Tətbiqi xilaskarlıq - 2-ci hissə
Sual: 30. Dünyanın birqütblü olması bəşəriyyəti xilas edə bilərmi?
Cavab: Bəziləri iddia edirlər ki, bəşəriyyətin zülm və ədalətsizlikdən yeganə çıxış yolu dünyanın təkqütblü olması, başqa sözlə, qüdrətli bir hakimiyyətin öz prinsiplərini başqa hökumətlərə diktə etməsidir. Bəziləri Amerikanın bütün imkanlara malik olduğunu əsas götürərək onun bütün dünyaya diktəsini çıxış yolu sayırlar.
Dünyanın təkqütblü edilməsi hələ uzaq keçmişdən filosoflar və alimlər tərəfindən araşdırılmış bir məsələdir.
Yunan filosofu Ziv miladdan üç yüz il öncə deyirdi: "Bütün bəşəriyyət vahid quruluşa tabe olmalıdır ki, öz xoşbəxtliyini əldə edə bilsin.” Zivin müasiri olmuş İsgəndər öz gücünə arxalanaraq alimin nəzəriyyəsini həyata keçirmək istədi. Yunan yazıçısı Baltak miladdan yüz il öncə vahid hökumət haqqında deyirdi: "Xalq çalışmalıdır ki, vahid bir quruluş təşkil etsin və vahid qanunlara tabe olsun.”
Amerika filosofu Vilyam Luid (1838) deyir: "Nə qədər ki, dünyaya vahid bir hökumət başçılıq etmir, bəşəriyyət dostluq və dinc yanaşı yaşayışa nail olmayacaq.”("İslam və əql”, s.210.)
Məşhur İtalyan ədibi Dante deyir: "Yer üzündə sülh və əmin-amanlığın hakim olması üçün bütün yer əhli vahid hökumətə tabe olmalıdır.”("Həmin mənbə”.)
Rassel deyir: "Bəşəriyyət bütün insanları öz bayrağı və şüarı altında toplayacaq xilaskarın intizarındadır.”
Ata Corc Buş deyir: "Dünyanın yeni nizamı birləşmiş ştatların rəhbərliyi altında bütün dünyada sülh və demokratiyadan ibarətdir.” O konqresdəki çıxışında belə demişdir: "Həm əxlaqi dəyərlərə, həm də dünya nizamını qoruyacaq vasitələrə malik olan yeganə ölkə Amerikadır.”
İradlarımız:
1. Amerikanın özündə Birləşmiş Ştatların dünyaya hakimliyinin mümkünlüyünü rədd edən Kisincer kimi nəzəriyyəçilər var. Bzejinski Amerikanın çarəsizliyini təsvir edərək deyir: "Bu gün Amerika dünyaya hakimlik iddiasındа olsa da, bu sahədə onunla rəqabətə girən tapılmasa da, Birləşmiş Ştatların qüdrət və mövqeyi bir çox sahələrdə təhlükədədir.”
2. Dünyanın təkqütblü olması prinsipinin qəbulu üçün güclü zəmin yoxdur. Xüsusi ilə Amerikanın tənəzzüldə olan iqtisadi durumu onun bu sayaq iddialarına cavab vermir.
3. Nəzəriyyəçilər unudurlar ki, dünya xalqları heç vaxt biganələrin hakimiyyətini qəbul etməyəcək.
Biz prinsipcə bu nəzəriyyəni rədd etmirik. İnanırıq ki, bəşəriyyətin yeganə qurtuluş yolu ümumdünya ədalət hökumətinin təşkilidir. Amma belə bir hökumət yalnız ilahi göstərişlər və məsum imamın rəhbərliyi altında gerçəkləşə bilər.
Sual: 31. Marksistlər tarixin təkamülünə hansı üsulla don geyindirirlər?
Cavab: Marksistlər tarixi təbiətin bir hissəsi sayırlar. Onların nəzərincə, tarix təbiətin taleyini yaşayır. Mərhum Şəhid Mütəhhəri Marksistlərin uyğun mövzu ilə bağlı baxışı haqqında deyir: "Tarix daimi bir cərəyan, insan, insan təbiəti və cəmiyyət arasındakı rabitə, inkişafda olan qüvvələrlə tənəzzüldə olan qüvvələr arasında daimi bir çəkişmədir. Sonda sərt və inqilabi bir cərəyan bu gedişi inkişafda olan qüvvələrin xeyrinə başa vuracaq. Bir sözlə, tarix ziddiyyətlərin təkamüllə nəticələnən çəkişməsidir...
