdir! Əfvindən arzuladığım miqdarda mənə əta et və pis əməllərimə görə məni cəzalandırma! Həqiqətən, kərəmin günahkarları cəzalandırmaqdan daha böyük, həlim və yumşaqlığın isə müqəssirlərlə haqq-hesab çəkməkdən daha böyükdür. Ey mənim mövlam, Sənin fəzl və kərəminə sığınır, qəzəbindən Sənə doğru qaçıram. Sənə qarşı yaxşı gümanda olanları bağışlayacağına dair verdiyin vədinin gerçəkləşməsi qətidir. İlahi, mən Sənin müqabilində aciz və zəifəm, fəzl və rəhmətindən mənə əta et, əfvinlə mənə minnət qoy! Ey Rəbbim, örtüyünlə pis əməllərimi gizlə, kəramətinə xatir məni cəzalandırmaqdan vaz keç! Əgər bu gün Səndən başqası mənim günahlarımdan xəbərdar olsaydı, mən onları yerinə yetirməz, cəzanın tez gəlməsindən qorxsaydım, hökmən ondan uzaqlaşardım və bunlar Səni görənlərin ən zəifi, xəbərdar olanların ən yüngülü kimi hesab etdiyim üçün deyil, əksinə, ey Rəbbim, Sən çirkin əməlləri örtənlərin ən yaxşısı, hökmdarların ən xeyirxahı, ehsan edənlərin ən kəramətlisisən! Sən eyibləri örtən, günahları bağışlayan, sirləri bilən, kərəminlə günahların üstünü örtən, cəzanı səbrinlə təxirə salansan. Həmd olsun Sənin elminlə yanaşı helminə və qüdrətinlə yanaşı əfvinə! İlahi, mənə sonsuz həlimliyin məni günahlara sövq edir, pis əməllərimi örtməyin məni həyasızlığa dəvət edir, rəhmətinin geniş, bağışlamağının sonsuzluğuna mərifət (agahlıq) məni qadağalarını pozmağa cürətləndirir. Ey həlim, ey kərim, ey diri, ey daimi! Ey günahları bağışlayan, ey tövbələri qəbul edən, ey nemətləri böyük, ehsanı əzəli! Sənin gözəl örtüklərin, böyük əfvini, yaxın nicat və qurtuluş, dərhal fəryada yetməyin hanı?! Hanı geniş rəhmətin, fəzilətli bəxşişin, ləzzətli hədiyyələrin, dəyərli işlərin (mərhəmətlərin), böyük fəzilətin?! Haradadır böyük nemətlərin, həmişəlik ehsanın, kərim olmağın?! Ey kərim olan, kərəminə xatir mənə nicat ver, rəhmətinə xatir məni həlak olmaqdan xilas et, ey ehsan edən, ey xeyirxah, ey nemət və fəzilət sahibi! Sənin əzabından xilas olmaqda əməllərimizə deyil, yalnız fəzlinə arxalanırıq. Çünki Sən çəkinilmək və bağışlamağa daha layiqsən. Əvvəlcə ehsan etməklə nemət verir, sonra kərəminlə günahları bağışlayırsan. Bizim üçün artırdığın yaxşılıqlaramı, yoxsa, eyiblərimizin üstünü örtməyinəmi, şiddətli imtahan və sınaqları bizə asanlaşdırmağın və bizi qorumağınamı, yoxsa, çoxlu bəlalardan bizə nicat verərək amanda saxlamağınamı şükür edək?! Bunların hansının şükrünü yerinə yetirəcəyimizi bilmirik. Ey Ona məhəbbət bəsləyənləri sevən, ey hər şeydən əlini üzüb Ona sığınanların gözünün nuru! Sən ehsan edən, biz isə pis əməl və günah sahibiyik! Ey Rəbbim, ixtiyarındakı gözəl şeylər (əfv və bağışlamaq) xatirinə bizim qəbahətlərimizi bağışla! Ey Rəbbim, ehsan və bəxşişinin şamil olmadığı nadan varmı?! Hansı zaman Sənin həlimlik müddətindən daha uzundur?! Nemətlərin müqabilində yaxşı əməllərimiz dəyərsizdir. Çirkin əməllərimizi Sənin sonsuz lütf və kərəminlə necə çox hesab edə bilərik?! Rəhmətinin geniş olması ilə günahkarlara necə möhlət verilməyə bilər?! Ey məğfirəti çox və əliaçıq olan! Sənə and verirəm rəhmət və izzətini, ey mənim mövlam, əgər məni dərgahından qovsan, bəxşiş və ehsan edəcəyini bildiyim üçün başqasının qapısına getməz, Sənə yalvarmaqdan əl çəkmərəm! Sən istədiyini yerinə yetirir, istədiyinə istədiyin kimi və istədiyinlə əzab verir və istədiyinə istədiyin kimi və istədiyinlə rəhm edirsən. İşlərindən sorğu-sual olunmaz və mülkündə kimsə Səninlə höcətləşməz, hökmündə kimsə Sənə şərik və əmrində kimsə zənə qarşı çıxmaz. Kimsə tədbirlərinlə bağlı Sənə etiraz edə bilməz. Xilqət və hökm yalnız Sənə məxsusdur. Aləmlərin Rəbbi olan Allah xeyir və rəhmət sahibidir! İlahi, Sənə üz tutan, lütf və kərəminə sığınan, nemət və ehsanlarınla ünsiyyət yaradan kəsin məqamı budur! Sən əfvi tükənməyən səxavətli, fəzlinə xələl gəlməyən və rəhməti azalmayansan. Bizim bütün arxayınlıq və əminliyimiz Sənin əzəli əfv, əzəmətli fəzl və geniş rəhmətinə görədir. Belə isə, ey Rəbbim, Sənə nikbinliyimizə xilaf çıxar və ya bizi ümid və arzularımızdan məhrum edərsənmi?! Xeyr, əsla! Ey kərim, Sənə gümanımız və Səndən intizarımız belə deyil! Ey Rəbbim, Səndən istədiyimiz uzun-uzadı arzular və Sənə böyük ümidimiz var! Günahlarımızın üstünü örtəcəyinə ümid etdiyimiz halda, Sənə qarşı üsyan etmiş, dualarımızı qəbul edəcəyinə ümidvar olduğumuz halda, Səni çağırırıq. Belə isə, ey bizim mövlamız, ümidlərimizi