İslam Peyğəmbərinin (s) başqa peyğəmbərlərdən üstünlük meyarı
Hədisdə oxuyuruq: "Ya Əhməd, bilirsənmi səni başqa peyğəmbərlərdən nə üçün üstün etdik?” Həzrət ərz etdi: "Pərvərdigara, bilmirəm.” Allah-təala buyurdu: "Yəqin, xoşrəftarlıq, səxavət, müdara, xalqla mərhəmət vasitəsi ilə sənə üstünlük bağışladım.” Peyğəmbər ilk öncə yəqin sifəti ilə vəsf olunur. Bütün peyğəmbərlərdə belə bir sifət olmuşdur. Amma yəqinin mərtəbələri vardır. Belə ki, yəqin sifətinin ən üstün mərtəbəsi İslam Peyğəmbərinə (s) məxsus olmuşdur. Qur’ani-kərimdə əməl məqamında səbr və mə’rifət baxımından yəqinlik rəhbərlik və imamlıq meyarı kimi təqdim olunur. Xoşrəftarlıq, səxavət, mərhəmət, mehribanlıq həzrət Peyğəmbərin (s) digər üstün xüsusiyyətlərindəndir. Qur’ani-məciddə buyurulur: "Peyğəmbər sizin hidayətinizə hərisdir və mö’minlərlə mehribandır.”[116] Allah-təala me’rac hədisində İslam Peyğəmbərinin (s) üstünlüklərindən danışdıqdan sonra belə buyurur: "Əgər yer üzünün böyükləri belə olmasaydılar, həmin məqama nail olmazdılar.” Rəvayətdən mə’lum olur ki, cəmiyyətdə peyğəmbərlərdən əlavə səbr və yəqin sifətlərinə malik başqa aparıcı insanlar da var. Rəvayətin ərəbi mətnində onlar "Əvtad”, yəni "Mıx” kəlməsi ilə yad edilirlər. Mıxın rolu müxtəlif hissələri bir-birinə bərkitməkdir. Bu insanlar yer üzündə həmin funksiyanı daşıyırlar.
Kitabın adı: Dost diyarının yolçuları
Müəllif: Doktor Misbah Yəzdi