Fikri donmuş, keçmişə bağlı bir güruhla gələcəyə bağlı, düşüncəsi işıqlı güruh arasında çəkişmə güclənir və nəhayət, partlayış həddinə çatır. Cəmiyyət inqilabi bir addımla keçmiş quruluşu yeni quruluşla əvəz edir. Beləcə, tarixin yeni bir mərhələsi başlayır.
Tarixin bu yeni mərhələsi də tale baxımından ötən mərhələyə oxşayır... Bu mərhələ də öz yerini onu inkar edənə verir. Tarix bu sayaq təbiətə oxşar şəkildə ziddiyyətlər arasından ötüb keçir.
Təbiət və tarixə münasibətdə bu sayaq düşüncə tərzi dialektik təfəkkür adlandırılmışdır. Çünki onlar bütün ictimai dəyərləri istehsal vasitələrinə bağlı bilirlər. Biz tarixə bu sayaq baxışı "alət baxışı” adlandırırıq. "Alət baxışı” dedikdə tarixi proseslərə münasibətdə «xüsusi təfəkkür tərzini» nəzərdə tuturuq. Bu tarix "tarixi materializm” adlandırılmışdır...”(Tarixi fəlsəfə baxımından Mehdi (ə) qiyamı”, s. 18, 21.)
Dialektik üsulla tarixin təkamülünə don geyindirilməsinə müəyyən iradlarımızı bildiririk:
1. Təkamülə istehsal vasitələri baxımından qiymət vermək olmaz. Çünki istehsal vasitələrinin təkmilləşdirilməsi öz növbəsində fitri kamillik hissindən qaynaqlanır və insanın ixtirası əsasında gerçəkləşir.
2. Tarixi təkamülə istehsal vasitələri prizmasından baxış bütün dini, əxlaqi və insani dirçəlişləri təhrif edir. Bu nəzəriyyə insanlıq məqamına xəyanət kimi dəyərləndirilir.
3. Tarixi gerçəkliklər bu nəzəriyyənin puçluğunu sübuta yetirir. Bir əsr öncə bəzi ölkələr kapitalizm mərhələsini keçməmiş sosializmə adladılar. Bir sıra kapitalist ölkələr isə kapitalizmin zirvəsinə çatsalar da, sosializmə keçmədilər.
4. Tarixə dialektik baxış problemlər və böhranlar yaratmaq məqsədi ilə aranı qarışdırır.
5. Dialektik baxışa əsasən, tarixin təkamül prosesi məcburidir və qarşısıalınmazdır. Yəni hər bir cəmiyyət növbəti mərhələyə keçməklə kamilləşir. Hansı ki, bu baxış yanlışdır. Çünki uyğun hərəkətin əsas amili insandır və insan azad varlıqdır. Tarix bəzən irəli gedir, bəzən geri qalır. Bəşərin sivilizasiya tarixi bir silsilə tərəqqi, sonra tənəzzüldən başqa bir şey deyil.
6.Bəşəriyyətin təkamül yolu maddi təbiətin əsarətindən qurtuluşa, iman və ideologiyaya doğru uzanmışdır. Seyyid Məhəmməd
Sədr deyir: "Hərəkət daim inkişafa doğru olmur. Bəzən geriyə hərəkət də müşahidə olunur. Necə ki, dəmir rütubətə düşdükdə torpağa çevrilir. Bəzən də hərəkət heç bir səmərə vermir. Necə ki, qədim cəmiyyətin bəzi qalıqları hələ də inkişaf etməmişdir...”("Əlyəvmul-məvud”, s. 83.)
Sual: 32. Tarixin təkamülünə insani-fitri baxış nədir?
Cavab: İnsani-fitri baxış alət-dialektik baxışla daban-dabana ziddir. İnsani-fitri baxışa əsasən istər fərd, istər cəmiyyət üçün insani dəyərlər əsasdır. Bu baxışa əsasən, insanın daxilində bir silsilə münasibətlər mövcuddur. İnsanın xaricə ehtiyacı ağacın
torpağa, suya və işığa olan ehtiyacı kimidir. Ağac sadalanan xarici amillərdən kömək alaraq öz yolunu gedir. Demək, insan yenidən qurulmamalı, sadəcə, inkişaf etdirilməlidir.