gerçəkləşdir. Əməllərimizlə məhrumiyyətdən başqa heç bir şeyə layiq olmadığımızı bilirik, amma Sən bizim əməllərimizdən xəbərdarsan və rəhmətinə layiq olmadığımız halda, Öz dərgahından bizi əliboş qaytarmayacağını bilirik. Sən geniş fəzlinlə bizə və günahkarlara ehsan etməyə layiqsən. Sənə layiq olan tərzdə bizə nemət və ehsan bağışla, çünki biz Sənin nemətlərinə möhtacıq. Ey bağışlayan, bizi mərifət nuruna xatir hidayət, fəzlinlə xatir ehtiyacsız və qane et. Gecə və gündüzü Sənin nemətlərinin sayəsində keçiririk və günahlarımız Sənə bəllidir. İlahi, Səndən bağışlanmaq diləyir və tövbə ilə Sənə doğru qayıdırıq! Sən müxtəlif nemətlərinlə bizə məhəbbət göstərdiyin halda, biz günahlarımızla Sənə qarşı çıxır, Sən bizə xeyir nazil etdiyin halda, pis əməllərimiz tükənmək bilmədən Sənə doğru yüksəlir. Əməlləri qeydə alan mələk həmişə qəbahətli əməllərimizi dərgahına gətirsə də, bunlar Sənin zahir və batini nemətlərinin bizə nəsib olmasına mane olmur. Sən pak və bütün eyiblərdən uzaqsan. Sən yaradılışı başlayıb-bitirməkdə necə də helmli, əzəmətli və kəramətlisən! Adların müqəddəs, tərifin böyük, işlərin kəramətlidir. İlahi, xəta və əməllərimlə müqayisədə fəzlin daha geniş, səbrin daha böyükdür. Ey mənim mövlam, ey mənim mövlam, ey mənim mövlam, məni bağışla, məni bağışla, məni bağışla! İlahi, bizi zikrinlə məşğul edərək qəzəbindən aman ver, əzabından xilas edərək nemət və fəzlini, evinin (Kəbənin) və Peyğəmbərinin qəbrinin ziyarətini bizə nəsib et! Sənin salamın, rəhmət, məğfirət və razılığın olsun ona və onun Əhli-beytinə! Həqiqətən, Sən bəndələrə yaxın və dualarını qəbul edənsən. Əməldə Sənə itaəti bizə nəsib et və bizi Sənin dinin və Rəsulunun (ona və Əhli-beytinə salam olsun) sünnəsində olduğumuz halda dünyadan apar. İlahi məni, ata-anamı bağışla, körpə olduğum zaman məni boya-başa çatdırdıqları kimi, onlara da rəhm et. Onlara mənə etdikləri yaxşılıqlar müqabilində yaxşılıq et və günahları müqabilində bağışlanmaqla mükafatlandır. İlahi, mömin kişi və qadınları, onlardan həyatda olanlar və ya ölənləri bağışla, onlarla aramızdakı rabitəni xeyir işlərlə əlaqələndir. İlahi, diri və ölülərimizi, yanımızda olan və olmayanları, kişi və qadınlarımızı, uşaq və böyüklərimizi, nökər və azad olanlarımızı bağışla! Allahdan üz çevirən, böyük zəlalətə düçar olan, açıq-aşkar xəsarətə uğrayanlar yalan danışırlar. İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, mənim aqibət və sonumu xeyrə cala, dünya və axirətlə bağlı əhəmiyyətli işlərdə mənə yetərli ol, mənə rəhm etməyəcək kəsləri hakim etmə, Öz tərəfindən mənə daimi gözətçi təyin et. Verdiyin üstün nemətləri məndən alma, Öz fəzlindən mənə pak, halal və tükənməz ruzi ver! İlahi, məni öz mühafizənlə aman ver, hifzinlə qoru, himayənlə bütün bəlalardan amanda saxla, bu il və bütün illərdə Sənin möhtərəm evinin həcci, Peyğəmbər və imamların qəbrinin ziyarətini mənə nəsib et! Ey Rəbbim, məni bu kəramətli məkanların ziyarətini müşahidə etmək və orada olmaqdan məhrum etmə! İlahi, mənə elə bir tövbə nəsib et ki, bir daha günah etməyim. Mənə xeyir və ona əməl etməyi, gecə və gündüz Səndən qorxmağı ilham et, ey aləmlərin Rəbbi! İlahi, Sənin dərgahında namaz qılmağa hazırlaşıb Səninlə raz-niyaz etməyi qəsd etdiyimdə, bəzən namaz qıldığım zaman məni yuxuya vermiş, münacat etdiyim zaman da məni münacatdan məhrum etmisən. Axı, mənə nə olub ki, yaxşı işlər görməyi və "tövbəkarlar” məqamına yaxınlaşmağı əhd etdiyim zaman, hansısa bir maneə məni bu işlərdən saxladı və Sənin xidmətində olmaqda mənimlə Sənin aranda fasilə düşdü?! Ey mənim mövlam, yoxsa, məni qapından qovmuş, xidmətində olmaqdan uzaqlaşdırmış, bəndəlik haqqını yüngül saydığımı görüb məni Özündən kənarlaşdırmış, yaxud Səndən üz döndərdiyimi görüb mənə qəzəblənmiş və yaxud yalançılardan hesab edib məni tərk edibsənmi?! Yoxsa, nemətlərinin şükrünü yerinə yetirmədiyimdən məhrum etmiş, yaxud alimlərin məclisində olmadığımdan xar etmiş, yaxud da qafillərdən hesab edib rəhmətindən məyus etmisən?! Məni batil əhlinin məclisində onlarla ünsiyyət qurduğumu görüb məni onların öhdəsinə qoymuş və ya duamı eşitmək istəməyərək dərgahından uzaqlaşdırmış, xəta və təqsirimə görə məni yaxalamış, yaxud da həyasızlığıma görə məni cəzalandırıbsanmı?! Ey Rəbbim, əgər məni əfv etsən, onsuz da, məndən qabaqkı günahkarları da həddən artıq bağışlayıbsan. Ey Rəbbim, Sənin lütf və kərəmin müqəssirləri