Başlanğıc
Kitabda söhbət açacağımız məsələlər bunlardır:
Mərifəti-nəfs (Özünü və Allahı dərketmə), Qəflətdən ayılma və məsuliyyət daşımaq. Xatırlamaq, Təfəkkür və düşüncə, Allaha görə dostluq və düşmənçilik (Təvəlla, təbərra), Şəriət hökmlərini bilmək, Yaxşı yoldaş seçmək və fasiq adamlardan uzaqlaşmaq, Haram əməlləri tərk etmək, Tövbə və istiğfar, Vacib əməlləri yerinə yetirmək, Nafilə namazların və müstəhəb əməllərin yerinə yetirilməsinin və məkruh (qəbih) əməllərin tərk edilməsinin zəruriliyi, Mürabitə (əlaqə saxlamaq), müraqibə (özünü qorumaq), mühasibə (hesablaşmaq), müaqibə (cəzalandırmaq), Niyyəti saflaşdırmaq, şirk, riya və nifaqdan çəkinmək, Nəfslə mübarizə, İşlərdə nizam-intizam və vaxtın bölünməsi, Fürsətdən istifadə, Allah bəndələrinə xidmət, Allaha arxalanmaq və təvəkkül etmək, İnsanlarla xoş davranmaq, Pəhrizkarlıq (çəkinmə), Qənaət.
Əlbətdə, bu mətləblərdən söhbət açarkən insanların mövqeyini və şəraiti nəzərə almaq lazımdır. Həmin fərqi şərh etməyə isə vaxtımız çatmaz. Lakin vacib, haram, müstəhəb, məkruh və mübah hökmlərin hamı üçün eyni olmadığını az da olsa, bilmək lazımdır. Elə əməllər vardır ki, bəziləri üçün müstəhəb, bəzilərinə vacibdir. Məsələn, təhəccüd və gecə ibadətlə məşğul olmağı buna nümunə göstərmək olar. Bu əməl Peyğəmbər(s) üçün vacib, başqaları üçün isə müstəhəbdir. Həmçinin diqqət yetirmək lazımdır ki, yuxarıda qeyd olunmuş mətləblər müəllifin öz mülahizə və anlayışına görə tərtib olunmuşdur. Fəsildə olan nəzəri ixtilaflar məsələnin belə incə olmasından irəli gəlir. Hər halda bu tərtib və tənzimləmə, şərəfli və dərəcəli düzüm, əhəmiyyət və mühümlüyünə görədir. Yuxarıda göstərilən mətləblərin birgə işlənməsi də mümkündür. Elə mövzular vardır ki, biri digərinin aydın qavranılması üçün zəmin yaradır. Bu mətləblərin müştərək verilməsi qəbul olunmuşdur. Tanrı yolunu tutan həmin mərhələləri qət etməlidir. Bu minvalla yoluna davam edib Allahın köməyi ilə mübarizə və səy göstərməklə nəfsi-mütməinnə dərəcəsinə yetişər, heç bir vasitə olmadan mübarək "Ey xatircəm olan kəs! Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən!" ayəsi ona xitab olunaraq Allahın əziz bəndələrinin yanında yer tutar.
Kitabın adı: İslamda əxlaq