Mühasibə (Özü ilə hesablaşma)
Əxlaqi və ürfani əsaslardan biri də mühasibədir. Allahın razılığını qazanmaq istəyən və əbədi həyata can atan bəndələr səhərlər özlərinə söz verdikləri kimi, gün ərzində bir saat da gündəlik əməllərini yerinə yetirmək və hesablaşmaq üçün vaxt ayırırlar. Nəraqi yazır:
"Ağıllı adamlar vaxtlarını 4 yerə bölüb, onlardan birini əməllərini götür-qoy etmək üçün ayırar, mühasibəni axşamlar yatmazdan əvvələ saxlayarlar ki, gün ərzində əldə etdikləri xeyir və zərərdən, gündəlik mədaxil və məxaricdən tam surətdə xəbərdar olsunlar."
Ötüb-keçənlərlə hesablaşıb gələcək işləri həyata keçirmək üçün özünə söz verməyə mühasibə deyilir. Mühasibə aşağıdakı 7 əsasla həyata keçir:
1) Təqdir (qiymətləndirmə) və ölçü;
2) Məsuliyyəti dərk etmək;
3) Əməllərin qalması;
4) Əməllərin yazılması;
5) Hesablaşma və sorğu-sual;
6) Əməllərin cəzası;
7) Tövbə və əvəzini ödəmək.
1. Təqdir (qiymətləndirmə) və ölçü yaradılışın əsaslarındandır. «Quran» təbiri ilə desək, Allah yanında hər şey özünəməxsus ölçülərlə təyin olunmuşdur.
"... Hər şey Onun yanında müəyyən bir ölçü ilədir." («Rəd»-8)
"(Yerdə və göydə) elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Lakin Biz ondan ancaq müəyyən (lazım olduğu) qədər endiririk." («Hicr»-21)
"... Biz hər şeyi hesaba alıb açıq-aydın kitabda (lövhi-məhfuzda, yaxud zəmanə imamının yanında) təsbit etmişik." («Yasin»-12)
"And olsun ki, (Allah) onları (bütün yaratdıqları) hesablamış və təkrar-təkrar saymışdır." («Məryəm»-94)
2. Allah, dünya və bəşər övladları qarşısında məsuliyyəti dərk etmək və özünə söz vermək insan üzərinə qoyulmuş ilahi əmanətdir. Məsuliyyəti hiss etmək fitri qüvvədir. "Qurani-Kərim”də buyurulur:
"Biz əmanəti (Allaha itaət və ibadəti, şəri hökmləri yerinə yetirməyi) göylərə, yerə və dağlara təklif etdik. Onlar ona yüklənməkdən (götürüb özləri ilə daşımaqdan) qorxub çəkindilər. Çox zalım, çox cahil olan insan isə (ixtiyar, iradə və seçim qüvvəsinə malik olduğundan) ona yükləndi." («Əhzab»-72)
3. Əməllərin qalması elmi və fəlsəfi bir əsasa söykənir. «Quran»da bu, açıq-aydın sübut edilir:
"Onlar (dünyada) etdikləri bütün əməllərin (öz qarşılarında) hazır durduğunu görəcəklər." («Kəhf»-49)
Başqa bir ayədə isə belə buyurulur:
"Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun cəzasını) görəcəkdir (cəzasını çəkəcəkdir)." («Zilzal»-7,8)
"(Loğman öyüd-nəsihətinə davam edərək) dedi: "Oğlum, (dünyada gördüyün hər hansı yaxşı, yaxud pis iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın (daşın) içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu (qiyamət günü) ortaya gətirər (onun haqq-hesabını çəkər). Həqiqətən, Allah bütün incə işləri biləndir (lətifdir), (Hər şeydən) xəbərdardır!" («Loğman»-16)