cəzalandırmaqdan böyükdür və mən Sənin fəzlinə sığınır, Səndən Sənə tərəf qaçıram. Bağışlayacağına nikbin olanlara verdiyin vədin hökmən gerçəkləşəcək. İlahi, fəzlin əməllərimlə müqayisə olunmayacaq qədər geniş, səbrin xətalarıma görə məni xar etməyəcəyin qədər böyükdür. Ey mənim mövlam, mən aciz və zəifəm. Ey mənim mövlam, fəzlinə xatir mənə nemət əta et və əfvinlə mənə minnət qoy. Eyiblərimin üstünü örtməklə başımı ucalt və kərim olan zatına xatir məni cəzalandırmaqdan vaz keç! Ey mənim mövlam, mən Sənin ərsəyə gətirdiyin yetim bir uşağam, elm əta etdiyin bir nadanam, hidayət etdiyin bir azğınam, izzət və məhəbbət bağışladığın zəlil və rüsvay olmuş bir şəxsəm, arxayın etdiyin bir qorxağam, tox etdiyin bir acam, susuzluğunu yatırdığın bir susuzam, geyindirdiyin bir çılpağam, ehtiyacını ödədiyin bir fəqir və qüdrət verdiyin qüdrətsiz bir şəxsəm, böyük etdiyin bir kiçilmişəm, şəfa verdiyin bir xəstəyəm və bəxşiş verdiyin bir dilənçiyəm. Mən günahlarını örtdüyün günahkar, güzəştə getdiyin xətakar, (mal və sərvəti) az olduğunda çoxaltdığın, yardım etdiyin zəif, sığınacaq verdiyin qovulanam. Ey Rəbbim, nə xəlvətdə Səndən həya etmiş, nə də camaat arasında bəndəlik vəzifəmi yerinə yetirmişəm. Mən şiddətli müsibətlərin üz gətirdiyi zaman Öz ağasına qarşı cürətləndim, göylərin qalib Allahına itaətsizlik etdim, böyük günahlarıma görə rüşvət verdim (mal xərclədim), bir günaha (onun bağışlanılmasına) görə müjdə verildikdə, ona qurşanmağa tələsdim, tövbə üçün mənə möhlət verdikdə, günahlardan əl çəkmədim, eyiblərimi örtdükdə, həyasızlıqla günah edib həddi aşdım və məni nəzərindən saldığın zaman, yenə fərqinə varmadım. Öz səbrinlə mənə möhlət verdin və əməllərimi örtdün, sanki mənim günahlarımı unutdun, məni cəzalandırmaqdan vaz keçdin və məndən utanıb həya etdin. İlahi, ilahiliyini inkar etdiyim, əmrlərini yüngül saydığım, cəzalarına sinə gərdiyim, əzab vədini əhəmiyyətsiz saydığım halda, Sənə qarşı günah etməmişəm, əksinə xətaya uğradığımdan, pis əməllərim yaxşı cilvələndiyindən, nəfsi istəklərim mənə qələbə çaldığından, bədbəxtçiliyim bu işdə mən yardımçı olduğundan və eyiblərimi örtməyin məni məğrur etdiyindən Sənə üsyan etmişəm. İndi kim Sənin əzabından mənə nicat verə bilər?! Kim gələcəkdə düşmənlərin əlindən məni xilas edər?! Əgər rabitəni mənimlə kəssən, mən kiminlə münasibət yaradaram?! Vay olsun mənə, Sənin kitabında (Quranda) pis hesab edilən (və mənim törətdiyim) əməllərimə görə! Əgər Sənin kərəmin və geniş rəhmətinə ümidim, habelə günahkarlara rəhmətindən məyus olmağı qadağan etməyin olmasaydı, onları (əməlləri) xatırladıqda, mütləq naümid olardım. Ey çağırılanların ən yaxşısı, ey ümid edilənlərin ən fəzilətlisi! İlahi, İslam hökmlərinin öhdəçiliyi ilə Sənə təvəssül edir, Quranın hörməti və ona iman vasitəsilə Sənə etimad edir və dərs oxumayan, Qüreyşi, Haşimi, ərəb, Təhami, Məkkəli və Mədinəli Peyğəmbərinə (s) məhəbbət bəsləməklə dərgahına yaxınlaşıram. Ünsiyyətimi vəhşətlə əvəz edərək mükafatımı səndən başqasını istəyənlərin mükafatına çevirmə! Hansısa bir qövm dillərində iman gətirdilər ki, bu yolla (İslamla) canlarını qorusun və qanları axıdılmasın, onlar arzularına nail oldular. Biz isə həm dilimiz, həm də qəlbimizlə Sənə iman gətirmişik ki, bizi bağışlayasan. Belə isə, bizi də arzularımıza çatdır. Sənə ümid bəsləməyi qəlbimizdə sabit saxla. Bizi hidayət etdikdən sonra qəlbimizi (haqdan batilə) dəyişmə və Öz tərəfindən bizə rəhmət bəxş et! Həqiqətən, Sən həddən artıq bəxşiş edənsən. And olsun izzətinə, əgər məni qapından qovsan, bir yerə getməz və Sənə yalvarmaqdan əl çəkmərəm, çünki qəlbimə kərəm və rəhmətinə dair mərifət ilham olunmuşdur. Qul ağasından başqa, kimin yanına gedər, məxluq xaliqindən başqa, kimə sığınar?! İlahi, əgər boynumu qəhr zəncirinlə bağlasan, xalq arasında nemətini məndən əsirgəsən, bəndələrinin nəzərində rüsvayçılığımı aşkarlasan, cəhənnəm oduna sürüklənməyimi əmr etsən, mənimlə yaxşılar arasında ayrılıq salsan, yenə də ümidim Səndən qırılmayacaq, rəhmətinə ümidim üzülməyəcək və məhəbbətin qəlbimdən çıxmayacaq. Mən heç vaxt dünyadakı bəxşişlərini, eyiblərimi örtməyini unutmayacağam. Ey mənim mövlam, dünya məhəbbətini qəlbimdən çıxart, məni Öz bəndələrinin arasından seçdiyin Mustafa, məxluqatın ən xeyirlisi və peyğəmbərlərin sonuncusu Məhəmməd (Allahın salamı olsun ona və Əhli-beytinə) və onun Əhli-beyti ilə birgə et. Məni