Günahın etiraf olunması
Pərvərdigara! Ana bətnində olduğum vaxt hərtərəfli şəkildə lütf və ehsanından bəhrələndim. Öz inayətinlə məni murdar nütfədən kamil insan şəklinə gətirdin. Mənə ehtiyac duyduğum beyin, ürək, göz, dil kimi əzalar əta etdin. Dünyaya sağlam gəlişim üçün anamın cisminə qüvvə verdin. Onun sinəsindəki südü, mehriban ana ağuşunu, məhəbbətlə dolu ata qəlbini Sən qərar verdin. Mənə yaşayış üçün zəruri olan bütün vasitələri Sən yetirdin.
Pərvərdigara, bütün ötən yaxşılıqlar məni o qədər arxayınlaşdırdı ki, nə qədər günah etsəm də bağışlanacağımı zənn etdim.
Amma indi Sənin lütfünlə ayılmışam və öz kimliyimi görürəm. Bütün vücudumla Sənə üz tutub günahlarımı etiraf edirəm: «zələmtu nəfsi.» Anlayıram ki, günahların bu sayaq etirafı bir növ tövbə və Sənə doğru qayıdışdır.
İmam Baqir (ə) buyurur: «And olsun Allaha, günahlarını etiraf etməyən kəs nicat tapmaz». «And olsun Allaha, xalqa yalnız iki xasiyyət lazımdır: nemətləri etiraf etsinlər ki, artsın, günahları etiraf etsinlər ki, bağışlansın».
Həzrət Əli (ə) buyurur: «Günahını etiraf edən kəs tövbəkar hesab olunur». «Günahın etirafı onun şəfaətçisi, günaha görə üzr istəmək onun tövbəsidir».
«Təzkirətul-avliya» kitabında nəql olunur ki, İmam Sadiq (ə) buyurmuşdur: «Əvvəli qorxu, sonu üzrxahlıq olan hər bir günah bəndəni Allaha yaxınlaşdırır. Əvvəli xudbinlik, sonu xudpəsəndlik olan hər bir ibadət bəndəni Allahdan uzaqlaşdırır».
Kitabın adı: Kumeyl duasının şərhi (2-ci cild)
Müəllif: Hüseyn Ənsarian