Dua Allahın insanlara lütf etdiyi ən gözəl nemətlərdəndir. Allah qullarının Özünə yaxın olmasını istəyir. Bunun üçün də duanı xüsusi olaraq yaratmışdır və səmimi şəkildə istənilən gözəl şeylərə dua vasitəsilə qarşılıq verir. İnsanı sadəcə bir su damcısından yaradan, yer üzünü yoxdan var edən Allah üçün hər hansı bir insanın duasına cavab vermək çox asandır. İnsan bunu bilməli və inamla, səbirlə, səmimiyyətlə Allahdan istəməlidir.
Çətinliyə düşdüyünüz, problemlərinizin artdığı, qəlbinizin sıxıldığı və ən əsası, özünüzü çox çarəsiz hiss etdiyiniz, heç kimdən kömək, dəstək görmədiyiniz ümidsiz vaxtlarınızı yadınıza salın. Həmin anlar yaşadığınız vəziyyətdən xilas olmaq üçün nə edirsiniz? Yəqin ki, ilk ağlınıza gələn şey, Allaha dua etmək olur. Bu əlbəttə ki, çox təbii və gözəldir. Lakin əsl gözəl olan odur ki, hər an Allaha dua edəsən, hər şeyi, hər zaman Allahdan istəyəsən. Bir çox insan hər zaman dua edə biləcəyini anlaya bilmir. Hər şeyi Allahdan istəyə biləcəyini, hər şeyi ona Allahın verdiyini düşünmür və beləliklə, duanın əhəmiyyətini başa düşmür. Halbuki, dua dünyadakı ən böyük nemətlərdən biridir. İnsan hər an Allaha dua edə bilər. Dua üçün xüsusi zamana və yerə ehtiyac yoxdur. Məktəbdə, işdə, mağazada, yol gedərkən, pilləkanla qalxarkən, musiqi dinləyərkən, kinoya baxarkən, yatmazdan əvvəl, səhər oyananda, yemək yeyərkən dua edə bilmək insanın davamlı Allahla əlaqə qura bilməsinə səbəb olur. Bir insan gün ərzində Allahla əlaqə quranda Onun hökmlərini unutma ehtimalı da olmur. Səmimi bir dua üçünsə ilk əvvəl insan hadisələri səthi düşüncə ilə deyil, hikmətlə qiymətləndirməlidir. Dua edərkən bütün qəlbini Allaha açmalı, Rəbbimiz ilə dərin əlaqə qurmağa çalışmalıdır. Başına nə gəlirsə gəlsin, Allaha tam təslim olmalıdır. İnsan Allahın köməyindən şübhəyə düşməməli, qəbul edəcəyini bilərək Allaha dua etməli, Ondan kömək və dəstək istəməlidir.
İnanan insan dua edəndə Allahın onu eşitdiyini və duasına necə olur olsun mütləq cavab verəcəyini bilir. Hadisələrin kor-koranə, təsadüfən deyil, Allahın yaratdığı qədər çərçivəsində baş verdiyini anlayır. Bu səbəbdən də duasına cavab almamaq kimi bir şübhəsi də yoxdur və hər zaman, ən xırda hadisələrdə belə Allahı yada salır, ondan asanlıq, gözəllik istəyir. Dua etmək üçün başına mütləq bir çətinliyin gəlməsini gözləmir. Buna görə də daxilən çox hüzurludur. Belə səmimi ruh halı ilə dua edən insanın duasını isə Allah mütləq qəbul edir. Bu həqiqəti bilmək çox vacibdir və böyük rahatlıq səbəbidir. Bəzi insanlar isə qəbul olunmayacağı qorxusi ilə dua etmirlər, ya da çox az edirlər. Allah ayələrində duaları hər zaman qəbul edəcəyini vurğulayır. İnsan ilk əvvəl buna iman gətirməlidir və bunu da unutmamalıdır ki, ayələrdəki "duaya cavab vermək" ifadəsi həmin diləyin mütləq gerçəkləşməsi demək deyil. Çünki, insan bəzən hadisələrin arxa fonunu görə bilmədiyi üçün xeyiri qoyub zərəri istəyir. Məsələn: Bir insan: "Ya Rəbbi, mənə filan iş yerindəki filan vəzifəni qismət et"- deyə dua edə bilər. Əgər duası qəbul olmursa, deməli bunda mütləq bir xeyir var. Allah duasını eşitmişdir və ən xeyirli şəkildə cavab vermişdir. Yəni əgər hadisələr biz istədiyimiz kimi reallaşmırsa, bu o demək deyil, Allah bizi unudub, duamıza cavab verməyib. Deməli, xeyirli olan bu imiş. Bunu unutmamalıyıq.