tövbə edərək Sənə doğru qayıdanların məqamına çatdır. Ömrümü təəssüf və batil arzularla bada verdiyim, xeyir əldə etməkdən məyus olanların cərgəsinə keçdiyim üçün öz halıma ağlamaqda mənə yardım et! Görəsən, halı məndən də pis olan kimsə varmı? Əgər bu vəziyyətdə qəbrə getsəm, orada özümə yatacaq, sərmək üçün saleh əməllərdən ibarət xalı hazır etməmişəm. Belə isə, nə üçün ağlamayım və hara qayıdacağımı bilməyim?! Görürəm ki, nəfsim mənə qurğu qurur, ruzigar məni tovlayır, ölüm başım üstündə qanad çalır. Belə isə, nə üçün ağlamayım?! Ağlayıram ruhumun bədəndən çıxmasına, qəbrimin zülmətinə, əbədi yerimin darlığına, Nəkir və Münkərin məndən sorğu-sual etməsinə, qəbirdən çılpaq, zəlil və xar, ağır (günah) yükünü çiyinlərimdə daşıyacaq halda çıxacağıma! (O vaxt) bir dəfə sağıma, bir dəfə soluma baxaram, çünki məxluqat mənim kimi yox, başqa bir vəziyyətdə olar. O gün hər kəs öz əməlinə möhtac, bəzi üzlər parlaq, güləyən və sevincli, bəzi üzlər isə toz-torpaq içində və zillət tozu qonmuş halda olar. Ey mənim ixtiyar sahibim, yalnız Sənə sığınır, Sənə etimad və ümid edirəm. Mən yalnız Sənin rəhmətinə bağlıyam, Sən istədiyinə rəhmətini nəsib edir, sevdiyini kəramətinlə hidayət edirsən. Qəlbimdən şirki təmizlədiyin, dilimi zikrin üçün açdığına görə Sənə həmd olsun! Görəsən, mən bu lal dilimlə Sənə şükrü yerinə yetirə və əməllərimdə çalışqanlıqla Səni razı sala bilərəmmi?! Ey Rəbbim, şükrünü yerinə yetirməkdə dilim aciz, ehsan və nemətlərin müqabilində əməllərim dəyərsizdir! İlahi, ehsanın arzularımı artırmış və bəxşişlərin əməlimin qəbulluğuna səbəb olmuşdur. Ey mənim mövlam, yalnız Sənə rəğbətliyəm və yalnız Səndən qorxuram. Arzularımı yalnız Səndən umuram, ümidim məni Sənə doğru yönəldir, ey yeganə olan Allahım, iradəm etikaf (Rəcəb ayında insanların (came məscidi kimi) böyük məscidlərdə toplaşaraq üç gün müddətində (zəruri işlər istisna olmaqla) oradan çıxmayaraq ibadətlə məşğul olmasına deyilir. Rəcəb ayında insanların (came məscidi kimi) böyük məscidlərdə toplaşaraq üç gün müddətində (zəruri işlər istisna olmaqla) oradan çıxmayaraq ibadətlə məşğul olmasına deyilir. tmiş, rəğbətim dərgahındakı nemətlərə yönəlmişdir. İxlasla yalnız Sənə ümid edir və yalnız Səndən qorxuram. Məhəbbətim yalnız Səninlə ünsiyyət qurmuş, əllərim yalnız Sənə tərəf açılmışdır. Sənə itaət və Sənin xofundan yapışmışam. Ey mənim mövlam, qəlbim yalnız Sənin zikrinlə yaşayır, Səndən ayrılıq qorxum yalnız münacatınla təskinlik tapır. Ey mənim ixtiyar sahibim, ey ümidim, ey məqsədimin sonu, mənimlə daim Sənə itaətə mane olan günahlarım arasında fasilə sal! Mən Sənə daimi ümidim, Özünə vacib etdiyin rəhmət və mərhəmətə şiddətli hərisliyim vasitəsilə Səndən istəyirəm! Hökm yalnız Sənə məxsusdur. Sən tək və şəriksizsən. Bütün məxluqat Sənin ehsanlarınla (verdiyin ruzi ilə) yaşayır və Sənin qüdrətinin əhatə dairəsindədir. Hər şey Sənin qarşında təvazökardır və aləmlərin Rəbbi xeyrin sahibidir. İlahi, mənim üçün höccət tamamlandıqda, dilim Sənə cavab verməkdə lal olduqda, ağılım cavab verməkdə çətinliyə düşdükdə mənə rəhm et! Ey mənim böyük ümidim, ehtiyacım şiddətləndiyi zaman məni kərəmindən məhrum etmə, nadanlığıma görə məni geri çevirmə, səbrimin azlığına görə məni (nemətlərdən) məhrum etmə, fəqir olduğum üçün bəxşiş ver və zəifliyimə rəhm et! Ey mənim mövlam, yalnız Sənə sığınır, etimad və ümid edirəm. Sənin rəhmətindən yapışmış, Sənin dərgahında məskunlaşmış, ehsanınla istəyimi əta etməyini diləyirəm! Ey Rəbbim, kərəminə xatir duamı qəbul etməyin istəyir, Sənə ümid edir və ehtiyacsızlığımı Sənin qane etməyinlə aradan qaldırır, bağışlamağının sayəsində dayanır, ehsan və kərəminə göz dikir və həmişə əzəli yaxşılıqlarına nəzər salıram. Arzularımı gerçəkləşdirə biləcəyin halda, məni cəhənnəm odunda yandırma! Həqiqətən, Sən gözümün nuru olduğun halda, məni cəhənnəmdə sakin etmə! Ey mənim mövlam, ehsan və nemətlərinə olan gümanımı boşa çıxarma! Həqiqətən, Sən mənim etimad yerimsən. Savablarından məni məhrum etmə, şübhəsiz ki, Sən fəqirliyimdən xəbərdarsan. İlahi, əgər əcəlim yetişdikdə əməlim məni Sənə yaxınlaşdırmayıbsa, günahlarıma etirafımı üzrümün qəbul olunması üçün bir vasitə edirəm. Əgər məni əfv etsən, onda, bağışlamağa Səndən daha layiqli, əgər əzab versən, hökmdə Səndən daha ədalətli kimdir? Bu dünyada qəribliyimə, ölüm zamanı kədərimə, qəbirdə tənhalıq və vəhşətimə, Sənin hüzurunda