Dinləyicinin səviyyəsini nəzərə alın!
Adətən cavanlar eşitdiyini başqalarına danışmaqdan ləzzət alır. Bu çox təbii meyldir və nöqsan sayılmır. Amma bir şeyə diqqət etmək lazımdır ki, dinləyici eşitdiklərini dərk edə bilirmi? Bir çox biliklər əksəriyyət tərəfindən çətin dərk olunduğu üçün hər sözü hər adama demək düzgün deyildir. Əhli-beyt hədislərinin bir fəsli «kətmani-sirr», yə´ni «sirri gizli saxlama» adlanır. Möminlərə Əhli-beyt sirlərini qorumaq tapşırılır. Bu nə sirdir? Bəziləri hansı sirri açdıqları üçün lənətlənmişlər? Doğrudanmı insan bu sirri açdığı üçün bəlaya düşə bilər? Bu sirlərdən bizə məlum olanı varmı? Bizim üçün də hansısa sirri gizlətmək vacibdir, yoxsa hər bildiyimizi danışa bilərik?
İmam Sadiq (ə) Əbdullah ibn Cündəbin nəzərinə çatdırır ki, başqalarını doğru yola dəvət edərkən onların səviyyəsini nəzərə almaq lazımdır. Bütün mətləbləri dinləyiciyə birdəfəyə çatdırmaq olmaz. Böyük həcmdə məlumatı qəbul etmək insana çətin gələ bilər. Eləcə də, tövhid və ya nübüvvət kimi dərin məsələləri hər insan birbaşa dərk etməyə də bilər. Hamıya deyilməsi mümkün olmayan mətləblərdən biri də Əhli-beytin sirridir. Həzrət Peyğəmbər (s) buyurur: «Əgər Əbuzər Salmanın qəlbindəkindən agah olsaydı onu öldürərdi»(«Biharul-ənvar», cild 78.).
Unutmaq olmaz ki, yüksək iman və mərifətə malik olan bu iki şəxs səviyyəcə çox yaxın idi. Məlum olur ki, dilə gəlməyən yüksək bir maarif mövcuddur. Bu maarif sözlə ifadə olunduqda, eşidənlər onu yanlış anlayır. Ona görə də bu barədə danışıldıqda ya danışan küfrdə ittiham olunur, ya eşidən küfrə düşür, ya da hansısa bir pis nəticə alınır. Bu sayaq çətin başa düşülən mətləbləri yazmaq da problem yaradır. Hər mətləbi hər kitabda yazmaq olmaz. Əks təqdirdə, bu mətləbləri oxuyan insanlar öz səviyyələrinə uyğun başa düşərək yoldan aza bilərlər. Fəlsəfə və irfanda bəyan olunmuş «vəhdəti-vücud» məsələsi çətin başa düşülən mövzulara nümunə ola bilər. Bu mövzunu oxuyan insanlar adətən onu düzgün anlamır və arifləri küfrdə ittiham edirlər. Onların fikrincə «hər şey Allahdır» demək küfrdür. Əslində onların dediyi mənanı anlamaq bizim qüvvəmiz daxilində deyil. Daha dəqiq desək, onların bu fikri sözlə çətin ifadə olunur. Belə bir hal peyğəmbər və övliyaların məqamına münasibətdə də müşahidə olunur. Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Əgər İsa haqqında deyilənlərin qardaşım Əli (ə) haqqında deyiləcəyindən qorxmasaydım onun məqamını olduğu kimi bəyan edərdim»(«Biharul-ənvar», cild 2.). Həzrət Peyğəmbər (s) Əlinin (ə) uca məqamının insanları çaşdıra biləcəyindən ehtiyatlanır. Bir zaman İsanın (ə) uca məqamından yanlış nəticəyə gələrək onu Allah adlandıranlar xatırlanır. Peyğəmbərin (s) belə bir bəyanatdan çəkinməsinə baxmayaraq yenə də Əlini (ə) «Allah» adlandıranlar tapıldı. Hansı ki, Əlinin (ə) yüksək məqamından ən yaxın səhabələr belə xəbərsiz idi. Bu gün də böyük şəxsiyyətlər haqqında fərqli rəylər mövcuddur. Bunun səbəbi insanların dərketmə səviyyəsinin müxtəlifliyidir. Bu adamlar Allah eləməmiş, Əhli-beyt düşməni deyildirlər. Sadəcə, dərketmə səviyyələri fərqlidir. Şəksiz ki, hamı övliyaları tanımaq mərtəbəsində ola bilməz.
Kitabın adı: Sadiq yol axtaranlar üçün İmam Sadiqin (ə) nəsihətləri
Müəllif: Ustad Misbah Yəzdi