Bu baxışa əsasən, tarix də təbiət kimi öz xarakterinə uyğun kamilləşməkdədir. Təkamül həm təbiətin, həm də tarixin içindən qaynaqlanır. İnsan hərtərəfli təkamülə malik olduğundan tədricən mühitə bağlılıqlardan xilas olur. Onun maddi bağlılıqları zaman keçdikcə əqidə bağlılıqları ilə əvəz olunur. Nəhayət, bir gün insan sırf ideoloji bağlılıqlara malik olur. Daxili fərdi ziddiyyət insanın xüsusiyyətlərindəndir. Onun daxilindəki maddi yönümlə ruhani yönüm mübarizədədir. Bu hisslərdən biri insanı aşağı, digəri yuxarı çəkir. Fərdi istəklər insanı tənəzzülə uğradırsa, ideoloji istəklər insanı yüksəyə qaldırmaqla fərd
çərçivəsindən çıxarır. Yuxarıya meyl bəşəriyyəti əxlaqi, dini, elmi və əqli məqsədlərə yönəldir.
Keçmiş və gələcək tarix boyu insanın çəkişmələri tədricən ideoloji xarakter alır. İnsan zaman keçdikcə öz kamal mərhələsinə, "ideal insan, ideal cəmiyyət” mərhələsinə yaxınlaşır. Bu təkamülün son istəyi İslamın "Mehdi (ə) hökuməti” adlandırdığı kamil hökumətdir. Həmin mərhələdə insan üçün heç bir batil, heyvani, eqoist hökumətdən əsər qalmır.
Demək, insan ilahi xaraktera malik bir mövcuddur. Onun haqpərəst, özünəhakim, təbiət və mühitin məcburiyyətindən azad bir təbiəti vardır. Marksizm isə insanın zatən şəxsiyyətli olduğunu qəbul etmir, onu hiss və meyl baxımından fərqli mövcud saymır.
Bu səbəbdən də marksizm ideologiyasına əsasən, insan maddi, zora məhkum bir mövcuddur, maddi şəraitin əsarətində olan istehsal vasitəsindən başqa bir şey deyil. Guya insanda mövcud olan müqəddəslik onun daxilindən yox, mühitdən gəlir.
Sual: 33. Ümumdünyəvi ədalət hökumətində rəhbərliyə nə ehtiyac var?
Cavab: Hər bir islahatçı hökumətin hərəkatın əvvəlindən sonunadək onun önündə getmiş rəhbərə ehtiyacı var. Heç bir qiyam və hərəkat rəhbərsiz həyata keçib yaşamır. Əgər ən kiçik hərəkatlarda rəhbərə bir bu qədər ehtiyac varsa, bütün dünyanı bürüyəcək islahatçılığın, şübhəsiz ki, rəhbərə ehtiyacı qaçılmazdır. Böyük ilahi məqsədi həyata keçirəcək qurumun yaradılması və ona nəzarət üçün bütün zəruri şərtlərə malik rəhbərə ehtiyac var. Bütün yer üzündə ədaləti bərpa edə biləcək bu rəhbər yalnız zühuru vəd olunmuş həzrət Mehdidir (ə).
Sual: 34. Yer üzündə ədaləti bərpa edəcək şəxsin hansı xüsusiyyətləri olmalıdır?
Cavab: Ağıl hökm edir ki, bütün yer üzündə ədaləti bərpa edəcək şəxsin bu mühüm vəzifəni həyata keçirə bilməsi üçün müəyyən xüsusiyyətləri olmalıdır: Öz dəvətində doğruçu olmalı; düzgün və yığcam plan əsasında hərəkət etməli; heç bir zəif nöqtəsi olmamalı; pak məqam sahibi olmalı; Allah tərəfindən təsdiqlənməli; fədakar köməkçilərə malik olmalıdır.
Məşhur Fransa ədibi Volter deyir: "Əgər insana saleh bir şəxs hakim olsa, o sanki vətənindədir. Qeyri-saleh şəxs hakim olduqda isə o insan vətənsiz kimidir.”("İslam və əql”, s. 210.)
