Ümumdünyəvi olmaq
Sual: 15. Ümumdünyəvi olmaq nə deməkdir?
Cavab: Belə görünür ki, ümumdünyəvilik haqqında nə qədər izаh verilsə də, indiyədək aydın və yığcam bir tərif yoxdur. Əlbəttə ki, bunun səbəbləri var. Əvvəla, bu həqiqət hələ ki təkamül həddinə çatmamışdır. İkincisi, tərif verənlərin hər biri onun müəyyən cəhətini önə çəkir.
Bununla belə, bəzi tərifləri nəzərdən keçiririk:
1. Bəziləri ümumdünyəviliyi ictimai bir hadisə sayırlar. Bu baxışa əsasən ictimai və mədəni əlaqələrə kölgə salan coğrafi məhdudiyyətlər aradan götürülür.
2. Bir başqaları ümumdünyəviliyi bütün yer üzündə ictimai rabitələrin dərinləşməsi kimi təqdim edir. Bildirilir ki, coğrafi baxımdan bir-birindən uzaq məkanlar arasında möhkəm bağlılıq yaranır. Hər bir məhəldəki ittifaqlar kilometrlərlə uzaqda baş vermiş hadisəyə qoşulur.
3. Müasirimiz olan məşhur sosioloq Harvey ümumdünyəviliyi zaman və məkan kimi iki məhdudiyyət məfhumunun daşıyıcısı kimi təqdim edir. Ümumdünyəvilik məsafələri qısaldan anlayış kimi tanıtdırılır.
Sual: 16. Ümumdünyəviliyin tarixi kökləri hansı dövrdən rişələnmişdir?
Cavab: Ümumdünyəviliyin tarixi köklərini bəşər tarixinin başlanğıcına aid etmək olar. Sosioloqların və arxeoloqların nəzərinə əsasən, bəşər həyatı məhdud ailə həyatından, meşə və mağaralardakı həyatdan başlamışdır. Həmin həyat tədricən tayfa və qəbilələrin su hövzələrin kənarındakı həyatı ilə əvəz olunmuşdur. Daha sonra kəndlər və kiçik məntəqələr formalaşmış, növbəti mərhələdə şəhərlər təşkil olunmuşdur. Tədricən şəhərlərdə ölkələr və dövlətlər yaranmışdır. Göründüyü kimi bəşərin həyatı ümumdünyəviliyə doğru hərəkətdədir. Yəni zaman keçdikcə təfriqələr azalır, toplumlar artır. Bu hərəkət son əsrlərdə daha da sürətlənmişdir. Bu hərəkət müasir rabitə sistemləri sayəsində ümumdünyəviliyə doğru sürətlənməkdədir.
Sual: 17. Qəriblərin ümumdünyəviliyə ("qloballaşma”) can atmaqda məqsədi nədir?
Cavab: Belə görünür ki, üç mühüm, eyni zamanda fərqli hadisə ilə üzbəüz gəlmişik. Ya səhvən, ya da biganəlikdən hər üç hadisə ümumdünyəviləşmə adlandırılmışdır:
1. Ümumdünyəviləşmənin təbii və tədrici gedişatı;
2. Qərbin apardığı ümumdünyəviləşmə ("qloballaşma”);
3. Amerikanın apardığı ümumdünyəviləşmə.
Ümumdünyəviləşmə tədrici, təbii inkişaf yolu keçməklə hazırkı əsrdə yüksək elmi-texniki nailiyyətlərə nail olsa da, dünyanın hegemon qüvvələri tərəfindən müdaxilələrə məruz qalır. Bu proses bəzən dünya iqtisadiyyatında və siyasətində öz mənafeyini güdən qüvvələrə xidmət edir. Onlar bu prosesi qloballaşma adlandırırlаr. Bir sözlə, qərbin inkişaf etmiş sənayeçiləri qloballaşmanı, yəni ümumdünyəviləşməni öz mənafeləri üçün istifadə edirlər. Təbii ki, bu müdaxilələr uyğun prosesi təbii məcrasından çıxarır.