haqq-hesab üçün dirildikdə zəlilliyimə rəhm et! İnsanlardan məxfi olan (pis) əməllərimi bağışla, əməllərimi örtən lütfünü davam etdir. Ölüm yatağına düşdüyüm, hərəkət üçün dostlara möhtac olduğum vaxt mənə rəhm et! Qüsl üçün uzadıldığım və saleh qonşularımın məni sola-sağa çevirdiyi vaxt mənə fəzlindən mərhəmət qıl! Qəbrə doğru aparıldığım və qonşularımın cənazəmi dövrəyə aldığı vaxt mənə mehribanlıq göstər. Qəbrə qoyulduğum və hüzuruna tək-tənha gəldiyim vaxt mənə kərəm göstər. Bu yeni evdə qəribliyimə rəhm et ki, Səndən qeyrisi ilə üzləşməyim. Ey mənim mövlam, əgər məni özümə həvalə etsən, həlak olaram. Əgər günahlarımı bağışlayıb güzəştə getməsən, kimə pənah aparar, qəbirdə mərhəmətindən məhrum olsam, kimə sığınar, kədərimi dağıtmasan, kimə üz tutaram?! Ey mənim ixtiyar sahibim, Səndən başqa, kimim var, əgər mənə rəhm etməsən, kim mənə rəhm edər? Əgər ehtiyaclı olduğum gündə Sənin fəzlindən məhrum olsam, kimin fəzl və mərhəmətinə ümid edərəm? Əcəlim yetişdikdə, günahlarımdan kimə pənah apararam? Ey mənim mövlam, Sənə ümid bəslədiyim halda məni əzaba düçar etmə! İlahi, günahlarımın çoxluğundan Sənin əfvinə sığınmaqdan başqa bir şeyə ümidim olmadığı halda ümidimi doğruldaraq qorxudan mənə aman ver. Ey mənim mövlam, sən bağışlamaq və güzəşt əhlisən deyə, layiq olmadığım şeyləri Səndən istəyirəm. Belə isə, məni bağışla, nəzərinlə əynimə günahlarımı örtəcək, bağışlamağın və haqq-hesab çəkməməyinə səbəb olacaq libas geyindir! Həqiqətən, Sən daimi ehsan, böyük bəxşiş və kəramətli güzəşt sahibisən. İlahi, nemətlərini Səndən bir şey istəməyən və Rəbb olmağını inkar edənlərə verdiyin halda, ey mənim mövlam, Səndən istəyən, xilqətin Sənə məxsus olduğuna, işlərin Sənə doğru qayıtmasına etiqadlı olan bir kəsə nemət verməməyin mümkündürmü? Sən uca məqam və xeyir sahibisən, ey aləmlərin Rəbbi! Ey mənim mövlam, fəqirlik bəndəni qapına gətirmiş və o, dua etməklə qapını döyür. Kərim olmağına xatir məndən üz çevirmə, istəklərimi qəbul et, mənə qarşı mərhəmət və mehribanlığına ümid etdiyim və məni geri çevirməyəcəyini bildiyim halda, sənə dua edirəm! İlahi, istəyənlərin tükənməz hacəti Səni yormaz, bəxşiş verməyin xəzinəni azaltmaz! Sən bizim vəsf etdiyimizdən üstün və Özünü vəsf etdiyin kimisən. İlahi, Səndən gözəl səbir, yaxın qurtuluş, haqqı deyən dil və böyük mükafat diləyirəm. İlahi, Səndən ağlıma gələn və gəlməyən bütün xeyirləri, saleh bəndələrinin istədiklərini istəyirəm! Ey hacət istənilənlərin ən yaxşısı, ey əta edənlərin ən səxavətlisi, mənim, əhli-əyalım, ata-anamın, övlad və din qardaşlarımın istəklərini rəva qıl! Yaşayışımı firavan, iradəmi möhkəm, bütün əhvalımı islah et! Məni ömrü uzun və əməlləri xeyirxahlıq olan, nemətlərini tamamladığın, razı olduğun, pakizə və həmişə şadlıqla həyat sürən, kəramət verdiyin, yaşayışını kamilləşdirdiyin, öz istədiklərini deyil, Sənin istədiyini yerinə yetirən kəslərdən təyin et! İlahi, xüsusi zikrini mənə məxsus bil, gecə və gündüz Sənə yaxınlaşmaq üçün yerinə yetirdiyim şeylərdə riya, öyünmək, batil və əyyaşlıq olanları məndən uzaq et, məni Səndən qorxan və çəkinənlər sırasına qat! İlahi, ruzimi genişləndir, yaşadığım yerdə mənə əmin-amanlıq, mal və övladlarımda şadlıq, gözaydınlığı və davamiyyət, cismimə sağlamlıq və bədənimə qüvvə ver, dinimi şeytandan qoru, məni həmişə Sənə və peyğəmbərin Məhəmmədə (Allahın salam olsun ona və Əhli-beytinə) itaət edənlərdən, Ramazan ayı və "qədr” gecəsi nazil etdiyin, nazil olacaq və il ərzində nazil edərək məxluqata şamil olan bütün xeyir və nemətlərin, sağlamlığın daha çox nəsib olduğu kəslərdən yaz. Bəlaların çoxunu bizdən kənarlaşdır, bizə çoxlu nemət əta et, günahlarımızı bağışla, bu il və hər il möhtərəm evinin (Kəbənin) həcc ziyarətini və geniş fəzlindən bizə tükənməz ruzi nəsib et! Ey mənim mövlam, şər və pislikləri bizdən dəf et, bir daha onlara görə əzab-əziyyət və çətinlikdə olmayacağım tərzdə borc və çarəsizliyimi aradan qaldır, düşmənlər, həsəd edən və zalımların qulaq və gözlərini məndən kəs! Mənə onların müqabilində yardımçı ol, gözlərimi işıqlandır, qəlbimə şadlıq, qüssə və bəlalardan mənə qurtuluş ver, mənə qarşı mənfur niyyətdə olanları qüdrətinlə əzərək xar və zəlil et, məni şeytanın, zalımlar və pis əməllərimin şərindən qoru, bütün günahlardan pakla, bağışlamağınla cəhənnəm odundan uzaqlaşdır, rəhmətinlə cənnətə daxil et, fəzilətinlə mənə hurilər ver, məni saleh