Məhəbbət əsasında olan ibadət
İnsan Allahı sevməyin ən yüksək mərhələsində olduğu məhəbbət əsasında Allaha ibadət edir, o heç də cəhənnəmin qorxusundan, yaxud behiştə hərislikdən ibadət etmir. Belə ki, imam Cə᾽fər Sadiq (ə) öz ibadəti barəsində buyurur:
«İnsanlar Allaha ibadət etməkdə üç dəstəyə bölünürlər:
Onlardan birincisi ibadətin mükafatını almaq üçün ibadət edirlər. Bu, hərislərin ibadətidir və o da tamahdır. İkinci bir dəstə cəhənnəmin qorxusundan ibadət edirlər ki, bu da qulların ibadətidir və o da qorxudur. Amma mən Allah-taalaya eşq və məhəbbət bəslədiyimə görə Ona ibadət edirəm. Bu da kərimlərin ibadətidir və o əmin-amanlıq sərmayəsidir. Çünki, Allah-taala buyurur: «Onlar Qiyamət gününün qorxu və vəhşətindən amandadırlar». Həmçinin Allah-taala buyurur:
«De, əgər Allahı dost tutub sevirsinizsə...» Buna əsasən hər kəs Allahı sevirsə, Allah da onu sevər, hər kəs Allahı sevsə (Qiyamət gününün vəhşətindən) amanda olar».(«Mizanül-hikmət», 7/3418/2495/11647.)
Cənab Şeyx öz dostlarına təkrarən tövsiyə edərdi ki, çalışsın Allahı istəməkdə bu nöqtəyə çatsın ki, Allaha ibadətdə eşq və məhəbbətdən başqa heç bir məqsədləri olmasın.
Kitabın adı: Məhəbbət iksiri
Müəllif: Məhəmməd Reyşəhri