Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: "İslam beş əsas üzərində qurulmuşdur: Allahdan başqa haqq tanrının olmadığına və Məhəmmədin Allahın elçisi olmasına şəhadət gətirmək, namaz qılmaq, zəkat vermək, Allahın Evini həcc etmək və Ramazan ayını oruc tutmaq".
Bu hədisdə Peyğəmbər İslamın əsaslarını möhkəm təməl üzərində qurulan binaya bənzətmişdir. Bina təməl və sütunlar üzərində qurulduğu kimi İslam dini də bu beş təməl üzərində qurulmuşdur. Hədisdə qeyd edilən dörd əsas "LƏ İLƏHƏ İLLALLAH VƏ MUHƏMMƏDƏN RASULULLAH” - Allahdan başqa haqq tanrı yoxdur və Muhəmməd onun elçisidir" şəhadət kəlməsi üzərində qurulmuşdur. Çünki, şəhadət olmadan digər heç bir əməl qəbul olunmaz. LƏ İLƏHƏ İLLALAH - "Allahdan başqa haqq tanrı yoxdur” şəhadəti imanın bütün mənalarını özündə cəm edir. Bu kəlmənin mənası "Allahdan başqa ibadət olunmağa layiq heç bir tanrı yoxdur” deməkdir. Bəzi adamlar bunu "Allahdan başqa Allah yoxdur” kimi tərcümə edirlər, lakin bu doğru deyildir. Əgər belə olsaydı, Məkkə müşrikləri bu kəlməni qəbul edər və ona qarşı mübarizə aparmazdılar. Çünki, onlar Allahı göyləri və yeri Yaradan Rəbb olmasına iman gətirirdilər.
Onlar dua, nəzir,qurban, həcc kimi ibadətləri yerinə yetirir, lakin bu ibadətləri Allahla yanaşı bütlərə də yönəldir və bütləri Allahla öz aralarında bir vasitəçi kimi qəbul edirdilər. Ona görə də sadəcə Allahın varlığını qəbul etmək iman gətirmək üçün kifayət deyildir. İndiki dövrdə insanların əksəriyyəti elə bilir ki, sadəcə Allahın varlığını qəbul etmək mömin olmaq üçün kifayətdir. Əgər belə olsaydı, yuxarıda qeyd etdiyimiz kimi Məkkə müşrikləri əsl mömin sayılardılar. Halbuki, Allah onların ibadətlərini inkar etmiş və Ona şərik qoşduqlarına görə onlara Cəhənnəm əzabını vəd etmişdir.
"LƏ İLƏHƏ İLLALLAH" kəlməsi iki əsasa soykənir: Birinci: Allahdan başqasının haqq tanrı olmasını inkar edən "Lə iləhə" – kəlməsi.
İkinci: Təkcə Allahın həqiqi tanrı olmasını təsdiq edən "İlləllah" – kəlməsi. Bu şəhadət kəlməsi inkardan və təsdiqdən ibarətdir.İnsan "lə iləhə” deməklə bütün tanrıların batil olduğunu, ibadətə layiq olmadığını bəyan edir, "illəllah” deməklə də yalnız Allahın həqiqi tanrı olduğunu və yalnız Onun ibadətə layiq olduğunu təsdiq edir. Bu kəlmə Allahdan başqasının ilahi keyfiyyətlərə sahib olmasını inkar edir və yalnız Allahın yeganə ilahi varlıq olduğunu təsdiq edir. Uca Allah buyurur: "Bil ki, Allahdan başqa ibadətə layiq olan heç bir tanrı yoxdur" (Muhəmməd, 19). Peyğəmbər demişdir: "Kim səmimi qəlbdən "LƏİLƏHƏ İLLALLAH" deyərsə, Cənnətə girər." Səmimi qəlbdən bu kəlməni deyən onun mənasını başa düşməli, ona uyğun əməl etməli və insanları ilk növbədə ona çağırmalıdır. Çünki, Allah insanları yalnız Ona ibadət etmək üçün yaratmışdır. Allahın elçisi 13 il Məkkə şəhərində müşrik ərəbləri bu kəlməni qəbul etməyə çağırmışdır. lakin Allah Qurani Kərimdə onların belə cavab verdiyini xəbər verir: "Öz aralarından onlara xəbərdarlıq edən bir peyğəmbər gəldiyinə təəccüb edərək kafirlər dedilər: "Bu, yalançı bir sehrbazdır! O, bütün tanrıları bir tanrımı etdi? Həqiqətən, bu, əcaib bir şeydir". Onların adlı-sanlı adamları çıxıb gedərək dedilər: "Gedin öz tanrılarınıza səbirlə davranın. Doğrusu, bu sizdən istənilən bir şeydir. Biz bunu axırıncı dində də eşitməmişik. Bu, uydurmadan başqa bir şey deyil" (Sad, 4-7). Ərəblər bu kəlmənin mənasını başa düşdülər və bildilər ki, bunu deyən kəs Allah ilə yanaşı heç kəsə yalvararaq dua etməməlidir. Ona görə də onlar bu kəlməni deməkdən imtina etdilər. Uca Allah buyurur: "Çünki onlara: "Allahdan başqa ibadətə layiq olan tanrı yoxdur!"– deyildikdə təkəbbür göstərir və deyirdilər: "Məgər bir məcnun şairə görə tanrılarımızı tərk edəcəyik?" Xeyr! O, haqqı gətirdi və əvvəlki peyğəmbərləri təsdiqlədi" (əs-Saffat, 35-37). Bu şəhadətin mənası Allahdan başqasına ibadət etməmək, namaz, oruc, həcc, qurban, dua, nəzir və s. kimi ibadətlərin bütün növlərini yalnız Allaha həsr edərək Onun razılığını qazanmaq üçün yerinə yetirməkdir. İlah sözünün mənası ibadət edilən tanrı deməkdir. "İlah - insanların itaət etdiyi, qorxaraq və təzim edərək ona qarşı çıxmadıqlarıdır. Onu sevir və ondan qorxurlar, ona ümid edir və ona bel bağlayırlar, ondan istəyir və ona dua edirlər. Bu ibadətlərə haqqı olan yalnız Qüdrətli Allahdır. Əgər kimsə bu ibadətlərin bircə növünü belə hər hansı bir məxluqa həsr edərsə, onu özünə ilah, tanrı etmiş sayılır və o kimsə "LƏ İLƏHƏ İLLALLAH" kəlməsini söyləmiş olsa da öz etiqadını korlamışdır. MUHƏMMƏDƏN RASULULLAH – "Muhəmməd Allahın elçisidir” şəhadətinin mənası isə Muhəmmədin Allahın peyğəmbəri, onun bütün insanlara göndərdiyi elçi olmasını qətiyyətlə təsdiq etmək, həmçinin onun Allahdan verdiyi xəbərləri qəbul etmək və onun buyurduğu kimi Allaha ibadət etməkdir. Uca Allah buyurur: "Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin.” (əl- Həşr surəsi, 7). "De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir" (Ali İmran, 31).