dostların – Məhəmməd və onun pak, məxluqatın ən xeyirlisi olan Əhli-beytinə (onlara sənin salamın, cəsəd və ruhlarına rəhmət və bərəkətlərin olsun) qovuşdur. İlahi, ey mənim mövlam, əgər günahlarıma görə mənimlə haqq-hesab çəkmək istəsən, izzət və calalına and olsun ki, mən də Səndən bağışlamağını diləyəcək, məni xar etmək istəsən, ehsanını istəyəcək, cəhənnəm oduna atsan, cəhənnəm əhlini Sənə olan məhəbbətimdən agah edəcəyəm! İlahi, ey mənim mövlam, əgər dostlar və Sənə itaət edənlərdən başqasını bağışlamasan, onda, günahkarlar kimin qarşısında ah-nalə edər, Sənə vəfadar olanlardan başqasına ehsan etməsən, fəryad edənlər kimdən yardım istəyər? İlahi, əgər məni cəhənnəmə atsan, düşmənlərin, əgər cənnətə aparsan, Peyğəmbərin sevinəcək! Allaha and olsun ki, Sənin üçün peyğəmbərinin şadlığının düşmənlərinin sevincindən daha sevimli olmasını da bilirəm. İlahi, kitabını təsdiqlədiyim və iman gətirdiyim, ayrılığından qüssəli, Sənə doğru rəğbətli olduğum halda, qəlbimi Sənə olan məhəbbət və qorxu ilə doldurmağını diləyirəm. Ey ehsan və əzəmət sahibi, Səninlə görüşü mənim üçün və mənimlə görüşü Özün üçün sevimli et! Səninlə görüşü mənim üçün rahatlıq, qurtuluş və ehsana çevir. İlahi, məni keçmiş salehlərə qovuşdur və gələcəkdəki salehlərdən təyin et! Məni doğru yolunda olanlardan seç, mənə nəfsimlə müxalifət etmək və salehlərin də müxalifət etdikləri şeylərdə yardımçı ol. Aqibətimi ən xeyirli əməllə sona yetir, rəhmətinə xatir onların (əməllərimin) mükafatını cənnət təyin et, əta etdiyin nemətlərə layiq və sabitqədəm olmaqda mənə yardımçı ol. İlahi, məni xilas etdiyin bəla və həlakətə bir daha düçar etmə, ey aləmlərin Rəbbi. İlahi, yaşadığım müddətdə məni Səninlə görüşənədək qalacaq bir imanla yaşat və ona sadiq qalacağım şəkildə öldür, diriltdiyin zaman məni həmin imanla dirilt, məni dinində riya, şəkk, qürurdan uzaqlaşdır ki, əməlim ixlaslı şəkildə olsun! İlahi, mənə dinində bəsirət, hökmlərində dərrakə, elmində dərin düşüncə (fəqihlik) ver, rəhmətinlə mənə zamin ol, mənə günahlardan çəkinmək qüdrəti ver ki, günahlardan amanda qalım, nurunla simamı parlaq, nemətlərinə rəğbətli, məni doğru yolun (İslam) və Peyğəmbərin (Allahın salamı olsun ona və Əhli-beytinə) dinində olanlardan et. İlahi, kəsalət, süstlük, qorxu, tənbəllik, kədər, paxıllıq, qəflət, qəlbin qəsavət və bərkiməsindən, miskinlik, fəqirlik və bəlalardan, aşkar və gizlin çirkinliklərdən və qane olmaz nəfsim, (dünya nemətlərindən) doymayan bətnim, Səndən qorxmayan qəlbim, qəbul olunmayan duam, faydasız əməlimdən Sənə sığınır, mənə nəsib etdiyin din, mal və nəfsimdən, daş-qalaq olunan şeytandan Sənə pənah aparıram. Həqiqətən, Sən eşidən və bilənsən. İlahi, kimsə mənə Sənin qəzəbindən sığınacaq verə bilməz və mən Səndən başqa pənah yeri tapa bilmərəm! Belə isə, məni dünya və axirətdə əzaba mübtəla etməklə həlakətə uğratma və məni şiddətli əzaba düçar etmə! İlahi, əməllərimi məndən qəbul et, (camaat arasında) adımı yaxşılıqla xatırlat, məqamımı yüksəlt, günahlarımı məhv et, məni günahı xatırlayanlardan etmə (bağışlananlar sırasına qat), olduğum məclis, danışdığım söz və etdiyim duaların mükafatını razılıq və əbədi cənnətə çevir! İlahi, bütün hacətlərimi mənə əta et və mənə fəzilətini artır! Həqiqətən, mən Sənə rəğbətliyəm, ey aləmlərin Rəbbi! İlahi, Sən Öz kitabında buyurubsan ki, mən özünə zülm edən bəndələri bağışlayacağam! İlahi, mən özünə zülm edənlərdənəm! Belə isə, bizi bağışla, Sən həqiqətən də, buna layiqsən. Buyurubsan ki, qapına gələnləri geri qaytarmazsan və mən qapına gələnlərdənəm. Belə isə, hacətimi qəbul etmədən məni əliboş geri qaytarma! Buyurubsan ki, mülkün və qüdrətinin əhatəsində olanlara ehsan edəcəksən, biz də sənin mülkündə olan bəndələrinik. Bizi cəhənnəm odundan amanda saxla, ey sıxıntı və bəla zamanı pənahımız, ey şiddətli çətinlik də fəryada yetənimiz! Sənin dərgahında ah-nalə edir və Səni fəryada yetən kimi tanıyıram. Səndən başqasından yardım diləmir və yalnız Sənə sığınıram. Belə isə, mənə əsirləri xilas etdiyin və çoxlarının günahlarını bağışladığın kimi, nicat ver, hədsiz günahlarımı bağışla, azacıq əməllərimi qəbul et! Həqiqətən, Sən mehriban və bağışlayansan! İlahi, Səndən həmişə qəlbimdə sabit olacaq iman, mənim üçün təyin etdiklərinin mənə nəsib olacağı ilə bağlı yəqin və mənə qismət etdiyin yaşayışla qazana biləcəyim razılığını diləyirəm, ey mehribanların ən mehribanı!