Duada istənilən şeyin gecikdirilərək verilməsinin və ya heç verilməməsinin bir səbəbi də Allahın insanları imtahan etməsi ola bilər. Allah qullarının səbrini sınamaq və onları kamilləşdirmək üçün verəcəyi nemətləri müəyyən bir hikmətə görə təyin edir. "Rəbbiniz dedi ki: Mənə dua edin, sizə cavab verim." Allah mütləq cavab verir. Lakin insanlar bunu tam qavramırlar. Yəni "Nə oldu? Dua etdim, Allah cavab vermədi, duamı qəbul etmədi." - deyə düşünürlər. Halbuki, hər dua Allah Qatında ibadət olaraq qəbul edilir. Namaz kimidir dua. İnsan necə dəstəmaz alıb namaz qılırsa, dua da belə bir ibadətdir. O ibadət qəbul edilir Allah tərəfindən. Duanın sonunda insan "Ya Rəbbi, mənə hidayət ver." - deyir. Allah ona hidayət verir. "Ya Rəbbi mənə iman ver"- deyir. Allah iman dərinliyi nəsib edir. Ya da "Ya Rəbbi, mənə ev ver" - deyir. Allah ev də verir. Lakin, iman olmadıqdan sonra evi olsa, nə dəyişəcək ki? Evin içində imansızlığın gətirdiyi mənəvi sıxıntı ilə məhv olar insan. "Ya Rəbbi, evlənəcəyim kişini qarşıma tez çıxar." - deyir. Evlənir, kişi başına bəla olur. Zamanla onu sevmədiyini anlayır. Münaqişələr, davalar başlayır. Bəzən boşanma ilə nəticələnir. Amma gözəl dua etsə, ağılla, hikmətlə dua etsə, Allah həyat yoldaşına da nur verər, ona da. Ailəsinə, evinə bərəkət gətirər. Səmimi, xalis niyyətli insan öz ölkəsinin rifahı üçün dua edəndə, bütöv xalq xilas olar. Bəlkə insanların xəbəri belə olmaz bundan. Onun duasının vəsiləsilə xilas olarlar. Bəli, bir insanın səmimi duası ilə bütöv xalq xilas ola bilər. Bu həqiqətən də Allahın yaratdığı möcüzədir. Dua möcüzəsi... Vaxt varkən, imkan varkən Allaha səmimi dua etmək lazımdır. Bəla gələndən sonra yox. Duanı axsatmaq olmaz. Dua azalanda, bəlalar çoxalır. İnanan insanların heç biri gününü duasız keçirməməlidir. Səhər, günorta, axşam davamlı Allahla əlaqə qurmalıdır. Duanın kəsilməsi ilə bəla sel kimi insanın üstünə axmağa başlayar. Əslində dua bəlaya qarşı səddir. Bu səddi açsan, bəla axar üstünə. Çünki Allahı unutmuş olursan duanı kəsməklə. Onda da Allah Özünü xatırladacaq başqa şeylər edə bilər. Bəs dua edərkən nələri bilmək lazımdır? Hər şeydən əvvəl dua edən insan Allahın ucalığını düşünməlidir. Onun insana şah damarından daha yaxın olduğunu və gizlinin ən gizlisini bildiyini unutmamalıdır. Allah insanın ağlından keçənləri bilir, yəni insanın istədiyi bir şeyi düşünməsi də dua hökmündədir. Rəbbimiz bizə bu qədər yaxındır. And olsun insanı Biz yaratdıq... Biz ona şah damarından daha yaxınıq (Qaf surəsi, 16).