Cəbr (Məcburilik) şübhəsinə cavab
Elə bir şübhə yarana bilər ki, zehni məşğul edib, insanı minacat halından xaric etsin və onu cəbriliyə sövq etsin. Bu şübhə belədir: Əgər insan günahdan uzaqlaşa bilmirsə, demək günah etməyə məcburdur. Beləliklə, onun heç bir vəzifəsi yoxdur. Əgər o günahdan uzaqlaşırsa, demək, Allah ona kömək edib, məhəbbətini dadızdırmışdır. Bu halda da bütün işlər insanın yox, Allahın iradəsi ilə baş vermişdir. "Sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola salar...” Bu kimi ayələr bəzi insanlarda şübhə doğura bilər.
Əgər hara getdiyimizi, məqsədimizi bilmiriksə, həm qüvvə, həm də hidayət Allah tərəfindən olmalıdırsa və Allah bizi hidayət etməlidirsə bəs biz nə rol oynayırıq? Bu məsələ uzun zamanlar xalqı, xüsusi ilə də dindarları maraqlandırmışdır.
Əlbəttə, bu şübhəyə cavab vermək üçün xüsusi və dərin təhlillərə ehtiyac var. Çünki bu məsələ ən həssas məsələlərdəndir və bir çox rəvayətlərdə bu haqda düşünməkdən çəkindirilmişdir. Bu məsələ pis yol, coşmuş dəniz və təhlükəli səhraya bənzədilmişdir. Lakin çalışırıq ki, şübhələri aradan qaldırmaq üçün bu suala nisbətən sadə cavab verək.
İnsan hüzuri elmlə (Allahın verdiyi elm) dərk edir ki, əgər məcbur olsaydı qarşıya çıxan iki işdən birini seçib, o birindən uzaqlaşa bilməzdi. Mövlana deyir:
Deyirsənsə edim, yoxsa etməyim,
Demək, işdə öz sözü var istəyin.
Biz insanları yaxşı işgördükdə tərif edir, pis iş gördükdə isə danlayırıq. Əgər insan məcbur edilmiş mövcud olsaydı, nə tərif, nə də tənbeh edilməzdi. Nəticədə ona nə mükafat, nə də cəza təyin olunardı. Bu iki dəlil insanı tamamilə qane edib inandırar ki, o, işlərdə ixtiyar sahibi və azaddır.
Allah kimi doğru yoldan azdırsa, daha onu hidayət edən olmaz.”; "Allahın doğru yolda azdırdığı şəxsi kim hidayət edə bilər?!” Qeyd etdiyimiz ayələr hidayət və azğınlığı Allahın əlində bilir. Lakin insan vicdanla anlayır ki, edib-etməməyə qüvvəsi vardır. Belə isə, yuxarıdakı ayələrdə məqsəd nədir?
Bu suala cavab üçün bir neçə nöqtəni qeyd etmək zəruridir: Gördüyümüz bütün işlərdə bu işin yaxşı və ya pis olmasını və bu iş üçün qüvvəmizin olub-olmamasını bilirik. Məsələn, hamı bilir ki, yetim və ac körpənin köməyə ehtiyacı var; ona kömək də edə bilərik, üzünə bir sillə də vura bilərik. Eyni zamanda ona kömək etməyin yaxşı, onu vurmağın isə pis iş olduğunu anlayırıq.
Heç bir ağıllı insan elm və qüdrətin bütün işlərdə rol oynamasına şübhə etmir. Hamımız bilirik ki, insan düşüncə meyarı olan ağıl ilə bu iki amili (elm və qüvvəni) dərk edir. İnsana ağılı Allah vermişdir. Xüsusi xəstəliyə düçar olub, beyin hüceyrələrinin bir hissəsi sıradan çıxan insanlar ağılını itirir. Başqa insanlar kimi gözləri, qulaqları, əlləri və ayaqları olsa da yaxşı ilə pisi ayırd edə bilmirlər. Demək, öz-özümüzə heç nə anlaya bilmədiyimizi dərk edirik. Biz ilahi ağıl kölgəsində, peyğəmbərlərin hidayəti, kitab və sünnət yolu ilə əməllərin yaxşı, yoxsa pis olmasını anlayırıq.
Peyğəmbərləri də, Quranı da Allah göndərmişdir. İnsanın Quranı anlaması və eşitməsi üçün vasitə olan göz, qulaq və dil ilahi nemətlərdir. Demək, bizim ixtiyari olaraq gördüyümüz işlər Allahın verdiyi nemətlər sayəsindədir. Bu nemətlərsiz heç bir iş görməyə qadir olmarıq.
İnsanın danışması üçün dil, hava, dilçək və səs telləri olmalıdır. Bunlardan biri olmazsa, insan danışa bilməz. Çünki bunlar Allahın məxluqudur. Demək, istər elmi, istər əməli yönümdə olan bütün işlərdə Allahın yaratdığı vasitələrə ehtiyac var. Hansısa bir işin gerçəkləşməsi üçün minlərlə vasitələrin rolu olmalıdır. Bütün bu vasitələr arasında insanın rolu çox kiçikdir. Eyni zamanda insan öz ixtiyarı ilə edə bilər ki, hansısa bir işi görsün və ya bu işi tərk etsin. Demək, insanın gördüyü yaxşı işdə Allahın payı, insanın payından dəfələrlə çoxdur. Buna görə Allah buyurur: "Mən layiqəm ki, yaxşı işlərini mənə aid edəsən. Sən isə pis işlərini özünə aid etməyə daha çox layiqsən.”
