Quranda yaradılışın sirləri
Qurani-kərimdə dəfələrlə yaradılışın sirr və qanunlarına toxunulur. Yer və digər səmavi cisimlərin qalaktikadakı müntəzəm hərəkəti, vahid və dəyişilməz qanuna tabe olmaları və s. mövzuları əhatə edir.
Quranın nazil olduğu bir dövrdə, vəhy yolu ilə bunlardan agah olan peyğəmbərlərdən savayı, kimsənin bu kimi elmlərdən azacıq məlumatı belə yox idi.
Qeyd etmək lazımdır ki, yunan alimlərindən bəziləri astronomik hesablamalar apararaq yaradılışın müəyyən sirlərinə yol tapa bilmişdilər. Lakin elm və svilizasiyadan uzaq düşmüş Ərəbistan yarmadasında bu kimi faktlarla qarşılaşmaq qeyri-mümkün idi. Lakin, Quranın verdiyi və olduqca dəqiq olan məlumatları hələ heç bir yunan alimi tərəfindən təklif olunmamışdı. Belə ki, yüz illər keçdikdən sonra bu elmlər bəşəriyyətə məlum olmuş və onun müxtəlif sahələrində araşdırmalar aparılmağa başlamışdır. Bir şeyə də diqqət yetirmək lazımdır ki, Quranda o dövrə aid olan elmi mövzular olduqca sadə bir tərzdə bəyan olunmuş, başa düşülməsi bir o qədər də asan olmayan mətləblərə isə yalnız qısa şəkildə toxunulmuş və geniş şəkildə araşdırılması isə gələcək nəsillərin üzərinə qoyulmuşdur. Qurani-kərimdə yaradılış və onun sirlərinə toxunan ayələrə istənilən qədər rast gəlmək olar. Biz onlardan bir neçəsinə işarə edirik:
«Hər şeydən [bütün meyvələrdən] müəyyən ölçüdə [lazım olan qədər] yetişdirdik.» (Hicr-19).
Ayədə bitkilər aləminin müəyyən ölçüdə yaradıldığına işarə olunmuşdur.
Son zamanlar botanika alimlərinə məlum olmuşdur ki, təbiətdə mövcud olan bitkilərin hər biri özünəməxsus tərkibə malikdir. Belə ki, tərkib hissəsinin bir qismi başqa bir qismindən çoxluq və ya azlıq təşkil edərsə, onların xarici görünüşündə nəzərə çarpacaq fərq və dəyişikliklər əmələ gəlir. Bitkilər aləminə hakim olan belə bir sabit qanun, əsrlər boyu dəyişmədən qalmış və qalmaqdadır. Və göründüyü kimi, yaradılış aləmində böyük əhəmiyyət kəsb etdiyi üçün Qurani-kərimdə dəfələrlə bu mətləbə işarə olunmuşdur.
Kitabın adı: Əl-bəyan 1-ci cild
Müəllif: Ayətullah Hacı Seyyid Əbülqasim Xoyi