Xüsusi ilə də, Amerikanın apardığı qloballaşma prosesi əslində ümumdünyəviləşmə yox, аmerikalaşmadır. Onların məqsədi bütün yer üzünü Amerikaya tabe etməkdir. Əslində belə bir proses təbii ümumdünyəviləşmə ilə daban-dabana ziddir. Demək, təbii ümumdünyəviləşmə ilə Qərb və Amerikanın qloballaşması arasında qaçılmaz fərqlər mövcuddur. İqtisadiyyatın qloballaşdırılması böyük yatırımlar, hegemonçu hökmranlıq, qeyri-bərabər paylaşma ilə müşayiət olunur. Bu proyekt bütün dünyaya dünya kapitalizminin, qeyd-şərtsiz rəqabət hökmranlığının böyük qələbəsidir.
Hərbi, siyasi, hətta iqtisadi sahədə Amerikanın qloballaşma proyekti, şübhəsiz ki, onun siyasətlərinə, strateji mənafelərinə xidmət edir. Başqa sözlə, Amerikanın irəli sürdüyü qloballaşma proyektinin аmerikalaşma adlandırsaq, daha düzgün olar.
Sual: 18. Ümumdünyəviləşmənin hansı mənfi cəhətləri var?
Cavab: Ümumdünyəviləşmə tədrici, təbii bir təkamül yolu keçib müasir dövrdə elmi-texniki tərəqqi ilə müşayiət olunan inkişaf mərhələsinə çatsa da, onun bir sıra mənfi təsirləri də var. Bu təsirlərdən bəzilərini nəzərdən keçirək:
1. Beynəlmiləl səviyyədə vahid və nüfuzlu rəhbərliyin olmaması, rəqabət və düşmənçiliyin güclənməsi;
2. Fəsadın, açıq-saçıqlığın, fahişəliyin, qərbin pozğun mədəniyyətinin yayılması və ümumbəşəri əxlaqi və mənəvi dəyərlərinin aradan götürülməsi;
3. Bəzi ölkələrdə iqtisadi tarazlığın pozulması;
4. İstehsal proseslərinin avtomatlaşdırılması və mexanikləşdirilməsi ilə əlaqədar işsizliyin artımı;
5. Narkotik maddə qaçaqçılığı, insan alveri kimi cinayətləri, eləcə də, SPİD kimi xəstəliklərin bütün dünyaya yayılması;
6. Qərb mədəniyyətinin digər mədəniyyətlərə hakim olub, dünya səviyyəsində yayılması.
Sual: 19. Dini mənbələrdə ümumdünyəviləşmə mövzusuna toxunulurmu?
Cavab: Qurani-Kərimdə və İslam rəvayətlərində ümumdünyəviləşmə və ümumdünyəviləşdirmə mövzularına toxunulmuşdur. Amma İslam dinində uyğun iki anlayış fərqi məna və məfhuma malikdir. Ümumdünyəviləşmə öz təbii məcrasından çıxmazsa, İslamın irəli sürdüyü ümumdünyəvi hökumət üçün zəmin yarada bilər.
İndi bu mövzu ilə bağlı bəzi ayə və rəvayətləri nəzərdən keçirək:
1. "Biz Tövratdan sonra Davudun Zəburunda da yazdıq ki, mənim saleh bəndələrim hökmən yer üzünə varis olacaqlar.”(Ənbiya”, 105.)
2. "Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd edir ki, onları hökmən yer üzünə hakim edəcək. Necə ki, əvvəlkilərə yer üzünün xilafətini bağışladı. Onlar üçün bəyəndiyi din və ayin bərqərar edəcək, qorxularını əmin-amanlığa çevirəcək...”(Nur”, 55.)
