Dərk edilə bilinməyən sirlər
Danışarkən dinləyicinin tutumu nəzərə alınmalıdır. Dinləyicinin dərk edə bilməyəcəyi bütün mətləblər «sirr» hesab olunur. Hər adamın yanında izharı mümkün ayan tövhid, nübüvvət, vilayət maarifi də sirdir. Əgər bunu nəzərə almasaq insanlar yolunu azar, cəmiyyətdə ixtilaflar yaranar. Hər hansı ictimai-siyasi məsələ də sirr ola bilər.
İmam Hüseyndən (ə) sonra imamlar ömürlərinin böyük hissəsini təqiyyədə (əqidəni gizləmək halında) keçirdilər. Çünki mövcud hakimiyyət onların həqiqətini dərk etmək qüvvəsində deyildi. Həqiqət açıqlayan hər bir kəsi şəhadət gözləyirdi. Ona görə də məsum imamlar əvvəlcə hal əhlini tapır, sonra onun tutumunu yoxlayır, daha sonra onu tədricən həqiqətin qəbuluna hazırlayırdılar. Demək, ədalətsiz hakimiyyət qarşısında sirr saxlamaq vacib göstərişlərdəndir. İmam Sadiq (ə) Əbdullah ibn Cündəbə buyuruğunda təbliğatda doğru yol gedənləri bəyənir, bu işdə Əhli-beyt sirrini açanlara xəbərdarlıq edir.
İmam Sadiqin (ə) dövründə məhdud sayda insan onun imamətini qəbul etmişdi. Əksəriyyət isə bu məqamdan xəbərsiz idi. Hətta imam övladları arasında imamət məsələsindən xəbərsiz olanlar vardı.
Bir rəvayətdə nəql olunur ki, İmam övladı olan həzrət Zeyd imam Baqirdən (ə) soruşur: «Sizdən sonra imam kim olacaq?». Rəvayətdən aydın olur ki, imamət məsələsi Əhli-beytə ən yaxın adamlar üçün belə sual doğurmuşdur.
İmam Sadiq (ə) buyurur: «Uzağı və yaxını göstərmək üçün çırağ və rəhbər olanlara Allah rəhmət etsin». Hədisdə «çırağ» ərəbcə «sirac»dan, «rəhbər» isə ərəbcə «mənar»dan tərcümə olunmuşdur. Sirac böyüklü-kiçikli bütün çırağlara aiddir. Amma mənarla yanaşı olduqda kiçik çıraq mənasını verir. Mənar isə hündür bir yerdə asılmış və yolçulara yol göstərən çox işıqlı bir çıraqdır. Minarə ona görə həm də mənar adlanır ki, qədimdə ən hündür nöqtəsində uzaqdan görünən çıraq bərkidilmiş yüksəkliyə minarə deyilərmiş. İnsanlar qaranlıqda bu minarələr vasitəsi ilə yolu taparmışlar. İmam (ə) öz buyuruğunda həm yaxında, həm də uzaqda olanlara doğru yol göstərənləri nəzərdə tutur.
Əməl sözün təsiri üçün şərtdir
Doğru məzhəb təbliğində təbliğatçının sözü əməli ilə uyğun gəlməlidir. Əgər nur tədricən mülayim şəkildə başqalarına təsir edirsə, od yandırıb-yaxır. Təbliğat zamanı od yox, nur kimi olmaq lazımdır. Tünd danışmaqla dinləyiciyə əziyyət vermək olmaz. Mülayim rəftar insana təsir üçün mühüm amildir. İmam Sadiq (ə) hədisin davamında buyurur: «Onlar (Əhli-beyt dostları) öz əməlləri və var qüvvələri ilə xalqı bizə tərəf dəvət edirlər».
Qeyd edildiyi kimi, bəzən insanın rəftarı başqalarının ona meyl etməsinə səbəb olur. Hətta bu rəftar diqqəti insanın danışığındakı zəif cəhətlərdən də yayındırır. Nəsihət zamanı əməlin təsiri danışıqdan heç də az deyil.
Bizim vəzifəmiz İslam göstərişlərinə fərdi surətdə əməl etmək deyil. İnsan üçün ən böyük vəzifələrdən biri başqalarını doğru yola çağırmaqdır. İstər ruhani olsun, istər qeyri-ruhani, hər kəs öz qüvvəsi daxilində bu vəzifəyə əməl etməlidir.
Kor quyuya düşən zaman görən göz,
Günahkardır, susub deməzsə bir söz.
Yolunu azan insanın əlindən tutub doğru yola çəkmək hər birimiz üçün Allahın vacib etdiyi vəzifədir. Bu iş o zaman müyəssər olur ki, nəsihət edənin rəftar və əməli dediyi sözlərə uyğun olsun. Hətta əgər insan ağzını açıb bir kəlmə söz demədən gözəl rəftar nümayiş etdirsə, onun bu hərəkəti ətrafındakılara çox təsir edər. Bəli, insan ailəsi, övladı, dostları və yaxınları üçün nümunə ola bilər. İmam Sadiq (ə) öz buyuruğunda sözü təsirsiz qalan təbliğatçıları dolayı yolla qınayaraq onların təbliğat zamanı Əhli-beyt sirlərini açmalarını nöqsan tutur. Belələri doğru üsulla təbliğ əvəzinə Əhli-beyt sirlərini açaraq insanları azdırırlar. Hər bir müsəlman öz rəftarı və sözü ilə başqalarına təsirli olmağa çalışmalıdır.
Kitabın adı: Sadiq yol axtaranlar üçün İmam Sadiqin (ə) nəsihətləri
Müəllif: Ustad Misbah Yəzdi