Aydındır ki, bütün yaxşı səbəblər Allah tərəfindəndir və yalnız insan ixtiyarı ilə gerçəkləşir. Bütün vasitələri Allah insanın ixtiyarına vermişdir. Günah insanın pis seçiminin nəticəsidir. Çünki bütün vasitələri səhv yolda istifadə etmişdir. Əks halda bu vasitələrdən ibadət etmək üçün istifadə edə bilərdi. Çünki bu vasitələr günah üçün yaradılmamışdır. Dil Allahı zikr edə bilərdi, lakin sahibinin öz ixtiyarı ilə nalayiq sözlər danışdı. Nəfəs almaq ibadət vasitəsi ola bilərdi. Lakin pis istifadə nəticəsində günah üçün vasitə oldu.
Mövzunun daha dərin olmasını etiraf etməyimizə baxmayaraq uyğun şübhəni aradan qaldırmaq üçün bu qədərlə kifayətləndik. Bəndəlik yolunda addımlayanlar bəzi sirlərlə rastlaşır və ürfanla bu məsələləri həll edirlər. Demək, "mən keçmiş günahlardan uzaqlaşa bilmirdim, Sənin nemətlərindən pis istifadə edirdim və bu iş adətə çevrilmişdi. Sənin köməyinə ehtiyac duydum və Sən mənə kömək etdin” deyilərkən fəlsəfi baxımdan insanın ixtiyarsız olduğu anlaşılmır. Fərz edin ki, bir nəfər bandan özünü atır. Onun yarı yolda hava ilə yer arasında özünü saxlaya bilməyəcəyinə heç bir şübhə yoxdur. Əgər yerə dəyib, beyni dağılarsa, heç kim deməyəcək ki, əgər yarı yolda peşiman olubsa günahkar deyil. Əvvəlcədən öz ixtiyarı ilə pis işlər görüb şərait yaratmasaydı, belə bir aqibətə düçar olmazdı. Başqa bir misala diqqət edin:
Bir şəxs sərt enişdə qaçmağa başlayır. Başqa bir nəfər əvvəlcədən ona deyir ki, yarı yolda özünü idarə edə bilməyəcəksən. Lakin o bu sözlərə əhəmiyyət verməyib, qaçmağa başlayır və yarı yolda özünü idarə edə bilməyib möhkəmcə yerə dəyir, beyni dağılır. Bu şəxs günahkardır. Heç kəs "yarı yolda özünü idarə edə bilmədiyi üçün günahı yoxdur” bəhanəsi ilə ona bəraət qazandıra bilməz. O, bu sərt enişdə qaçmaya bilərdi. Buna görə də günahkardır. Günah enişində olanlar Allahın azdırdığı şəxs nümunəsidir. Lakin Allah heç kəsi səbəbsiz azdırmır. Allah düz yerdə hərəkət edənləri yox, yüksək enişdə qaçanları yerə vurur. Pis yol gedib, çox günah etmək nəticəsində insan yaxşı ilə pisi ayırd etmir və onun düşüncə qüvvəsi geri alınır. Günahkarlar sonda Allahın ayələrini inkar edirlər.
Əslində Allah insanı hidayət edir. Çünki bütün hidayət vasitələri Onun tərəfindəndir. Əgər bu vasitələrdən pis istifadə etsək azacağıq. Bu vasitələri bizə Allah verdiyi üçün Onun bizi azdırdığını demək olar. Amma bu o mənada deyil ki, biz məcburuq. Fərz edək ki, günah zamanı heç bir ixtiyarımız olmur. Lakin öncə günah üçün öz ixtiyarımızla şərait yaratdığımız üçün məsuliyyət daşıyırıq.
"Diqqətimi məhəbbətinə yönəltdin, məni ayıltdın və sənin istədiyin kimi oldum” cümləsi ilə bağlı bir neçə ehtimal verilir:
1. Əgər məni öz məhəbbət və lütfünlə ayıltmasaydın qəflət halından qurtulmayacaqdım. Qəflət bütün pis işlərin kökü, ayıqlıq isə islah üçün ilk addımdır. "Qəlbimi qəflət çirkabından təmizlədin” cümləsi bu ehtimala şahiddir. Yəni qəlbimi qəflət çirkabından təmizlədiyin üçün Sənə şükür edirəm. Quran buyurur: "Əgər Allahın fəzl və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt pak ola bilməzdi.”
2. Yəni diqqətimi məhəbbətinə yönəltdin. Beləliklə, diqqətimi məhəbbətinə yönəltdiyin zaman pis işlərdən uzaqlaşıb ibadətə doğru gələ bildim. Məni sevdiyini mənə anlatdın və bu, nəfs istəklərindən uzaqlaşmağıma səbəb oldu. Çünki sənin məhəbbət və lütfünün müqabilində üsyankarlıq etməyə xəcalət çəkirəm.
3. Sənə məhəbbət göstərməli olduğumu mənə anlatdığın zaman bu çirkinliklərdən uzaqlaşa bildim. Məndə yatmış fitri məhəbbəti oyadıb, fəal etdin. Çünki fitrət insana ona yaxşılıq edənləri sevməyi əmr edir. İnsan fitrətən ehsana meyllidir. İnsan Allahın ona nə qədər məhəbbət göstərib, nemət verdiyini bilərsə, Onu sevəcəkdir.
Bu ehtimal əvvəlki iki ehtimaldan daha qüvvəli nəzərə çarpır. Bu ehtimaldan belə nəticə çıxır: Qəlbimdə Sənə məhəbbət yarandıqdan sonra günahlardan uzaqlaşa bildim.
Kitabın adı: Münacatın əzəməti
Müəllif: Mishab Yəzdi