İş və fəaliyyəti
Dərzilik islamda bəyənilən məşğuliyyət növlərindən biridir. Həkim Loğman də bu məşğuliyyəti özü üçün peşə seçmişdi. Bir hədisdə Peyğəmbər (s) buyurur:
«Yaxşı kişilərin işi dərzilik, yaxşı qadınların işi isə yun əyirməkdir.»
Cənab Şeyx öz məişətini tə᾽min etmək üçün bu peşəni seçmiş və buna görə də Şeyx Rəcəbəli Xəyyat adı ilə məşhurlaşmışdı. (Xəyyat ərəbcə dərzi deməkdir.) Maraqlısı budur ki, Şeyxin kiçik və sadə evi əvvəldə qeyd olunan xüsusiyyətlərlə yanaşı, həm də onun iş otağı olmuşdur.
Şeyxin övladlarından biri bu barədə deyir: Əvvəllər atamın karvansarada bir hücrəsi var idi və orada dərziliklə məşğul olurdu. Bir gün hücrənin sahibi gəlib dedi: «Mən razı deyiləm ki, sən burada qalasan!» Sabahısı gün atam heç bir söz demədən və ondan heç bir əmək haqqı tələb etmədən tikiş maşını və dərzi mizini evə gətirdi, o hücrəni də boşaldıb sahibinə təhvil verdi. Həmin vaxtdan e᾽tibarən evin həyət qapısına yaxın olan otaqdan dərzi dükanı kimi istifadə edirdi.
İşində ciddilik və məsuliyyət
Cənab Şeyx öz işində çox ciddi olmuş, həyatının son anlarınadək tam çalışqanlıqla fəaliyyət göstərmiş və öz halal əməyi ilə məişətini, güzəranını tə᾽min etmişdir. Müridlərindən çoxu cani-dildən onun məişət xərclərini tə᾽min etməyə razı olmuşlar, lakin Şeyxin özü heç vaxt bu işə razı olmamışdır.
Həzrət Peyğəmbərdən (s) nəql olunan hədisdə deyilir:
«Hər kəs öz zəhməti və alın təri ilə həyat sürsə, qiyamət günündə peyğəmbərlərin cərgəsində olar və onların savabını alar.»
Başqa bir hədisdə buyurulur:
«İbadət on qismdir, onun doqquz qismi halal ruzi qazanmaqdır».
Şeyxin dostlarından biri deyir: Bunu heç vaxt unutmaram: Yay günlərindən birində bazarda Şeyxlə rastlaşdım. Zəiflikdən sanki çöhrəsi solmuş və rəngi saralmışdı. Dərziliyə lazım olan bə᾽zi şeyləri alıb evinə tərəf gedirdi. Ona dedim: Ağa, siz bir qədər istirahət etməlisiniz, vəziyyətiniz yaxşı deyil.
Buyurdu: Əhli-əyalı nə edim?!
Başqa bir hədisdə Peyğəmbəri-əkrəm (s) buyurur:
«Allah-taala Öz bəndəsini halal ruzi kəsb etmək yolunda yorğun görmək istəyər.»(Mizanul-hikmət, 5/2058/1496/7209)
«Öz əhli-əyalının və ailəsinin (dolanışıq) xərcini tə᾽min etməyən kəs məl᾽undur, məl᾽un!»(Mizanul-hikmət 5/20).
Zəhmət haqqı almaqda insaf
Şeyx dərzilik sənətində və müştərilərlə davranışda həddindən artıq mülayim və insaflı idi. O, gördüyü işlərdə yalnız öz zəhməti miqdarında muzd alırdı. Bundan əlavə, heç vaxt müştəridən artıq bir şey almağa razı olmazdı. Buna görə də əgər bir şəxs ona—«Cənab Şeyx, icazə verin bir qədər artıq pul verim»—desəydi, heç vaxt razı olmazdı.
Şeyx öz işlərini islamda mövcud olan icarə qanunlarına əsasən tənzim edər və əmək haqqını bu əsasda alardı. Amma, müştəridən işlədiyindən artıq bir şey almağa razı olmadığından, işi görüb qurtardıqdan sonra həmin işə sərf olunacaq miqdardan artıq nəzərdə tutduğu məbləği müştərinin özünə qaytarırdı!
Ruhanilərdən biri belə nəql edir: Şeyxə bir əba, bir qəba və bir də ləbbadə sifariş verdim və zəhmət haqqının məbləğini soruşdum. Dedi: İki gün vaxt aparacaq, qırx tümən verməlisən.
Libaslarımı almağa gedəndə dedi: Əmək haqqı iyirmi tümən oldu. Dedim: Axı siz buyurmuşdunuz ki, qırx tüməndir? Dedi: Mən fikirləşirdim ki, iki günlük işi var, amma bir günə tamam oldu.
Başqa bir şəxs deyir: Şeyxə bir şalvar sifariş verib məbləğini soruşdum. Dedi: On tümən. Dərhal çıxarıb pulunu verdim. Şalvarı təhvil almağa getdikdə gördüm ki, şalvarın üstünə iki tümən qoyub qaytarır. Səbəbini soruşduqda dedi: Bunun zəhmət haqqı səkkiz tümən oldu.
Şeyxin övladlarından biri deyir: Bir gün atam müştəri ilə razılaşmışdı ki, onun əbasını otuz beş tümənə tiksin. Müştəri əbasını aparanda atam onun dalınca qaçıb pulunun beş riyalını geri qaytarıb dedi: Mən fikirləşirdim ki, bu əba çox vaxt aparacaq, amma belə olmadı.
(Əziz oxucular, yuxarıda qeyd olunan hadisələr müxtəlif zamanlarda baş verdiyi üçün pulun dəyəri və alıcılıq qabiliyyəti eyni qaydada olmadığından göstərilən rəqəmlər sizi təəccübləndirməsin. Red.)
İnsafın bəhrəsi
Bütün işlərdə, xüsusilə müştəri ilə alverdə insaflı olmaq islamın tə᾽kid etdiyi mühüm məsələlərdəndir. İmam Əli (ə)-dan nəql olunan hədisdə deyilir:
«İnsaf fəzilətlərin ən fəzilətlisidir.»
«Savabların ən böyüyü insafa verilən savabdır.»
Kitabın adı: Məhəbbət iksiri
Müəllif: Məhəmməd Reyşəhri