Məşhur İrlandiya mütəfəkkiri Bernard Şou bəşəriyyətin xilaskarı haqqında deyir: "O diri, böyük qüvvə və kamil ağıl sahibi,
xalqı özünə cəzb edə biləcək ən ali insan olmalıdır. Onun ömrü uzundur, üç yüz ildən çox...”(Bernard Şou”, "Abbas Mahmud İqad”, s. 124, 125.)
Sual: 35. Quran tarixin təkamülünü necə qiymətləndirir?
Cavab: Qurani-Kərimi nəzərdən keçirdikdə görürük ki, bu ilahi kitab tarixin təkamülündə insani-fitri prinsipi əsas götürür. Quranda bildirilir ki, yaranışın əvvəlindən haqq və batil arasında savaş olmuşdur. Quran bir tərəfdən İbrahim, Musa, İsa, Məhəmməd (ə) və onun mömin ardıcıllarının mübarizəsini xatırladır, digər bir tərəfdən Nəmrud, Firon, yəhudi zalımları, Əbu-Süfyan kimilərinin müxalifətini yada salır. Bu mübarizədə bəzən haqq, bəzən batil qalib gəlir. Əlbəttə ki, bu qələbə və məğlubiyyətlərin bir sıra ictimai, iqtisadi və əxlaqi amilləri olmuşdur.
Quran baxımından, tarixin əvvəlindən mövcud olmuş cihad maddi yox, mənəvi və insani mahiyyətə malik olmuşdur.
Sual: 36. Quran baxımından parlaq gələcəyin hansı xüsusiyyətləri var?
Cavab: İslamda parlaq gələcəyin bir sıra xüsusiyyətləri var:
1. Bəşəriyyətin gələcəyinə nikbinlik; 2. Ədalətin genişlənməsi; 3. İnsanın insanla rabitəsi; 4. Qanuna münasibətdə insanlar arasında kamil bərabərliyin yaranması; 5. Təbii sərvətlərdən bəhrələnmə və beytül-malın bölüşdürülməsi; 6. Bəşəriyyətin düşüncə baxımdan yetkinləşməsi; 7. Bütün yer üzündə abadlıq; 8. Dünya ədalət hökumətinin sayəsində savaşlara so qoyulması; 9. Yeni ayin və üsul; 10. Bütün cəmiyyətlərdə tövhid prinsipinin yayılması.
Sual: 37. İnsanların təkamül yolu parlaq gələcəyə ümid verirmi?
Cavab: Şübhəsiz ki, səthi nəzər saldıqda dünyanın faciəyə doğru getdiyini görürük. Amma diqqətlə baxdıqda uzaq üfüqlərdə qurtuluş sahilinin nişanələri gözə dəyir.
İnsan özünü tanıdığı gündən heç vaxt aram həyat sürməmişdir. O, daxili bir amilin təhriki ilə özünü və yaşadığı cəmiyyəti irəli aparmağa çalışmışdır. Bu böyük amil insanı aram buraxmayıb həmişə təkamülə sövq edəsidir. O, insandakı qüvvələri problemlərlə mübarizəyə səfərbər edir, insanı maddi kamilliklərlə yanaşı əxlaqi kamilliklərin də mövcud olduğu cəmiyyətə doğru çağırır. Həmin cəmiyyətdə savaşdan, çəkişmədən, viranlıqdan, bir sözlə, təkamülə zidd olan bir şeydən əsər yoxdur. Həmin cəmiyyətdə yalnız sülh və ədalət hakimdir. Həmin cəmiyyətdə yaşayan insanda maddi və mənəvi təkamülə mane olan təcavüz və istismar ruhundan əsər yoxdur.
Sual: 38. Yaranış nizamı bəşəriyyətə parlaq gələcək üçün ümid verirmi?
Cavab: Varlıq nizamı müxtəlif nizamlar məcmusudur. Bütün varlıq aləminə hakim olan nizamlı və ümumi qanunların mövcudluğu bütün varlıq aləminin vahid bir tam olduğunu göstərir. Varlıq aləmindəki nəzm, qanun və hesab onun əsas xüsusiyyətlərindən sayılır.
Bu aləmin tərkib hissəsi olan insan ümumi yoldan çıxıb, istisna bir yol tuta bilərmi?
