"İslam qardaşlığı" dinimizin ictimai əsaslarındandır. İslam Peyğəmbəri (s) bu qardaşlıq əlaqəsini möhkəmləndirmək üçün bacardıqca çalışmışdır. Mühacirlər Mədinəyə gəldikdən sonra ilk dəfə olaraq qardaşlıq siğəsi Peyğəmbərin vasitəsilə ənsarın iki şaxəsi, yəni Ovs və Xəzrəc qəbilələri arasında bağlandı. Mədinədə uzun illər boyu bir-biri ilə qanlı müharibə aparan bu iki qəbilə Peyğəmbərin göstərdiyi səylər nəticəsində qardaş oldular və qərara aldılar ki, artıq olub-keçənləri unutsunlar. Bu qardaşlıq əqdinin (müqaviləsinin) oxunması ilə islam ordusunun müşriklər önündəki iki ümdə sütununu təşkil edən Ovs və Xəzrəc qəbilələri baş verən qırğınları və bir-birlərinə etdikləri təcavüzləri unudub, ədavəti və düşmənçiliyi sülh və səfa-səmimiyyətlə əvəz etdilər.
İkinci dəfə, Peyğəmbəri-Əkrəm (s) buyurdu ki, onun köməkçiləri–istər ənsar olsun, istərsə də mühacir–bir-biri ilə qardaş olsunlar və hər biri özü üçün bir nəfəri qardaş seçsin. Çox hallarda iki mühacir bir-biri ilə, yaxud bir mühacir bir ənsarla qardaşlıq əqdi bağladılar və qardaşlıq rəmzi olaraq bir-birinin əllərini sıxdılar. Bu yolda siyasi-mənəvi bir qüvvə onların üzərinə kölgə salırdı. Islam tarixçiləri və hədisçiləri yazırlar: Bir gün Peyğəmbər ayağa qalxıb dostlarına buyurdu: "Allah yolunda bir-birinizlə (iki-iki) qardaş olun."
Peyğəmbərin fərmanı ilə (həmin gündə) bir-biri ilə qardaşlıq əqdi bağlayanların adları tarixdə qeyd olunmuşdur. Məsələn, əbu bəkr ömər ilə, osman əbdürrəhman ibni ovf ilə, təlhə zübeyr ilə, übeyy ibni kəb ibni məsud ilə, əmmar əbu hüzeyfə ilə, Salman Əbu Dərda ilə və s. qardaşlıq əqdi bağlamış və bu əqdlər Peyğəmbər tərəfindən təsbit olunmuşdur. Bir neçə nəfərin arasında bağlanmış bu qardaşlıq əqdi, Qurani-Məcidin islam dünyası miqyasında elan etdiyi və bütün möminləri bir-birinin qardaşı hesab etdiyindən tam başqa bir qardaşlıqdır.