Bu dualar həqiqətdə insana Allahı xatırladır; insanda ilahi rəhməti dərk etmək üçün istedad yaradır, başqa sözlə, Allahın rəhmətini cuşa gətirir.
Beləliklə, bəzən fürsət yarandıqda insanın öz günahlarını sayıb, eyni zamanda, Allahın sonsuz lütfünü düşünməsi münasibdir. İnsan bu yolla ömrünün əvvəlindən nə qədər günah etdiyini və Allahın istəkləri ilə müxalif olduğunu yada salır; bu günahların hər biri üçün illərlə əzaba düçar ola bilər. Lakin Allah onların hamısını görməməzliyə vurub, həmişə öz rəhmətini, onun üçün cari etmişdir.
Bu etiraflar insanda ilahi rəhməti dərk etmək üçün istedadın yaranmasına səbəb olur; çünki insan öz fəqirlik və biçarəliyini hər nə qədər çox dərk etsə Allah qarşısında bir o qədər çox təzim edər və Onun lütf və fəzlini əldə edər.
"İlahi, fəqirlik və biçarəliyimi etiraf etməklə Sənin dərgahına üz tuturam.”
Allahla bizim aramızda olan hicab təkəbbür və qürurumuzdur. İnsan bu pərdələri yırtıb özünü olduğu kimi, biçarə və kiçik görərsə, Allahın geniş rəhmətinə və bir çox böyük nemətlərə çatar.
Quran buyurur: Həzrət Yunus öz səhvini etiraf etdiyi zaman Allahın rəhmət və diqqətinə nail oldu: "Zənnun (öz qövmü) arasından qəzəblənib getdiyi vaxt elə güman etdi ki, biz onu sıxıntıya salmayacağıq. (Amma sıxıntıya düşdüyü an) Zülmət içində səslədi: "(Pərvərdigara) Səndən başqa məbud yoxdur, Sən pak-pakizəsən, mən sitəmkarlardan oldum.”
Bu zaman Allah onun duasını qəbul etdi: "Biz Yunusun duasını qəbul buyurduq və onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk!”
Beləliklə, Allah qarşısında günahın etirafı və kiçiklik göstərilməsi Onun üçün heç bir fayda vermir. Bu vasitə ilə Allahda əvvəlcə olmamış bir şey artmır (Allaha pənah). İnsan öz əməlləri ilə Allaha təsir göstərmək üçün çox kiçikdir. Biz hər nə qədər günah etsək və ya hər nə qədər itaət etsək Allaha heç bir təsir edə bilmərik. Əksinə, əgər Ona ibadət etsək, öz feyzi ilə bizim iman və mərifətimizi artırar, mənəvi hal tapmağımıza səbəb olar. Öz günahlarımızı etiraf etmək üçün tövfiq tapmağımız Allah tərəfindən əta olunmuş bir lütf və fəzldir.
İmam Hüseyn (ə) "Ərəfə” duasında Allaha ərz edir:
"İlahi, Sənin şənin razılığın və sevincinə bais olacaq bir səbəb yaratmağından daha üstündür. Çətin ki, mən Sənin razılığını cəlb edə biləcək bir iş görə biləm!”
Allah bəndələrinin işindən təsirlənməkdən daha böyük məqamdadır. Həqiqətdə, biz günahlarımızı etiraf etmək və Allahın bəyəndiyi işlər görməklə özümüzü Onun rəhmətinə hazır edir və əməllərimizlə özümüzü Onun geniş rəhməti kölgəsinə salırıq. Allahın feyz və rəhməti daim axmaqda olan şəlalə kimidir və insan elə bir iş görməlidir ki, bu rəhmət yolunda dayansın; bu rəhmətdən daha çox istifadə etmək üçün ləyaqət olmalıdır. Yoxsa bizim işimiz Allahda rəhmət yaratmır və ya bizimlə xüsusi rəftar etmək üçün onda hal yaranmasına səbəb olmur. Allahın rəftarı sabitdir. Yaxşı işlər, tövbə, peşimançılıq, yalvarış və dua ilə Allahın rəhmətini dərk etmək üçün özümüzdə ləyaqət yaratmalıyıq; öz vücudumuzun tutumuna ilahi rəhmət əldə edə biləcək qabiliyyət verməliyik. Bu hal isə yalnız Allahın qarşısında kiçiklik və bəndəliyi dərk etməklə hasil olur.