Əgər bütün varlıq aləmi vahid proqram əsasında hərəkətdədirsə, bəşər cəmiyyəti hərc-mərclik, zülm-sitəm yolunu seçməklə bu yoldan kənara çıxa bilərmi?
Görən aləmdəki ümumi vəziyyət bəşəriyyəti ümumi nizama tabe olmaq barədə düşündürməməlidir? İnsan ətrafdakı qanunauyğunluqları nəzərə alıb öz fitri yoluna qayıtmağa, varlıq aləmi ilə həmrəng olmağa borclu deyilmi?
Nəticə: Yaranış nizamı insanların düzgün bir ictimai quruluşu qəbul etməsi üçün dəlildir.
Sual: 39. Təsirin əks təsir doğurması təkcə fizikaya aid qanun deyil. Divara vurulan cisim həmin qüvvə ilə üstümüzə qayıdır. Uyğun qanun cəmiyyət üçün də öz gücündə qalır. İstənilən bir inqilabı doğuran amil inqilabdan öncə həmin cəmiyyətdəki təzyiqlərdir.
Bu qanun bizə deyir: Dünyanın bugünkü durumu inqilab vəd edir. Müharibələr, zülm-sitəmlər, ayrı-seçkiliklәr, ədalətsizliklәr vә təzyiqlәr bir gün öz cavabını tapmalıdır. Bir gün baş verəcək inqilab, şübhəsiz ki, dünyanın bu gün qarşılaşdığı zora cavab verəsidir.
Sonda, zora cavab istəyi millətlərin günbəgün artan agahlığı sayəsində cəmiyyətlərin batinindən vulkan kimi püskürəcək, bu gün dünyada hakim olan quruluşlar yenisi ilə əvəzlənəcək. Yeni nizamda nə silahlanma yarışı olacaq, nə də bugünkü yorucu dartışmalar. O, bəşər cəmiyyətinin xoşbəxt gələcəyindən xəbər verən digər bir işartıdır.
Sual: 40. İctimai zərurətlər cəmiyyəti sülh və ədalət çalarlı həyata sövq etmirmi?
Cavab: İctimai zərurət dedikdə bəşər cəmiyyətinin elə bir mərhələyə çatması nəzərdə tutulur ki, həmin mərhələdə nəyəsə ciddi bir ehtiyac yaransın. Amma bu zərurət o qədər ciddi olmalıdır ki, onu ən azı mütəfəkkirlər və rəhbərlər qəbul etsinlər. Uyğun hal ictimai şüurun yuxarı səviyyəyə çatmasından asılıdır. Daha sonra cəmiyyətdə elə bir durum yaranmalıdır ki, artıq əvvəlki kimi yaşamaq mümkünsüz olsun.
XVII və XVIII əsrlərdə elm və texnikanın sürətli inkişafını müşahidə edən insanlar elə düşünürdülər ki, XX əsr behişt olacaq. Kimsənin ağlına gəlmirdi ki, texnologiya dövrünün insanı yoxsulluq içində yaşayacaq. Bəli, elm və texnologiya inkişaf etdikcə yeni problemlər yarandı. Dünya müharibəsi ifriti elm və texnologiya tərəqqisini öz dəhşətli kölgəsi altında qoydu. Həyatın nə dərəcədə təhlükəli olduğunu insanlar yalnız indi anlamağa başlamışdır. Artıq insanlar anlayırlar ki, gözlənilən təhlükələrin qarşısını almaq üçün mövcud qanunlar yetərsizdir və yeni bir nizama ehtiyac var.
Artıq bir zaman çatıb ki, dünyadakı silahlanma yarışına, günbəgün artan çaxnaşmalara son qoymaq, dünyanı növbəti müharibə
təhlükəsindən xilas etmək üçün ümumdünya ədalət hökumətinin varlığı zərurətə çevrilir. Artıq hamı hiss edir ki, saxta sərhədlər aradan götürülməli, bütün dünya əhli vahid bir bayraq altında vahid qanunlarla yaşamalıdır.
Təsirin əks təsir doğurması qanunu ümumdünyəvi bir hökumətin zəruriliyini göstərən digər bir amildir. Bu amil dünya əhalisini sülh və ədalət dolu bir həyata çağırır.