5. Şeyx buyurmuşdur ki, səhərlər bu duanı oxuyursan:
Ey bəlalar zamanı qüvvə və ehtiyatım, ey çətinlikdə munisim, ey malik olduğum nemətlərin sahibi, ey arzularımın sonu! İlahi, Sən eyiblərimi örtən, qorxumu asayişə çevirən, günahlarımı bağışlayansan, xətalarımı bağışla! İlahi, Səndən cəhənnəm oduna görə xar və zəlilliklə ah-nalə eləməkdən öncə, imanla ah-nalə etməyi diləyirəm. Ey tək və yeganə olan, ey ehtiyacsız, ey doğmayan, doğulmayan və heç bir tayı-bərabəri olmayan, ey istəyənə rəhmət və mehribanlıqla əta edən, istəməyənlərə də Öz fəzilət və kərəmindən xeyir bəxş edən! Sənə and verirəm daimi kərəmini, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, mənə də onun vasitəsilə dünya və axirət xeyrini əldə edə biləcəyim geniş və əhatəli rəhmətini nəsib et! İlahi, həqiqətən, Səndən tövbə ilə bağışlanmaq dilədikdən sonra bir daha mürtəkib olduğum və Sənin üçün yaxşı bir əməli yerinə yetirmək istədikdə, nəfsimin dəxalət edərək Səni razılığından başqasına yönəltdiyi günahımı bağışlamağını diləyirəm! İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, bəxşiş, ehsan və həlimliyinə xatir zülm və günahlarımdan keç, ey kərim olan, hacət istəyənləri məhrum etməyən və onlardan nemətlərini kəsməyən! Ey Ondan başqa, üstün məqamlı birinin olmadığı və ey Ondan başqa, kimsənin (bəndələrə) yaxın olmadığı kəs! Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, ey bu gecə (3 dəfə) və bu saatda (3 dəfə) dəryanı Musa üçün yaran, mənə rəhm et! İlahi, qəlbimi nifaqdan, əməlimi riyakarlıqdan, dilimi yalandan, gözlərimi xəyanətdən pak və uzaq et. Şübhəsiz, Sən gözlərin xəyanəti və qəlblərdə olanlardan agahsan! Ey Rəbbim, bu, cəhənnəm odundan Sənə sığınan, fəryadına yetişməyini istəyən, Sənə doğru qayıdan, xətalarından Sənə yönələn, günahlarını etiraf edən, tövbə ilə Rəbbinə üz tutan bəndənin, ümidsiz fəqirin, qorxduğu halda pənah axtaran, hüznlü, kədər və qəmli olanın, nemət dəryanda qərq olan qəribin, kimsəsiz və qorxuda olanın, Səndən başqa, günahlarını bağışlayacaq, zəifliyini qüvvətləndirəcək, kədərini aradan aparacaq biri olmayanın halıdır. Ey Allah, ey kərim olan, Sənə minnətsiz olaraq səcdə etdikdən və bağışlanmaq dilədikdən sonra simamı cəhənnəm atəşində yandırma! Əslində, həmd və sitayiş yalnız Sənə məxsusdur və Sən fəzl və minnət sahibisən! Ey Rəbbim, ey Rəbbim, ey Rəbbim, zəifliyimə, taqətsiz bədənimə, dərimin zərifliyinə, əsəb sistemimin dağılması, ətim, cisim və bədənimin parçalanıb məhv olmasına (çürüməsinə), tənhalığıma, ehtiyaclı olduqda qorxuma və kiçik bəlalar müqabilində ah-nalə etməyimə rəhm et! Ey Rəbbim, həsrət və hüzn günü (qiyamət) Səndən gözaydınlığı və şadlıq diləyirəm! Üzlər qaralan günü Səndən üzümün parlaq olmasını və qiyamətin böyük (şiddətli) sıxıntısından mənə aman verməyini istəyirəm! Qəlb və gözlərin haldan-hala düşəcəyi və dünyadan ayrılacağımız gün Səndən bəşarət və müjdə diləyirəm! Həmd-səna yalnız həyatda olduğum və kömək istədiyim halda ümid bəslədiyim, ehtiyac və çarəsizlik günü (qiyamət) ehtiyatına ümid etdiyim, başqasından istəsəm məni əliboş qaytarar deyə, yalnız Ondan istədiyim, digərlərinə ümid etsəm, məni naümid edər deyə, yalnız Ona ümid bəslədiyim Allaha məxsusdur! Həmd olsun nemət, ehsan, xeyirxahlıq, fəzilət, əzəmət və kəramət sahibi, bütün nemətlər və xeyirlərin maliki, məqsədlərin sonu olan və arzuları həyata keçirən Allaha! İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, Sənə yəqin etmək və ümidvar olmağı mənə nəsib et, Sənə ümid etməyi qəlbimdə sabitləşdir, Səndən başqasına ümid və etimad etməyəcək qədər başqasından ümidimi üz, ey istədiyi kəsə lütf edən! Bütün hallarda razı olduqların və mənim üçün bəyəndiklərini mənə mərhəmət et! Ey Rəbbim, mən atəşə tab gətirməkdə zəifəm! Belə isə, məni odla (cəhənnəmlə) cəzalandırma! İlahi, dualarımı qəbul, ah-naləmə, qorxu, zillət və xarlığıma rəhm et, mənə pənah ver və fəryadıma yet! Ey Rəbbim, həqiqətən, mən dünyəvi hacətləri əldə etməkdə zəifəm, Sənin isə ehsan və kərəmi genişdir! Ey Rəbbim, Sənin bunlara qadir olduğun və zatən ehtiyacsız olduğun üçün Səndən bu il, bu ay və bu saatda mənə camaata verdiklərin nemətlərdən ehtiyacsız olacağım və onlara göz dikməyəcəyim pak və halal ruzi nəsib etməyini diləyirəm! Ey Rəbbim, yalnız Səndən istəyir, Sənə rəğbət göstərir və Sənə ümid bəsləyirəm. Sən bunlara layiqsən. Səndən başqasına ümid bəsləmir və etimad etmirəm, ey mehribanların ən mehribanı! Ey Rəbbim, mən özümə zülm edənlərdənəm, məni bağışla, rəhm et və mənə sağlamlıq ver, ey bütün səsləri eşidən, ey əldən çıxan şeyləri bir yerə toplayan, ey məxluqatı öldükdən sonra dirildən! Ey aləmdəki zülmət və qaranlığın Onun görməsinə mane olmayan, məxluqatın səsini bir-birindən ayırd edərək (səhv salmadan) eşidən, bir şeylə məşğul olmaq onu digər bir işdən yayındırmayan! Məhəmmədə (Salam olsun