Zahidlərin ibadəti
Əxlaq və irfan alimləri o kəsi zahid hesab edirlər ki, axirət ne’mətlərini əldə etmək xatirinə dünya ne’mətlərinə göz yummuş olsun və onların ardınca qaçmasın. Zahid insan dünya işlərindən əl çəkir və bir guşədə ibadətə məşğul olur. Abidlər isə Allahın mükafatını əldə etmək üçün ibadət edirlər. Arif adlanan üçüncü bir təbəqə də var. Ariflər zahidlər kimi axirət və ya abidlər kimi dünya ne’mətlərinə görə ibadət etmirlər. Me’rac hədisində zahid kəlməsi ariflərə də şamil edilmişdir. Belə ki, zöhd adlanan ilahi xüsusiyyətin ən uca mərtəbəsi ariflərə aiddir.
Rəvayətin bu hissəsində bəyan olunur ki, zahidlərin çöhrəsi gecələr oyaq qalmaq, ibadət səbəbindən saralmışdır. Onlar gecəni sübhədək ibadətə məşğul olur, gündüzlər oruc tutur, daim Allahı zikr edirlər. Hətta onların dilləri çox zikr etməkdən yorğundur. Başqa bir nüsxədə bildirilir ki, zahidlər boş danışıqdan çəkinir, amma Allah zikrindən yorulmurlar. Zahidlər o qədər susurlar ki, sinələrində qəlbləri yaralanır. Çünki susmaq böyük təzyiqlər sayəsində mümkün olur. Onlar düşmənlə meydanda döyüşürmüş kimi öz nəfsləri ilə döyüşürlər.
Yuxarıda qeyd edildiyi kimi, rəvayətdə "zahid” kəlməsi "arif” kimi də başa düşülə bilər. Adətən, ariflərin söhbətlərində eləcə də Hafizin şe’rlərində zahidlər məzəmmət olmuş, onların dünya ne’mətlərinə arxa çevirmələri bəyənilməmişdir. Əgər zahid dünya ne’mətinə göz yumub, axirət ne’məti haqqında düşünürsə, arif axirət ne’mətləri haqqında da düşünmür. Onun yeganə məqsədi Allahın razılığıdır. Me’rac hədisində isə zahid cəhənnəm əzabı qorxusundan və ya behişt ne’mətlərinə çatmaq məqsədi ilə ibadət edən kəs deyil. Hədisdə zahid deyilərkən Allahı ibadətə layiq bildiyi üçün ibadət edənlər nəzərdə tutulmuşdur. Bu mə’na başqa rəvayətlərdə də mövcuddur. Həzrət Əli (ə) buyurur: "Pərvərdigara, Sənə cəhənnəm qorxusundan və ya behişt tamahı ilə ibadət etmirəm. Səni ibadətə layiq bildiyim üçün ibadət edirəm.”
Kitabın adı: Dost diyarının yolçuları
Müəllif: Doktor Misbah Yəzdi