"Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!”
"Səbt əshabı” dəryanın kənarında yaşayan Bəni-İsrail qövmlərindən biri idi. Onlar balıq ovu ilə güzəranlarını keçirirdilər. Allah tərəfindən göstəriş gəldi ki, şənbə günləri balıq ovlamasınlar və ibadətlə məşğul olsunlar. Allah onları yoxlamaq istədi; balıqlar şənbə günləri dəryanın kənarına gəlir, başqa günlər gözdən itirdi. Onlar daha çox gəlir əldə etmək və iqtisadi zərərlərinin qarşısını almaq üçün tədbir düşündülər: Dəryanın kənarında çalalar qazdılar. Şənbə günləri balıqların çalalara dolması üçün dərya ilə çalalar arasında yol açdılar; balıqlar çalaya dolduqdan sonra onun çıxış yolunu tuturdular. Sonrakı gün isə balıqları ovlayırdılar. Zahirdə bu işdə eyb görünmürdü və o şəriətlə müxalif deyildi. Onlara su çalalarını doldurub, balıqların yolunu kəsmək yox, balıqları ovlamaq qadağan olmuşdu. Şəriətə don geydirmək hiyləsi bəzilərimizin dini hökmlərə münasibətdə güman etdiyi hiylələrdən daha qabarıqdır. Necə ki, bəzilərimiz sələmlə bağlı hiylə qururuq. Olsun ki, biz də onların zümrəsindən olsaydıq, bu işi ümumi şəkildə təsdiq edərdik. Amma Allah həmin qövmü uyğun əməlinə görə məsx etdi.
Bu mövzu nə əfsanə, nə də İncil və Tövratda təhrif olunmuş məsələlərdəndir. Quran özü bu hadisəni təsdiqləyir.
Təqvalı şəxslər belə dastanlardan öyüd götürməli, Allahın dini və ilahi hökmlərlə oynamayaraq bunlara şəri don geyindirməməlidirlər. Din Allahın buyurduqlarıdır. Onun hökmləri isə peyğəmbər və imamlar tərəfindən bəyan olunmuşdur.
Şəri hökmlərdə hiylə işlətməyin sonunda bəlalar durur. Allahın dini ilə oyun oynamaq dinin məhv olmasına səbəb olur. Hər halda insan mənasını anlamasa belə namaz qılmalı, dua və Quran oxumalıdır. Namazı ərəbcə qılmaq vacib, dua və Quranı ərəbcə oxumaq isə müstəhəb sayılır. Yenə də təkid olunur ki, insanın mənasını anladığı dua ilə mənasını anlamadığı dua arasında böyük fərq var. Bununla belə, demək olmaz ki, mətnlərin mənasını anlamayan kəsin Quran və ya dua oxuması faydasızdır. Əgər bu işin ibadət ruhunun güclənməsindən savay heç bir faydası olmazsa da, o, sözlərin mənasını anlayıb, lakin bidət qoyan kəsin bütün əməllərindən üstündür. Kiçik bir ibadət özümüzdən qoşduğumuz yüz illərin ibadətindən üstündür. Bu bəndəlikdir, o isə özünəpərəstiş!
Nəql olunmuş dualar da belədir. Bu dualarda ibadət ruhunun gücləndirilməsi əsas götürülmüşdür. Baxmayaraq ki, başqa faydaların da olması mümkündür. Üzüqibləyə oturub dəstəmazlı halda "Kumeyl” duasını oxuyan savadsız bir şəxs haqqında onun Allaha heç bir diqqəti olmadığını demək olarmı? Məgər o Allahdan duanın üstün məzmunlarının gerçəkləşməsini istəmirmi? O, duanın cümlələrinin ayrı-ayrılıqda mənasını bilməsə də, lakin Allahı düşünür və həzrət Əlinin (ə) öz duasında Allahdan istədiklərinin ona da mərhəmət olunmasını arzulayır. Demək, ibadət ruhunun güclənməsindən əlavə, Allahın zikri və Ona diqqət də dua və Quran tilavəti üçün lazımlıdır, eyni zamanda çox dəyərlidir.
Əlbəttə, yenə də təkid olunur ki, təkcə oxumaqla kifayətlənməyək. Çalışmalıyıq ki, Allaha olan mərifətimiz artsın və Ona nə dediyimizi və ya Onun bizə nə dediyini anlayaq; lakin mənalarını anlamasaq da bunlardan əl çəkməməliyik.
