Övliyalara ilahi mərhəmət
Allah-təala axirət əhlini belə müjdələyir: "And olsun izzət və cəlalıma, onlara pak bir həyat bağışlayacağam.” Qur’ani-kərimdə və rəvayətlərdə mö’minlərə və’d olunmuş pak həyat adi həyatdan fərqlidir. Bizim dünya həyatımız başdan-başa çətinliklərlə, əzab-əziyyətlə müşayiət olunur. Sadəcə vərdiş ediyimizdən bu həyatın çirkinliklərini hiss etmirik. Dabbağ gön qoxusuna vərdiş verdiyi kimi, biz də dünyanın pisliklərinə vərdiş vermişik.
Allah-təala öz övliyalarına səadət dolu bir həyat bəxş edir. Bu dünyada övliyaların həyatını müşahidə edənlər onların halına acıya da bilərlər. Övliyaların daimi göz yaşları, yoxsulluqları cansıxıcı görünə bilər. Nə edək ki, onların qəlblərindəki misilsiz duyğulardan xəbərsizik?! Gözü yaşlı, yoxsul övliyaların duyduqları ləzzətləri əslində ən varlı dünyapərəstlər də duya bilmir. Onlar həmin qəlb ləzzətlərini öz göz yaşları ilə əldə edirlər. Həyatda gördükləri maddi sıxıntılar əvəzində Allah-təala onları mə’nəvi ləzzətdə qərq etmişdir. Me’rac hədisində oxuyuruq: "Onların ruhu bədənlərindən ayrılarkən ölüm mələyini göndərmirəm, bu işi öz öhdəmə götürürəm.” Övliyaların ruhunu ölüm mələyi tərəfindən çıxarılmaması misilsiz bir mərhəmətdir. Çünki Qur’ani-kərimdə bu barədə buyurulur: "Ey peyğəmbər, sizin ruhunuzu çıxarmaq əmri almış ölüm mələyi canınızı alacaq və ölümdən sonra öz Allahınıza tərəf dönəcəksiniz.”[85] Başqa bir ayədə isə belə buyurulur: "Birinizin ölüm vaxtı çatanda bizim göndərdiyimiz onun canını alar.”[86] Mə’lum olur ki, bə’zi bəndələrin ruhu Allahın özü tərəfindən çıxarılır. Belə bir imtiyaz yalnız Allah aşiqlərinin qismətidir. Övliyalar bir ömür məhbubla görüş eşqi ilə yaşamış, bu görüş yolunda canlarını verməyə hazır olmuşlar. Allah ölümləri zamanı onlara belə bir görüş nəsib edir. Onlar artıq ruhlarının Allahın əlində olduğunu hiss edirlər. Uzun illər ayrılıqdan sonra mə’şuqun ağuşuna düşmək çox böyük bir sevincdir. Övliyalar üçün ölüm ağrı yox, böyük bir ləzzətdir və bu ləzzət heç bir başqa ləzzətlə müqayisəyə gəlməz.
Uyğun imtiyazın dəyərini dərk etmək çox çətindir. Təsəvvür edin ki, insan hansı məqama çatmalıdır ki, ölüm mələyi ona yaxınlaşa bilməsin. Peyğəmbər və övliyalar məhz həmin məqama çatmışlar. Rəvayətlərdə bildirilir ki, bə’zi bəndələrin məqamı mələklər üçün əlçatmazdır. Yuxarıdakı rəvayətdə də həmin mə’na təsdiqlənir. Əgər ölüm mələyi bir şəxsin ruhunu çıxara bilmirsə, demək, onun məqamı həmin mələkdən üstündür. Bəli, insan dörd müqərrəb (yaxın) mələyin çata bilmədiyi bir məqama çata bilər. Bu məqama çatanların ruhunu isə yalnız Allah-təala özü alır.
Rəvayətdə ruhu çıxarılmış insanın sonrakı əhvalatı haqqında belə buyurulur: "Onların ruhu qarşısında səmanın bütün qapıları açılar.” Biz övliyaların ruhunun necə çıxarıldığını, səma qapılarının necəliyini və ruhların həmin qapıdan necə keçdiyini bilmirik. Uyğun mövzuları qismən də olsa bizlərə anlatmaq üçün Allaha yaxın məqam, uca və geniş göylərə bənzədilmişdir. Bu məqama yalnız övliyalar yol tapa bilir. Qur’ani-məciddə günahkarlar haqqında belə buyurulur: "Göyün qapıları onların üzünə açılmaz, heç vaxt behiştə daxil olmazlar. Bu iş dəvə iynənin deşiyindən keçə bilsə, baş verə bilər.”[87] Axirətlə bağlı məfhumlar nə qədər çətin dərk olunsa da, Allah və mə’sumların buyurduqlarını qəbul etməliyik. Ağıl bir şeyi dərk etmirsə, bu o demək deyil ki, həmin şey həqiqətdən uzaqdır. Varlıq aləmində insanın dərk edə bilmədiyi çox şey var.