4. Əməllərin yazılması və qeydə alınması. İnsanların əksəriyyəti qəflət üzündən özü ilə hesablaşmır, keçmiş əməllərinin yaddan çıxdığını və məhv olduğunu düşünürlər. Daha bilmirlər ki, Allah-təala hər bir insanın əməlini qeyd etmək üçün bir mələk təyin etmiş və qiyamət günü bu əməllərlə hesablaşacaqdır. "Qurani-Kərim”də buyurulur:
"Biz hər bir insanın əməlini öz boynundan asar və qiyamət günü (bütün əməllərini) açıq kitab kimi qarşısına qoyarıq." («İsra»-13)
"(Və ona belə deyərik:) "Oxu kitabını (əməl dəftərini). Bu gün sən özün-özünə haqq-hesab çəkməyə (özün öz əməllərinin şahidi olmağa) kifayətsən." («İsra»-14)
"Sizin üstünüzdə gözətçi mələklər, (əməllərinizi) yazan və (Allah dərgahında) çox hörmətli olan mələklər vardır. Onlar sizin nə etdiklərinizi bilirlər." («İnfitar»-10, 11, 12)
Bu əməl dəftəri heç bir şübhə və inkara əl yeri qalmamaq üçün bütün təfsilatı ilə insana göstərilər. "Tariq" surəsinin dördüncü ayəsində Allah-təala göylərə və s. and içdikdən sonra buyurur:
"Elə bir kimsə yoxdur ki, onun üstündə bir gözətçi (mələk) olmasın!"
"Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!”(«Qaf»-18).
"Xatırla ki, (insanın) sağında və solunda (onun bütün əməllərini) təsbit edən (qeydə alan) iki mələk oturmuşdur!” («Qaf»-17).
"Yoxsa onlar elə güman edirlər ki, Biz onların pıçıltılarını və xəlvəti danışıqlarını eşitmirik?! Xeyr, yanlarında olan elçilərimiz (onların bütün aşkar və gizli söhbətlərini) yazırlar!” («Zuxruf»-80).
"Onların etdiyi hər şey (əməllərinin yazıldığı) dəftərlərdədir.! Hər bir kiçik və böyük (günah lövhi-məhfuzda) yazılmışdır!” («Qəmər»-52,53).
"(Ya Peyğəmbər! O gün) hər ümməti diz çökmüş (yaxud bir yerə yığılmış) görəcəksən. Hər ümmət öz (əməl) dəftərinə tərəf çağırılacaqdır. (Onlara belə deyiləcəkdir) "Bu gün sizə (dünyada) etdiyiniz əməllərin əvəzi (mükafatı və ya cəzası) veriləcəkdir! Bu Bizim kitabımızdır (sizin əməl dəftərinizdir). O sizin əleyhinizə haqqı deyər. Biz sizin etdiyiniz əməlləri (orada mələklərə bir-bir) yazdırmışıq?” («Çasiyə»-28, 29).
Bu ayələr bütün əməllərin mələklər tərəfindən qeydə alınıb yazılaraq qiyamət günündə hesaba çəkiləcəyini göstərir.
Əmirəlmöminin (ə) buyurdu:
"....Ey Allah bəndələri! Əməllərin hesaba çəkiləcəyi, dağıntıların çox olacağı və uşaqların (qorxudan) qocalacağı gündən qorxun. Ey Allah bəndələri! Bilin ki, sizin özünüzdən üzərinizə gözətçilər qoyulmuş, sizin bədən üzvlərinizdən olan qoruqçular sizə nəzarət etməkdədirlər. Bilin və agah olun ki, doğru danışan mühasiblər sizin əməllərinizi, hətta nəfəslərinizin sayını belə qeyd edirlər. Nə gecənin qaranlığı və nə də möhkəm qapılar sizi onlardan gizlədə bilməz.(Müxtəsər, harada olsanız onlar sizi izləyirlər). Həqiqətən, sabah bu günə yaxındır...” («Nəhcül-Bəlağə»: Feyzül-İslam: Xütbə №156).