Ramazan ayında mömin şəxsin Quran oxuması dinin qorunma səbəbidir. Necə ki, indiyədək şəhidlər ağası və başqa imamlar üçün saxlanılan əzalar İslamın və şiəliyin möhkəmlənməsinə səbəb olmuşdur. Bəzi hallarda bu mərasimlərdə ideallıq olmasa da, onlarda böyük bir ruh gizlənmişdir; Allaha təslimçilik, din və din övliyalarına hörmət və s. Əlbəttə, çalışmalıyıq ki, bunların forması da lazımi şəkil alsın. Mərasimlər üstün formada olmalı və ibadət ruhu da saxlanılmalıdır. Lakin lazım olan səviyyə alınanadək bu sünnələr qorunub saxlanılmalıdır.
Əlbəttə, ibadətləri dəyişmək olmaz; lakin əzadarlıq mərasimləri kimi nümayiş xarakterli işləri daha yaxşı şəkildə keçirmək olar. Bu növ işlərdə ən yaxşı forma xalqın pak fitrətindən qaynaqlanan forma sayılır. Yəni heç bir kənar təsirsiz xalqın dini hisslərinin tələbi!
Bizim əzadarlıqlarımızın qərb ölkələrində keçirilən mitinqlər kimi sakit keçməsi düzgün olmazdı. Çünki dini nümayişlər dini oyanışdan qaynaqlanmalıdır. Sakitlik dini oyanışla bir araya sığmır. Ümumi ənənələrə münasibət açıqlandı. Lakin şəriət alimləri tərəfindən forması müəyyənləşdirilmiş işlər iynə ucu qədər də dəyişə bilməz və Allah buyurduğu kimi yerinə yetirilməlidir. Hətta daha yaxşı forma düşünsək belə!
Rəvayətdə göstərilir ki, imam Sadiq (ə) bir şəxsə dua öyrətdi, ona buyurdu: De "Ya muqəllibəl-qulubi səbbit qəlbi əla dinik”. O dedi: "Ya muqəllibəl-qulubi vəl-əbsar səbbit qəlbi əla dinik”. Həzrət ona buyurdu: Sənə öyrətdiyim kimi de. O şəxs buyurdu: Məgər Allah "muqəllibəl qulubi vəl-əbsar” deyilmi? Buyurdu: "Bəli, amma mən dediyim kimi de.”
Əgər insan imamın sözünü və şəriətdə göstərilmiş hansısa bir mövzunu dəyişirsə, demək özünü imam və müqəddəs şəriətdən daha ağıllı hesab edir. Bu ruhiyyə təkəbbür, qürurdan qaynaqlanır, ibadət və bəndəliklə uyğunlaşmır. İbadət üçün təvazökarlıq, kiçilmək və özünü unutmaq lazımdır. İmam Sadiq (ə) buyurur: "Şeytan Allaha ərz etdi: Pərvərdigara, and olsun sənin izzətinə, əgər məni Adəmə səcdə etməkdən azad etsən, bunun əvəzində sənə heç kəsin aləmdə etmədiyi bir ibadət edərəm”. Allah buyurdu: "Əgər itaət etmək istəyirsənsə, mənim dediyim kimi et!”
Allaha ürəyimiz istəyən kimi ibadət etmək əslində Allaha yox, öz qəlbimizə ibadətdir. Sözün qısası, şəriət göstərişlərinə olduğu kimi əməl etməliyik. İstər vacibat olsun, istərsə müstəhəbbat; ibadət əhli olaq və bu işlərə iynə ucu qədər təcavüz etməyək. İbadət hədlərinin pozulmasına icazə verməməliyik. İbadət hədlərinin aşılması dinin məhvi ilə bərabərdir.
Bu qayda bizim dini hökmlərin xeyirlərini əldə etmək üçün çalışmalarımızla zidd deyil. Din hökmlərinin bir çox faydaları rəvayətlər və hətta Quranda bəyan olunub. Bunlardan bəziləri isə təcrübə və elm ilə sübuta yetir. Bu da öz yerində məqsədə uyğundur. Dinin qəbulunu onun faydalarını tanımaqla şərtləndirmək düzgün deyil.
Eyni zamanda, unutmamalıyıq ki, dini hökmlərin bir faydasını peyğəmbər və imamların bəyanı, ya da təcrübə yolu ilə tanımaq o demək deyil ki, bu fayda elə buradaca tamamlanır. Mümkündür ki, bu işdə onlarla başqa faydalar da olsun, lakin biz onlardan xəbərsiz olaq.
Beləliklə, dua, namaz və Quranı şəriət buyurduğu kimi oxumalıyıq və eyni zamanda, onların mənasını anlamağa, bu işdə qəlbin iştirakına çalışmalıyıq. Nəzərdə saxlamalıyıq ki, ibadət ruhunun dəyəri öz düzəltdiyimiz ibadətlərdən qat-qat üstündür.
Kitabın adı: Rəbbin dərgahında
Müəllif: Məhəmməd Təqi Mishab Yəzdi