3. "O (Allah) bir kəsdir ki, Öz rəsulunu müşriklərin xoşu gəlməsə də dinlərə qalib etmək üçün hidayət və haqq dinlə göndərdi.”(Səff”, 9.)
Nəql olunur ki, həzrət Əli (ə) bu ayəni tilavət etdiyi vaxt öz yaxınlarından soruşdu: "Bu qələbə hasil olubmu?” Dedilər: "Bəli.” Həzrət buyurdu: "Xeyr, and olsun canım əlində olan kəsə, yer üzündə heç bir abadlığın qalmayacağı sübh və axşam "la ilahə illəllah” sədasının eşidiləcəyi zaman bu qələbə aşkar olar.("Məcməul-bəyan) İmam Baqir (ə) buyurmuşdur: "Həqiqətən, bu qələbə Məhəmməd (s) ailəsindən olan Mehdi (ə) qiyamı zamanı gerçəkləşəcək. Həmin vaxt yer üzündə həzrət Məhəmmədin (s) risalətini qəbul etməmiş bir kəs də qalmayacaq.”
Sual: 20. İslamın təqdim etdiyi ümumdünyəvilik və ümumdünyəviləşmə prinsiplərinin hansı imtiyazları var?
Cavab: Qeyd olunduğu kimi, İslamda uyğun mövzulara fərqli yanaşma mövcuddur. Ümumdünyəvilik və ümumdünyəviləşmə İslamda fərqli xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlərdən bəzilərini nəzərdən keçirək:
1. Vahid ümumdünyəvi İslam hökuməti saleh, üstün dini şəxsiyyətə malik, məsum insanların rəhbərliyi ilə idarə olunur. Həmin cəmiyyətdə Allah qanunu hakimdir. Qərbin təqdim etdiyi ümumdünyəvi hökumətə isə hegemon qüvvələr rəhbərlik edəsidir.
2. İslam baxışına əsasən, cəmiyyətdəki bütün işlərin mehvəri Allah və Onun göstərişləridir. Qərbin ümumdünyəvi hökuməti isə bəşəri qanunlarla idarə olunur.
3. İmam Mehdinin (ə) ümumdünyəvi hökuməti əxlaq, cəmiyyət, əmin-amanlıq prinsipləri üzərində qurulmuşdur. Qərbin ümumdünyəvi hökumətində isə mənəviyyata heç bir yer ayrılmır.
4. İmam Mehdinin (ə) ümumdünyəvi hökumətinin xüsusiyyətlərindən biri elmi tərəqqidir. Qərbin qloballaşmasında isə mütərəqqi texnologiyalar yalnız supergüclərin inhisarındadır. Onlar digər ölkələrin daim onlardan asılı olmasında maraqlıdırlar.
5. Həzrət Mehdinin (ə) ümumdünyəvi hökuməti həyatı və dini təlimlərə əsaslanan hökumətdir. Hansı ki, qərb qloballaşması nəzərdə tutulmuş və ya gözlənilməyən siyasi, iqtisadi, texnoloji tərəqqinin nəticəsidir və istismarçı hegemonlarla sıx rabitədədir.
6. Həzrət Mehdinin (ə) ümumdünyəvi vahid hökuməti canişinlik prinsipinə əsaslanır, Allah tərəfindən təsdiqlənir və haqq tərəfindən qəbul olunur. Qloballaşma isə yalnız bəşər istəyinə əsaslanır, eyni zamanda siyasi və iqtisadi fırıldaqçılıqla müşayiət olunur.
7. Həzrət Mehdinin (ə) ümumdünyəvi hökuməti ağılın hakimiyyətidir. Qloballaşma isə nəfs istəklərinin üzərində qurulmuşdur. Zühur dövründə insanların ağılı kamala çatır.
İmam Baqir (ə) buyurmuşdur: "Bizim Qaim (həzrət Mehdi) qiyam etdiyi vaxt əlini xalqın başına qoyar, onların ağlını kamilləşdirib, düşüncələrini inkişaf etdirər.”
