İbadət edənlərin üç qismi
İmam Sadiqdən (ə) nəql olunmuş bir rəvayətdə ibadət edənlər üç dəstəyə bölünür: Allaha cəhənnəm əzabı qorxusundan ibadət edənlər − bu qulların ibadətidir; Allaha mükafat ümidi ilə ibadət edənlər − bu tacirlərin ibadətidir; Allaha eşq və məhəbbət səbəbindən ibadət edənlər − bu azadələrin ibadətidir.
Bəli, Allaha cəhənnəm qorxusundan ibadət edənlər şallaq qorxusundan sahibinə itaət edən qula bənzəyirlər. Mükafat məqsədi ilə ibadət edənlər isə daim qazanc güdən tacirlərə oxşayırlar.
İmam Sadiq (ə) əvvəlki iki dəstənin ibadəti haqqında danışdıqdan sonra buyurur: "Amma mən Allaha məhəbbət səbəbindən ibadət edirəm.”[91]
Qeyd etməliyik ki, Allaha əzab qorxusundan və ya behişt tamahından ibadət etmək pis iş deyil. Qur’ani-kərimdə ilahi əzabdan qorxaraq təqva yolunu seçənlər haqqında tə’riflər söylənilir. Əlbəttə ki, bu insanlar Allaha məhəbbət səbəbindən ibadət edənlərlə müqayisədə aşağı mərtəbədə dayanırlar. Amma onlar da axirətə imanlıdırlar. Qış üçün yanacaq, isti paltar hazırlayan insan qarşıda qışın olacağına və soyuqların düşəcəyinə əmindir. Behişt və cəhənnəmin mövcudluğuna inanan insan da hökmən bir hazırlıq görər. Əgər bir şəxs cəhənnəm əzabına və ya behişt ne’mətlərinə görə ibadət edirsə, demək, onda axirət həyatına heç bir şübhə yoxdur. Əslində axirət həyatı üçün heç bir hazırlıq görməyənlər məzəmmət olunmalıdır. Qur’ani-kərimdə axirət əzabından qorxanların dilindən deyilir: "Biz Allahın qəhrindən, insanların rəngini dəyişəcək, onları qəmləndirəcək günün çətinliyindən qorxuruq.”[92] Əlbəttə ki, ən üstün ibadət Allahı ibadətə layiq bilib Ona pərəstiş edənlərin ibadətidir. Belə insanlar üçün Allahın razılığı behişt ne’mətlərindən çox-çox üstündür. Kimlərinsə Allahla bir anlıq görüşü min illər behişt ne’mətlərindən faydalanmaqdan üstün tutmasını təsəvvür etmək bizlər üçün çətindir.
İlahi maariflə tanış olmayan bə’zi insanlar öz yazılarında və danışıqlarında cəhənnəm əzabından qorxunu və ya behişt ne’mətlərinə həvəsi alçaq iş sayır, eqoistlik təzahürü kimi qiymətləndirirlər. Onlar deyirlər ki, həqiqi insan mə’nəvi dəyərlər ardınca getməli və rahatlığa qul olmamaladır. Bu sözlərdə həqiqət var. Amma axirət inancına malik insanlar haqqında belə danışmaq mümkün deyil. Sözsüz ki, Allahın razılığını axirət ne’mətlərindən üstün tutmaq ali bir keyfiyyətdir. Amma behişt ne’mətlərinə görə və ya cəhənnəm əzabından qorxaraq ibadət edilməsi pisdir deyə, axirətə e’tinasız yanaşmaq, daim dünya ləzzətləri ardınca qaçmaq olduqca əsassız bir düşüncədir. Cəhənnəm qorxusunu və behişt tamahını bəyənməyən insan daha üstün məqama çatdıqda haqlı sayıla bilər. Amma Allah qanunlarını ayaq altına alıb, hansısa işrət məclisində axirətə inanan mö’minləri qınamaq e’tiqadsızlıqdan başqa bir şey deyil.
Bu sayaq məs’uliyyətsiz söz danışanlar əslində azadələrin bəndəliyinin nə olduğundan xəbərsizdirlər. Onlar bilmirlər ki, Həzrət Əli (ə) və sair övliyalar behişt ne’mətinə və cəhənnəm əzabına zərrəcə şübhə etmirdilər. Bu insanlar sadəcə Allahın razılığını daha üstün tuturdular. Həzrət Əli (ə) Allah-təalaya belə ərz edir: "Pərvərdigara, tutaq ki, Sənin əzabına dözdüm, bəs ayrılığına necə səbr edim?”[93] Bəli, Allahdan ayrılığın acısını dərk edən insan üçün cəhənəm əzabı əhəmiyyətsizdir. Onları behiştdə hurul-eynlə olmaq yox, Allahın razılığını qazanmaq maraqlandırır. Əlbəttə ki, bizlər Allahın mərhəmətindən məyus olmamalıyıq. Allah günahdan uzaq olmaq istəyən və bu yolda çalışan bəndələri ne’mətlərindən məhrum etmir.
Kitabın adı: Dost diyarının yolçuları
Müəllif: Doktor Misbah Yəzdi