ona və onun Əhli-beytinə) indiyə qədər istənilən, sənin onun üçün istədiyin və yaxud qiyamətə qədər istəniləcək hacətlərin ən üstününü bəxş et! Mənə də həyatımı yaxşılaşdıracaq (asanlaşdıracaq) sağlamlıq və günahların zərər vura bilməyəcəyi gözəl aqibət nəsib et! İlahi, başqalarından bir şey istəməmək qədər mənə qismət etdiklərinə razı olmağı əta et! İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, rəhmət xəzinələrinin qapısını mənim üçün aç, mənə dünya və axirətdə sonradan onun vasitəsilə heç zaman cəzalandırmayacağın rəhmət nəsib et, bundan sonra geniş rəhmətin sayəsində Səndən başqasından bir şey istəməyəcək qədər bizə halal və pak ruzi ver, onun şükrünü yerinə yetirməyi, Səndən başqasına deyil, yalnız Səndən hacət istəməyi və digərlərindən ehtiyacsız olmağı bizə əta et! Ey ehsan edən, ey nemət verən, ey ucaldan, ey mülk və qüdrət sahibi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, bütün mühüm işlərdə bizə yardımçı ol, bizə afiyət nəsib et, bütün işlərimizə bərəkət ver və hacətlərimizi həyata keçir! İlahi, çətinliyindən qorxduğumuzu bizə asanlaşdır və çətinliyindən qorxduqlarımız Sənin üçün asandır. Xoşagəlməz hadisələri asanlaşdır, sıxıntıdan qorxumu asudəliyə çevir, qəlbimdən qorxunu çıxart, qorxduğum bəlaları məndən uzaqlaşdır, ey mehribanların ən mehribanı! İlahi, qəlbimi Sənə məhəbbət, Səndən qorxu və yəqinlə, Sənə iman və şövqlə doldur, ey əzəmət və ehsan sahibi! İlahi, həqiqətən, Sənin üzərimdə haqqın böyükdür! Belə isə, nemətlərini mənə ehsan et və boynumda haqqı olanların haqqını Özün ödə! Sən bütün qonaqlara ziyafət verəcəyini Özünə vacib etmisən və mən də sənə qonağam. Belə isə, bu gecə məni cənnət əhlindən et, ey mənə cənnət və məğfirəti hədiyyə edən! Səndən başqa heç bir güc və qüdrət yoxdur! 
6. Şeyx və Seyidin rəvayət etdiyi İdrisin duasını oxuyursan. İstəyənlər "Misbah”a, ya da "İqbal”a müraciət edə bilərlər.
7. Səhər dualarının içərisində ən qısası olan və "İqbal”da nəql olunan bu duanı oxuyursan:
Ey xoşagəlməz hadisə və kədərli hallarda sığınacaq yerim, çətinlikdə pənahım, Səndən başqasına deyil, yalnız Sənə sığınır və yalnız Sənin dərgahında ah-nalə edirəm. Səndən başqasından qurtuluş diləmirəm. Belə isə, fəryadıma yet, işlərimə asanlıq ver, ey az əməli qəbul edib çox günahları bağışlayan! Azacıq əməlimi qəbul et və saysız günahlarımı bağışla! Həqiqətən, Sən bağışlayan və mehribansan! İlahi, Səndən qəlbimdə sabitləşəcək iman, mənim üçün müqəddər etdiklərindən başqa, mənə bir şeyin nəsib olacağını bilməkdə yəqinlik verməyin və qismət etdiyin həyata razılıq bəxş etməyini istəyirəm! Ey mehribanların ən mehribanı, ey bəlalar zamanı qüvvə və ehtiyatım, ey çətinlikdə munisim, ey malik olduğum nemətlərin sahibi, ey arzularımın sonu! Sən eyiblərimi örtən, qorxumu asayişə çevirən və günahlarımı bağışlayansan. Xətalarımı bağışla, ey mehribanların ən mehribanı!
8. "İqbal”da gələn bu təsbihatı oxuyursan:
Qəlblərin təəssüratından xəbərdar olan Allah pak və bütün eyiblərdən uzaqdır. Məxluqatın günahlarının sayını bilən Allah pak və bütün eyiblərdən uzaqdır. Göylərdə və yerdə olan gizli sirlərdən xəbərdar olan Allah pak və bütün eyiblərdən uzaqdır. Mehriban Rəbb olan Allah pak və bütün eyiblərdən uzaqdır. Yeganə və tək olan Allah pak və bütün eyiblərdən uzaqdır. Böyük və daha böyük olan Allah pak və bütün eyiblərdən uzaqdır. Mülkünün əhlinə (yaratdıqlarına) zülm etməyən Allah pak və bütün eyiblərdən uzaqdır. Yer əhlini müxtəlif əzablara düçar etməyən Allah pak və bütün eyiblərdən uzaqdır. Mehriban və nemət verən Allah pak və bütün eyiblərdən uzaqdır. Mehriban və mərhəmətli Allah pak və bütün eyiblərdən uzaqdır. Qüdrətli və ehsan edən Allah pak və bütün eyiblərdən uzaqdır. Kəramətli və səbirli Allah pak və bütün eyiblərdən uzaqdır. Görən və hər şeyi bilən Allah pak və bütün eyiblərdən uzaqdır. Görən və rəhməti geniş olan Allah pak və bütün eyiblərdən uzaqdır. Gündüz gəldiyi zaman Allah pak və bütün eyiblərdən uzaqdır. Gündüz getdiyi zaman Allah pak və bütün eyiblərdən uzaqdır. Gecənin gündüzə, gündüzün də gecəyə çevrildiyi zaman Allah pak və bütün eyiblərdən uzaqdır. Hər nəfəs aldıqda, hər bir göz qırpımında, onun elmində məlum olan hər bir işarədə həmd-səna, əzəmət və böyüklük yalnız ona məxsusdur. Səni Öz kitabının həddi, ərşinin ağırlıq və əzəməti qədər pak və bütün eyiblərdən uzaqsan. Sən pak və bütün eyiblərdən uzaqsan. Sən pak və bütün eyiblərdən uzaqsan. Sən pak və bütün eyiblərdən uzaqsan.
Bil ki, üləma belə buyurublar:- "Əgər niyyət səhər yeməkdən sonra olsa daha yaxşı olar. Gecənin əvvəlindən axırına kimi niyyət edə bilərsən. Elə ki, bilir və qəsdi var sabah oruc tutacaq kifayətdir. Yaxşı olar ki, səhərlər gecə namazını tərk olunmasın.
 
Kitabın adı: Məfatihul Cinan

 
 
Bölmə: Dualar
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.