Allahla aşiqlik üslubu
Cənab Şeyx qeyd olunan amillər içərisində Allahla xüsusi ünsiyyət yaradıb məhəbbət bərqərar etmək üçün, Allah bəndələrinə ehsanın rolunu xüsusilə qeyd edirdi. Onun nəzərinə görə ilahi eşqin yolu məhz Allahın məxluqatına məhəbbət bəsləyib onlara hörmət etməkdir. Xüsusilə zəif və ehtiyacı olan insanlara.
Rəsuli Əkrəmdən (s) nəql olunan hədisdə buyurulur:
«İnsanlar Allahın ailəsidir, Allah yanında insanların ən sevimlisi o kəsdir ki, Allahın ailəsi üçün fayda yetirsin və bir ailəni şad etsin».(Kafi, 2/164/6)
Başqa bir hədisdə qeyd olunur ki, Peyğəmbərdən (s) soruşdular: Allah dərgahında ən sevimli şəxs kimdir?
Həzrət (s) buyurdu: «Camaata ən çox fayda verən».(Kafi, 2/164/7)
Başqa bir hədisə əsasən me᾽rac gecəsi Allah-taala Peyğəmbərə (s) belə buyurdu:
«Ey Əhməd! Mənim dostluğum fəqirlərə məhəbbətdir. Belə isə fəqirləri özünə yaxınlaşdır, onların məclislərinə get, çünki fəqirlər Mənim dostlarımdır».(«İrşadül-qülub» səh.199)
Şeyxin şagirdlərindən biri deyir: Şeyxin yol göstərməsi ilə bir müddət Ayətullah Kuhistaninin yanına — Nikaya gedirdim. Bir gün sübh Nikaya getmək üçün «İranpeyma» qarajına gəldim «Nasir Xosrov» küçəsində ikən cənab Şeyxi gördüm. O, buyurdu: Hara gedirsən?
Dedim ki, Nikaya, Ayətullah Kuhistaninin yanına gedirəm.
Buyurdu: Onun tutduğu yol zahidlikdir. Gəl gedək mən sənə Allaha aşiqlik dərsi öyrədim!
Sonra mənim əlimdən tutub, hazırkı «İmam Xomeyni» xiyabanı ilə apardı. Kiçik bir küçədə yerləşən bir evin qapısını döydü. Həyətdə bir daxma göründü ki, kiçikli-böyüklü bir neçə fəqir və biçarə uşaq orada yerləşmişdi. Cənab Şeyx onlara işarə edib buyurdu:
Bu biçarə insanların müşküllərini həll etmək insanı Allah aşiqi edər! Sənin dərsin budur, Ayətullah Kuhistaninin yanındakı dərs isə zahidlik idi. İndi aşiqlik dərsindəsən.
Bundan sonra on il müddətində Şeyxlə birlikdə şəhərdən kənarda yerləşən biçarələrin yanına gedirdik. Şeyx onları mənə göstərir və yemək hazırlayıb onlara çatdırırdıq.
Kitabın adı: Məhəbbət iksiri
Müəllif: Məhəmməd Reyşəhri