Allah mö’minlərin ruhunu çıxardıqdan sonra səmanın bütün qapıları onların üzünə açılar. Ruhlar səma qapılarından keçib, bərzəx behiştinə daxil olarlar. Bu yolda onların qarşısını kəsəcək bir maneə yoxdur. Çünki onlar dünya həyatında nəfs istəklərinə aldanmamış, düşüncə və əməllərində nöqsana yol verməmiş, bütün fərdi və ictimai vəzifələrini yerinə yetirmişlər. Me’rac hədisində oxuyuruq: "Mənimlə onlar arasındakı bütün hicablar, pərdələr aradan götürülər.” Rəvayətlərdə həzrət imamın da tez-tez xatırladığı bir mövzu var. Bildirilir ki, insanla Allah-təala arasında mövcud olan hicablar iki qisimdir: qaranlıq hicablar və nurani hicablar. Alimlər və əxlaq ustadları uyğun mövzuda bə’zi açıqlamalar versələr də, insanla Allah arasında mövcud olan hicabların mahiyyəti bizim üçün qaranlıqdır.
E’tiraf etməliyik ki, bizim kimilər Allahın hüzurunu və bu hüzurun ləzzətini dərk edə bilmir. Biz ibadətdə sanki qeybdə olan bir varlığa sitayiş edirik. Elə təsəvvür edirik ki, Allah səmaların fövqündədir. Amma Allahla öz arasında hicab, pərdə hiss etməyənlər də var. Onlar Allahı öz boyun damarlarından da yaxın bilirlər.[88] Əlbəttə, bu mövzuda dini və fəlsəfi söhbətlərə ehtiyac var. Hər halda qəbul etməliyik ki, varlıq aləmi Allahın ixtiyarında olduğundan insanla Allah arasında hicab ola bilməz. Sadəcə, bizlər Allaha yaxın olmadığımızdan uyğun rabitəni dərk edə bilmirik. Duada oxuyuruq: "Səninlə bəndələrin arasında hicab yoxdur. Bu hicabı yaradan bəndələrin çirkin əməlləridir.”[89] Saleh əməllər və Allaha yaxınlaşmaq sayəsində aradakı hicablar tədricən aradan qalxır. Əvvəlcə qaranlıq hicablar götürülür, sonra isə nurani hicablar.
Nəhayət, mö’minlər elə bir məqama çatırlar ki, Allahla onlar arasında heç bir pərdə qalmır.
Me’rac hədisinin davamında oxuyuruq: "Göstəriş verərəm ki, behiştlər özlərini zinətləndirsinlər, hurul-eynlər özlərini onların ağuşu üçün bəzəsinlər və mələklər behişt əhlinə salam göndərsinlər. Göstəriş verərəm ki, ağaclar bara gəlsinlər və behişt meyvələri yerə tökülsünlər.” Bütün bu hazırlıqlar mö’minin ruhunu qarşılamaq üçündür. Behiştdə qurulan büsatı az-çox təsəvvür edə bilsək də, orada qurulacaq səhnələr təsəvvürümüzdən çox-çox yuxarıdır.
Hədisin davamında oxuyuruq: "Göstəriş verərəm ki, ərş tərəfdən bir külək əssin, xoş qoxulu kafur və müşk dalğalarını hərəkətə gətirsin.” Bəli, behişt fəzasını əzəmətli müşk dalğaları ətirləndirir. Behiştdə od olmadığından o ətirli maddələr öz-özünə alışır. Hədisdə buyurulur: "Həmin məqamda onu behiştə daxil edərlər və mənimlə onun arasında pərdə olmaz. Mən onun ruhunu çıxararkən deyərəm: yanımıza gəlişin mübarək olsun, sənə müjdə olsun Allahın mərhəməti və mö’minlərin əbədi qalacağı ne’mət dolu behiştlər. Doğrudan da, Allahın yanında böyük mükafat var. Ey peyğəmbər, kaş görəydin ki, mələklər onun ruhunu əldən-ələ necə gəzdirirlər!”
Yuxarıda mö’minin ruhunun alınması və onun behiştə daxil edilməsi ilə bağlı yalnız bə’zi səhnələr işıqlandırılmışdır. Əlbəttə ki, behiştdəki səhnələrin tam təsviri bizim düşüncəmizin fövqündədir. Allah-təala Qur’anda buyurur: "Etdikləri əməllərin mükafatı olaraq mö’minlər üçün göz oxşayan hansı ne’mətlərin saxlandığını kimsə bilməz.”[90]
Kitabın adı: Dost diyarının yolçuları
Müəllif: Doktor Misbah Yəzdi