Bu mövzunu nə qədər çox anlasaq, ilahi rəhməti kəsb etmək üçün bir o qədər çox tutumumuz olacaq. İnsan özünü nə qədər ehtiyaclı və kiçik görsə, öz fəqirliyini etiraf etsə, Allah tərəfindən ona daha çox lütf olunacaq. Özünü varlı hesab edən kəs Allahdan istifadə üçün Ona yaxınlaşmır. Belə bir insan Allahdan nəsə istəmək üçün özünü ehtiyaclı bilir. Buna görə də Allahın rəhməti ona şamil olmayacaq. Beləliklə, acizlik və ehtiyacın göstərilməsi, Allah qarşısında kiçikliyin etirafı əslində Allah tərəfindən daha çox rəhmət əldə etmək üçün öz tutumumuzu genişləndirmək üçündür. Əgər daha çox istedad, hazırlıq qazansaq Allahın rəhmətindən bir o qədər çox faydalanarıq. Buna görə də, Allah Quranda buyurur: "Cin və insanı yalnız ibadətdən ötrü yaratdım.”
Allahın öz bəndələrinin ibadətinə ehtiyacı yoxdur. Lakin bəndəlik bizim öz təkamülümüzə səbəb olan acizlik və ehtiyacın göstərilməsi ilə hasil olur. Allahın feyzlərindən daha çox faydalanmaq üçün bəndəlik və ibadət yolundan istifadə etməliyik.
Bu mövzu da nəzərə alınmalıdır ki, Allah dərgahında acizlik və ehtiyacın göstərilməsi təkcə maddi və dünyəvi işlər yox, axirət işlərinə də aiddir. Maddiyyat və maddi işlərin xeyirini Allahdan istədiyimiz kimi, mənəviyyat və axirət işlərini də Ondan istəməliyik; çünki dünya və axirət onlarda olan hər şey Ondandır. O, aləmlərin Rəbbidir.
Kiçiklik və acizliyimizi daha çox hiss etmək üçün Allah onun övliyalarını vasitə seçməyi göstəriş vermişdir. (Onlar Allahın feyzlərinin mövcudlara, həmçinin insanlara nazil olma vasitəsidir.) Beləliklə, ilahi övliyalara yaxınlıq həqiqətdə Allaha yaxınlaşmaqdır. ("İnnə zikrəna min zikrillah”) Övliyalar Allaha bəndəlik etdikləri üçün bu məqama çatmışlar. Onların hansı məqamda olduqlarını gördükdə Allaha bəndəliyin necə də faydalı olduğunu anlayırıq. Anlayırıq ki, Allaha bəndəlik ilə hansı məqamlara çatmaq olar.
Vəzifənin müəyyən olunmasında da Allah bizə kömək etməlidir ki, hansı əməllərin onun razılığına səbəb olduğunu və Onun dostlarının hansı işləri sevdiyini anlayaq. Bu işləri də bizə Allah anlatmalıdır. Bu işləri anlama vasitələrini Allah hazır etməlidir. Bundan əlavə, öz vəzifəmizə əməl etmək üçün Allah bizə tövfiq əta etməlidir. Əgər hansısa yaxşı və xeyirli bir iş görürksə, bu bizim halımıza şamil olan ilahi lütfdür; Allahı düşünmək, Onu zikr etmək üçün Allah tərəfindən tövfiq lazımdır və bu Allahın özünün əta edə biləcəyi bir nemətdir. Buna görə də öz əməllərimizi qiymətləndirməməli və bu əməllərlə hansısa bir məqama çatacağımızı təsəvvür etməməliyik. Çünki bunlar Allahın bizim üçün təyin etdiyi vəzifələrdən xaricdir. Düzgün və lazım olan nəticə Allahın iradəsinin əhatəsindədir. İşlərimizin müsbət nəticə ilə tamamlanması üçün Onun iradəsi olmalıdır. Quran müxtəlif ayələrdə bu həqiqətə işarə edir. Allah Quranda "biz mələkləri sizin köməyinizə göndərdik ki, kafirlərlə döyüş zamanı kömək etsinlər.” dedikdən sonra buyurur: "Allah mələkləri yalnız müjdə, fəth müjdəsi, qəlblərinizin arxayınlığı üçün göndərdi. Amma bilin ki, qələbə yalnız qalib və hikmət sahibi olan Allah tərəfindəndir.”
