Əməlsiz elmin nəticələri və bu yolla ictimai mövqe əldə etmək
Bu hissədə Həzrət (s) alimlərə müraciət edir. Həzrət (s) alimləri öz elmlərinə əməl etməyə təşviq edir və əməlsiz elmin acı nəticələrini xatırladır.
Doğrudur, Həzrətin bəyanları çox aydındır və izaha ehtiyacı yoxdur, lakin deyilənlərin daha artıq aydınlaşması üçün məzmunca Peyğəmbərin (s) buyurduqları ilə eyni olan bəzi rəvayətlərə də işarə edəcəyik. Lakin əvvəlcədən xatırladaq ki, İslamın nəzərində heç bir aqil insan məsuliyyətsiz ola bilməz. Həmçinin, məsuliyyətlərin ölçü və dərəcələri də bir-birindən fərqlənir. Məsələn, alimin məsuliyyəti cahilin məsuliyyətindən çox olsa da, hər ikisi məsuliyyət daşımaq baxımından müştərəkdirlər.
Bu səbəbdən, cahil də məsuliyyət daşıdığı üçün ilahi təklif və ehtiyacı olduğu dini məsələləri öyrənməyə borcludur. Dini məsələləri bilməməsi heç də onun məsuliyyətdən kənar olması demək deyil. Buna görə də, imam Sadiq (ə) «De: «Yetərli höccət yalnız Allaha məxsusdur» ayəsinin ardınca buyurur: «(Qiyamət günündə bəndə öz vəzifələrinə əməl etmədiyi üçün sorğu-suala çəkiləndə) Allah-təala ona buyurar: «Öz üzərinə düşən vəzifə və təkliflərini bilirdinmi?». Əgər bəndə desə «bəli, bilirdim», onda Allah-təala soruşar: «Bəs bildiyinə niyə əməl etmədin?». Və əgər bəndə «yox, bilmirdim» desə, Allah-təala yenə buyurar: «Niyə gedib öyrənmədin?»(«Biharul-ənvar», cild 7, səh. 285.).
Alimlə cahil arasında olan əsas fərq, alimin öz vəzifələrindən agah olmasıdır. Höccət ona tamam olmuşdur. Vəzifəsini tərk edərsə, heç bir üzrü qəbul olunmayacaq və onunla daha çətin davranılacaqdır. Bu barədə imam Sadiq (ə) buyurur: «Alimin bir günahı bağışlanana qədər cahilin yetmiş günahı bağışlanar»(«Biharul-ənvar», cild 2, səh. 27.).
Əlbəttə, insan elə düşünməsin ki, belə olan halda elmdən üz döndərək, bəlkə, yükümüz azaldı və cahildən daha pis vəziyyətə düşmədik. Çünki cahildən də elm dalınca getmədiyi üçün sual olunacaq. Elmdən qaçmaqla, insan məsuliyyətdən yaxasını kənara çəkə bilməz. Bir də, biz niyə o alimlərdən olmayaq ki, elmlərinə əməl edirlər və bu dünyada başqaları onların elmlərinə həsrət apardığı kimi, o dünyada da məqamlarına qibtə edirlər.
Bizim elm öyrənməyin fəziləti haqqında çoxlu sayda rəvayətlərimiz mövcuddur. Hətta bəzi rəvayətlərdə gətirilir ki, ilahi elmlərin təhsili ilə məşğul olan adam üçün yerin-göyün quşları, heyvanlar və dəryadakı balıqlar Allahdan bağışlanma diləyərlər.
Hər necə olsa da, Həzrət (s) bu bənddə buyurur: «Elminə əməl etməyən alimin qiyamət günü yeri və dərəcəsi hamıdan alçaq olar və cənnətin qoxusunu ala bilməz». Çox vaxt insan elm dalınca gedəndə əvvəldə niyyət xalqa, dinə xidmət olur, amma yolun yarısında bəzi maneələrlə üzləşir və bu çətinliklər onu öz əsas hədəfindən dönməyə vadar edir. Bəzilərinin elə əvvəldən elm öyrənməkdən məqsədləri, Allahdan qeyri hədəflər üçün olur. Nəinki təhsildə ixlasları olmur, hətta alçaq niyyətlər xatirinə elmə üz tuturlar. Məsələn, xalqın diqqətini cəlb etmək, vəzifəyə, şöhrətə çatmaq xatirinə elm öyrənirlər. Təbiidir ki, belə adamlar elə əvvəldən yanlış yola üz tuturlar və son mənzilləri də uçurumdur. Nəticədə bədbəxtlik, rəzillik, zillət girdabına yuvarlanırlar və qiyamətdə də behişt qoxusunu heç vaxt hiss etməyəcəklər.
Bəlkə də, vəzifəyə və ağ günə çıxmaq üçün dünyəvi elmlərə üz tutan adam, bir o qədər də məzəmmət edilməsin. Məqsədi axirət səadəti və bu yolları işıqlandırmaq olan, lakin ilahi elmlərdən dünya mənfəəti üçün istifadə edən adamın aqibəti çox pis olacaqdır. Həqiqətdə, belə adam dünyanın dərəcə və şənini axirətdən üstün tutur. Başqa təbirlə desək, üstünlüyü dinə yox, dünyaya verir. Bu düşüncə insanın dini əsaslara, mənəvi dəyərlərə etiqadsızlığından irəli gəlir və sonda insanı Allahdan uzaqlaşmağa aparıb çıxarır. Necə ki, Peyğəmbər (s) buyurur: «Məlumatının və elminin artmasına baxmayaraq dünyadan üz çevirməyən adam, həqiqətdə, Allahdan uzaq düşmüşdür».
Kitabın adı: Axirət azuqəsi
Müəlllif: Doktor Misbah Yəzdi