5) Əməllərin sorğu-sualı qiyamət gününün ən əsas məsələlərindən biridir. Heç kəs ondan yaxa qurtara bilməz. Allah-təala buyurur:
«Onları yubadıb saxlayın, çünki sorğu-sual olunacaqlar!» («Saffat»-24).
Bu məsələ o qədər ciddidir ki, hətta peyğəmbərlər də sorğu-sual olunacaqlar:
"(Özlərinə) peyğəmbər göndərilən ümmətləri (peyğəmbərlərə tabe olub-olmadıqları barədə) sorğu-suala çəkəcək, göndərilən peyğəmbərləri də (dinimizi onlara təbliğ edib-etməmələri haqqında) sorğu-sual edəcəyik.” («Əraf»-6).
Qiyamət günündə hər biri 1000 il çəkən 50 dayanacaq vardır. Bu dayanacaqların hər birində bir şey barədə sorğu-sual olunacaqdır.
İmam Sadiq(ə) buyurur:
"Ey insanlar! Sizi sorğu-suala çəkməzdən əvvəl özünüzlə hesablaşın, çünki qiyamət günündə hər biri 1000 il çəkən 50 dayanacaq vardır». Sonra bu ayəni tilavət etdi: "....Müddəti 50000 il olan bir gündə...” («Məaric»-4).
Hesabat mövzusu o qədər dəqiqdir ki, hətta insanın qəlbindəki niyyətlərindən də sorğu-sual olunacaqdır:
"...Siz ürəyinizdə olanı zahirə çıxarsanız da, çıxarmasanız da Allah ona müvafiq sizinlə haqq-hesab çəkər...” («Bəqərə»-284).
Allahın adlarından biri "Səriül-hesab” (tez hesab çəkən) və qiyamət gününün adlarından biri isə "yovmul-hesab”dır (sorğu-sual günü). Bunların hər ikisi hesabatın və sorğu-sualın nə qədər əhəmiyyətli olduğuna dəlalət edir. Allah-təala Quranda buyurur:
"....Allahın hökmlərini inkar edən şəxslə, şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəcəkdir.” («Ali-İmran»-19).
Başqa bir yerdə isə buyurur:
"....Şübhəsiz ki, Allah yolundan sapanları haqq-hesab gününü unutduqları üçün şiddətli bir əzab gözləyir!” («Sad»-26).
Demək, vay o adamların halına ki, o günü (qiyamət gününü) unudublar. Çünki 2 şeyi yaddan çıxarmaq əbədi bədbəxtlik və ziyana səbəbdir- Allahı və qiyamət gününü unutmaq.
"....Ey Rəbbimiz, (bəzi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma!...” («Bəqərə»-286).
6) Əməllərin cəzası xilqətin və İslam dininin ən mühüm əsaslarındandır. Hər bir əmələ qarşı bir reaksiya və hər bir hərəkətin özünəməxsus mükafatı vardır.
Allah-təala bu barədə çox təkid edir, çünki heç bir əməl cəzasız və mükafatsız qalmayacaqdır:
"....(O gün) hər kəsə gördüyü əməlin əvəzi veriləcək və (haqsız yerə) zülm olunmayacaqdır!”(«Bəqərə»-281).
"Hər kəs öz əməlinin girovudur! (Hərə öz əməlinin əvəzini alacaqdır!) («Müddəssir»-38).
7) Tövbə də həmçinin İslamın islahedici əsaslarından biridir. Tövbə bağışlanmaq, Allaha tərəf qayıtmaq və hədərə getmiş ömrün böyük Yaradan yolunda istifadə olunmuş ömrə çevrilməsi üçün bir vasitədir. Tövbəsiz mühasibə mühakimə mümkün deyil. Buna görə də Allah-təala dəfələrlə öz bəndələrini tövbə etməyə və Ona tərəf qayıtmağa dəvət edərək onlara rəhmət və məğfirət mücdəsini verir:
"(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: "Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!” («Zümər»-53).