Yəni hətta mələklər də özləri hansısa bir işi görməyə qadir deyildilər. Müsəlmanların qələbəsinə səbəb olan mələklərin enməsi Allahın istəyi və iradəsi ilə baş tutdu. Allahın iradəsindən xəbərsiz və ya Onun istəyinin əksinə kiminsə bir iş görə biləcəyi təsəvvür olunmasın. Bizim qarşımıza çıxan çətinliklər öz əməllərimizin nəticəsi və pis işlərimizin əvəzidir. Eyni zamanda Allahın lütfünə ümidvar olmalıyıq ki, çətinlikləri bizdən uzaqlaşdırsın. Lakin Allah günahlarımızdan peşiman olduğumuz və nemətlərin küfründən əl çəkdiyimiz zaman çətinlikləri bizdən uzaqlaşdırır.
Bütün hallarda Allahın lütfünə ümidvar olmalıyıq. Özümüz və əməllərimizlə qürurlan-mamalıyıq. İslamın əvvəlindəki müsəlmanlar nə qədər ki, Allaha ümidvar idilər, Onun rəhmətinə qərq olub döyüşlərdə düşmənə qalib gəldilər. Lakin çoxluqları ilə qürurlandıqları zaman məğlub oldular. Quran buyurur: "Həqiqətən, siz Bədr döyüşündə az və zəif olduğunuz halda, Allah sizə yardım etdi.”
Lakin başqa bir yerdə Quran buyurur: "Hüneyn günü qoşununuzun çoxluğuna aldandınız. Bu çoxluq sizə fayda vermədi (məğlub oldunuz).” Bu xəbərlər öz əməllərimizə, maddi vasitələrlə yox, yalnız Allaha güvənməli olduğumuzu bilməyimiz üçündür. Allah kafirləri dünyəvi vasitələrin öhdəsinə buraxmışdı. Lakin möminləri yox! Allah özü möminlərin qələbəsinin zaminidir. Lakin onların öz imanlarının qorumaları şərti ilə: "Din işlərində süst və qəmgin olmayın; siz ən üstünlərsiniz-əgər imanda sabitqədəm olsanız!”
Beləliklə, öz imanımızın güclənməsi fikrində olmalı, Allahın lütf və mərhəmətinə ümid bəsləməliyik. Heç zaman öz kiçik əməllərimizlə qürurlanmamalıyıq. Belə olduqda şərait hər nə qədər pis olsa da, qorxusuzdur. Çünki yalnız vəzifəyə əməl etməli olduğumuza etiqadımız var. Qələbən üçün Allah zəmanət vermişdir.
"Pərvərdigara, nə qədər əzmlə söz verib özümü itaətinə hazırladımsa, hüzurunda namaza dayandımsa, həmin vaxt məni yuxuya verdin, qəfildən raz-niyaz halını məndən aldın! Pərvərdigara, nə oldu ki, batinimi gözəl-ləşdirmək, tövbə əhli məqamına yaxınlaşmaq istəyəndə qarşıya bir hadisə, bəla çıxdı və əhdimə vəfa qıla bilmədim. O hadisə mənimlə hüzurun arasında pərdə oldu! Ey mənim Ağam, yoxsa məni öz lütf dərgahından qovmuş, bəndəlik xidmətindən uzaqlaşdırmısan?!”
Kitabın adı: Rəbbin dərgahında
Müəllif: Məhəmməd Təqi Mishab Yəzdi