8. Həzrət Mehdinin (ə) ümumdünyəvi hökumətində bəşəriyyətin bilik və ağılı tərəqqi etdiyindən təbiətin bütün iqtisadi imkanları açılar, xalqın əlində geniş sərmayələr yaranar. Eləcə də, düzgün bölgü aparırlar...("Müntəxəbul-əsər”, s. 482; "Biharul-ənvar” c. 52, s. 338.) Hansı ki, dünyaya hakim olan iqtisadi quruluşlarda dəhşətli iqtisadi problemlər mövcuddur.
9. Həzrət Əlinin (ə) buyuruğuna əsasən, Həzrət Mehdinin (ə) ümumdünyəvi vahid hökumətində möminlər onun ətrafında toplanar, həmin hakimiyyətdə bir nəfər olsun kafir və azğın şəxs tapılmaz.("Biharul-ənvar” c. 52, s. 342.) Hansı ki, bugünkü qərb qloballaşmasında gerçək möminlərə yer yoxdur, hakimlərin ətrafında azğın insanlar toplaşmışdır.
10. Həzrət Mehdinin (ə) hökumətində zalım hakimlər, onların azğın ətrafları ciddi cəzalandırılar.("Nəhcül-bəlağə”, x. 138.) Çünki həzrətin hökuməti ədalət prinsipi üzərində qurulasıdır. Qloballaşmada isə vəziyyət tam başqadır. Bu prosesdə cinayətkarlar sülhməramlı, ədalətsevərlər terrorist adlandırılır.
11. Ümumdünyəviləşmə prosesi sürətlə genişlənməkdə olsa da, onun qaranlıq nöqtələri çoxdur. Jan Mari Gino bu barədə deyir: "Ümumdünyəviləşmə təcrübəsində cəmiyyətin vəziyyəti qəfildən gözü açılan korun vəziyyəti ilə müqayisə oluna bilər... Fərdin qloballaşma ilə vasitəsiz qarşılaşması sərxoş edicidir...”(Azadlığın gələcəyi”, s. 17.) Hansı ki, Mehdi hökumətinin xüsusiyyətləri rəvayətlərdə və hədislərdə dəqiqliklə sadalanır, bu hökumətin cəmiyyətlə bağlı proqramları yetərincə təsvir olunur. Bu hökumətə münasibətdə hansısa nöqsan tapmaq mümkünsüzdür.
12. Qərbin qloballaşması əslində qərb və Amerikanın dünyaya siyasi və iqtisadi hökmranlığından ibarətdir. Bu proses qarşıdurmalarsız və düşmənçiliksiz ötüşmür. Əslində heç bir millət bu prosesə qoşulmağa razı deyil. Hansı ki, Həzrət Mehdi (ə) hökumətinin məqsədi bütün yer üzündə qırğınların kökünün kəsilməsi və yer üzündə qırğınlara son qoyulmasıdır. Quranın buyurduğu kimi, "xalqın qorxusu əmin-amanlıq və asayişə çevriləcək.”("Nur”, 55.)
13. İctimai və ideoloji baxımdan qloballaşma mədəniyyətlərin yaxınlaşmasından danışır. Amma aydın məsələdir ki, qərblilərin iddiasına zidd olaraq, dünya parçalanmaya doğru gedir. Mədəniyyətlərin savaşı, yeni ideologiyaların ortaya çıxması dünyanın simasını dəyişəcəkdir. Yaranmış qarşıdurmalar yer üzündə asayişi pozasıdır. Hansı ki, Həzrət Mehdinin (ə) zühuru dövründə insanlar ixtilafdan, mədəni və siyasi qarşıdurmadan çəkinəcək, xalq könüllü olaraq vahid bir mədəniyyəti qəbul edib, onun sayəsində asudə bir həyat sürəcək.
Kitabın adı: 500 sual-cavab Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq
Müəllif: Əliəsğər Rizvani