Şəkk-şübhə
Sual: 1. Etiqadi məsələlərə münasibətdə şəkk-şübhə yaranması düzgündürmü?
Cavab: Öncə belə düşünmək olar ki, dində şəkk pis işdir və qəlbin qaralmağını göstərir. Çünki məqsəd insanın yəqinə, əminliyə çatmasıdır. İman yəqinliklə müşayiət olunmalıdır. Amma şəkk-şübhə insanın iman və yəqinliyə çatmasına kömək göstərsə, onu yaxşı saymaq olar. İman insanın əldə etməli olduğu bir həqiqətdir. Amma o, öncədən mövcud olmur. İnsan şəkk etməsə, yəqinə çatmaz. Quran insanı yəqinə çatdırmaq üçün onun genetik etiqadını şübhə altına alır. Ona görə də Quranda belə buyurulur: "Ata-babaları nadan və ağılsız olduqları halda, onlar ata-babalarına tabe olmalıdırlarmı?”("Bəqərə" 170)
Şəhid Mütəhhəri buyurur: "Cəmiyyətdə bu sayaq şəkk-şübhələrin olmaması təhlükəlidir. Şəkk-şübhə olmadıqda insanların dini durumunda daşlaşma, bəlkə də, çürümə gedir. Hovuzda uzun müddət saxlanılan saf su qoxuduğu kimi, dini durum da hərəkətsizlikdən tənəzzülə uğrayır. Xalqın dini durumu aram, hərəkətsiz vəziyyətdə qaldıqda, şəkk-şübhə qamçısı yemədikdə onların etiqadına avamlar rəhbərlik edir. Avam qabağa getdikdə isə daim özündən bir şey quraşdırır...”(Fəslnameyi Mutəhhər)
Amma bəzi şəklər bir növ xəstəlikdir. Məsələn, namaz, dəstəmaz və digər ibadətlərdə, paklıq məsələlərində çox şəkk, vəsvəsə. Bu qəbildən olan şəkk-şübhələr xəstəlik kimidir. Çox şəkk etmək bir növ xəstəlikdir.
Sual: 2. Allah həqiqəti axtaran insanı həqiqətə çatdıracağına zamin durmuşdurmu?
Cavab: İnsanlar öz həyatlarında, adətən, şəkk-şübhə baxımından böhran keçirirlər. Məhz bu məqamda insan həssas bir hala düşür. Xüsusi ilə, ətraf mühitdəki düşüncələr, bəzən də müxtəlif təbliğatlar onun qarşısını kəsir. Əgər insan, doğrudan da, həqiqəti axtarırsa Allah ona yol göstərəcək. Allah-təala buyurur: "Bizim yolumuzda cihad və təlaş edənləri, şübhəsiz, öz yollarımıza hidayət edəcəyik.”(Ənkəbut-69)
Amma bu o demək deyil ki, alimlərin heç bir vəzifəsi yoxdur. Əslində onların çiynində ağır məsuliyyət var və alimlər ağıla gələn şəkk-şübhələri mümkün yollarla aradan qaldırmalı, hamıdan öncə gənc nəsli əminliyə çatdırmalıdırlar.
Sual: 3. Şəkk-şübhələr qarşısında vəzifəmiz nədir?
Cavab: Bəzilərinin fikrincə, insan istənilən bir yaşda istənilən bir məlumatı qeyd-şərtsiz dinləyə bilər. Onlar belə bir ayəyə istinad edirlər: "Bəndələrimə müjdə ver; o kəslər ki, sözü dinləyər və onun ən gözəlinə tabe olarlar.”(Zümər-17-18)Hansı ki, bu şərif ayə gözəl sözü seçməyi bacaran alimlər və nəzər sahibləri haqqındadır. Adi bir insan istənilən bir yaşda, səthi məlumatla yaxşını pisdən seçə bilməz. Digər bir ayədə buyurulur: "Onlar Allahın hidayət etdiyi və düşüncə sahibi olan kəslərdir.”(Zümər-18)
Bu səbəbdən də etiqadını mötəbər mənbələrlə möhkənməndirməmiş, şübhələrə cavab vermək gücü olmayan insan bu meydana qədəm qoymamalıdır. İnsan dövrü tanımalı, bu günü və gələcəyi üçün proqram hazırlamalıdır. Bir yerdə oturub, yalnız sarsıdıcı şübhələr və zəhərli təbliğatlarla üzləşdikdə çarə ardınca qaçmaq düzgün deyil. Xəstəliyin qarşısını almaq üçün uşaq peyvənd edildiyi kimi, biz də şübhələri qabaqlayaraq, onlara cavab tapmalıyıq ki, müxaliflərlə üzləşdiyimiz vaxt özümüzü itirməyib yetərli cavab verə bilək.
İmam Sadiq (ə) buyurmuşdur: "Dövrü tanıyan kəsə şübhələr hücum çəkməyəcək.”("Kafi”, c.1, s. 27; "Tohəful-uqul”, s. 356; "Bihar”, c. 75, s. 268.)
Həzrət Əli (ə) buyurmuşdur: "Öz dövrünü tanıyan insan hazırlığı yaddan çıxarmayacaq.”(Kafi”, c.8, s. 23; "Əmali”, s. 400; "Tovhid”, s. 74; "Tohəful-uqul”, s. 98; "Bihar”, c. 74, s. 287.)
Kitabın adı: 500 sual-cavab
Müəllif: Əliəsğər Rizvani