Sual: 41. Cəmiyyəti dəyişmək üçün tədrici islahatlar bəs edir, yoxsa köklü inqilab lazımdır?
Cavab: İctimai islahatların hansı yolla həyata keçirilməsi fərqli münasibətlər doğuran bir məsələdir. Bir çoxları "reformizm” adlanan tədrici islahatların tərəfdarıdır. Digər bir qrup cəmiyyətlərdəki çaxnaşmaların qarşısının yalnız inqilab yolu ilə aradan qaldırılmasını mümkün sayır. Digərləri isə belə deyir: "Cəmiyyətlərdəki fəsad dərəcəsi fərqlidir. Tamamilə fəsada uğramış cəmiyyətlərdə tədrici islahatlar səmərə verə bilər. Amma fitnə ağuşuna düşmüş cəmiyyətdə vəziyyəti yalnız köklü inqilab dəyişə bilər. Üçüncü baxışın daha çox tərəfdarı var. Bu baxışa əsasən:
1. Tədrici islahatlar həmişə sağlam bünövrə və nümunələr üzərində qurulur. Əks-təqdirdə yeni nümunələr və bünövrələr soraqlamaq lazım gəlir.
2. Tədrici islahatlar yalnız sağlam yolla gerçəkləşir və bu prosesdə cəmiyyətdən düşüncə hazırlığı tələb olunur. Belə bir zəmin olmadıqda inqilab, qüdrət məntiqi ilə danışmaq lazım gəlir.
3. Fəsadın kök atdığı cəmiyyətdə qüdrət ünsürləri islaha mane olur. Cəmiyyətin bütün həssas mərkəzləri onların əlindədir və onlar istənilən bir tədrici proqramı asanlıqla müvəffəqiyyətsizliyə uğradırlar. Belə bir nizamı yalnız qəfil inqilabla dağıtmaq mümkündür.
4. Əzəmətli inqilabi qüvvəni, adətən, uzun müddət eyni hərarətdə saxlamaq olmur. İnqilabi qüvvədən vaxtında istifadə olunmadıqda o öz gücünü itirir.
5. Tarixdən məlum olur ki, fəsadın kök atdığı cəmiyyətlərdə həmin cəmiyyətin düşüncə sahibləri, xüsusi ilə peyğəmbərlər və övliyalar inqilab yolunu seçmişlər.
Dünyanın zülm-sitəm üzərində qurulmuş bugünkü vəziyyətini islah etmək üçün ədalətli bir quruluşun canişinliyinə ehtiyac var. Belə bir dəyişiklik üçün əzəmətli bir inqilab qaçılmazdır.
Sual: 42. Ümumdünya ədalət hökumətinə çatmaq üçün hansı hazırlığa ehtiyac var?
Cavab: Biz nə qədər nikbin və ümüdvar olsaq, bilməliyik ki, dünyada kök atmış siyasi oyunbazlığı və istismarçılığı aradan
götürmək, bəşəriyyəti vahid bir bayraq altında toplamaq üçün ümumi hazırlıq zəruridir. Son əsrdə baş vermiş sürətli dəyişikliklər belə bir hazırlığın hələ ki əlçatmaz olduğunu göstərmir. Hər halda dünyanın belə bir hökuməti qəbul etməsi üçün aşağıdakı hazırlıqlara ehtiyac var:
1. Düşüncə və mədəniyyət hazırlığı: Yəni dünya əhalisinin düşüncəsi elə inkişaf etmişdir ki, məsələn kimsə üçün irqi, milli, coğrafi fərqlər mühüm olmasın.
2. İctimai hazırlıq: Bəşəriyyət zülmdən yorulmalı və can-dildən ədalət istəməlidir.
3. Texnoloji hazırlıq və rabitə hazırlığı: İnkişaf etmiş sənaye olmadan uyğun məqsədə çatmaq mümkünsüzdür.
Bəli, əgər möcüzə ilə gerçəkləşirsə də, nəzərdə tutulan quruluş inkişaf etmiş texniki vasitələrsiz təsəvvür olunmur. Unutmayaq ki, möcüzə ictimai nizamın daimi idarəsi üçün, səmavi bir göstərişin haqq olmasını sübuta yetirmək üçündür.
Kitabın adı: 500-sual-cavab Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq
Müəllif: Əliəsğər Rizvani