Övliyaların ibadətə baxışı
İmanın aşağı mərtəbəsində olan bəndələr vacib əməllərin icrası və haramlardan çəkinmək üçün Allahdan yardım istəməlidirlər. Amma elə bəndələr də vardır ki, onlar bu məsələdə daha dərin baxışa malikdirlər. Onların hesabı da adi insanların hesabından fərqlənir. Onlar harama qətiyyən yol vermir, təsadüfən şübhəli məsələlərdə büdrəyirlər. Haramdan uzaq olan bu insanlar mənasız, ləğv işlərinə görə narahat olurlar. Belələri axirətləri üçün faydasız işlərdən kənarlaşmağa çalışırlar.
Biz elə düşünürük ki, vacib və müstəhəb (bəyənilmiş) əməllər məhduddur və əksər əməlimiz mübah (nə vacib, nə haram, nə müstəhəb, nə də məkruh olmayan adi əməllər, məsələn, nəfəs almaq) sinfinə aiddir. Hansı ki, bu əməllər də hansısa bir baxımdan ikinci dərəcəli vacib ola bilər. Bu ikinci dərəcəli vacibləri də nəzərə alsaq, ümumən vacib işlərin icrası üçün ömrümüz azlıq edər. Məsələn, öz ətrafındakıların suallarını cavablandırmaq üçün ruhaniyə 24 saat azlıq edə bilər. İndi özünüz müəyyənləşdirin ki, bəşəriyyəti Əhli-beyt maarifi ilə tanış etmək üçün nə qədər vaxt lazımdır. «Nisa» surəsinin 58-ci ayəsində buyurulur: «Allah sizə əmr edir ki, əmanətləri sahiblərinə qaytarasınız». Əhli-beyt maarifi ruhanilərin əlində əmanətdir. Bu əmanətin sahibi isə bəşəriyyətdir. Ruhanilər yalnız bu vəzifələrinə lazımı diqqət göstərsələr, heç bir müstəhəb işə vaxt qalmaz. Diqqətli, dərin baxışa malik insanlar vacib və müstəhəb olmayan işə görə tövbə edirlər. Çünki Allah vaxtını boş keçirənləri sevmir. Bu insanlar günün sonunda haram iş görmədiklərini nəzərə alıb rahatlandıqları kimi, boş keçirdikləri vaxta görə də təəssüf edirlər. Onlar nəyə baxdıqlarını, nə danışdıqlarını, nə eşitdiklərini bir-bir xatırlayaraq əməllərində nöqsan axtarırlar. Faydasına əmin olmadıqları hər bir iş onlara sıxıntı gətirir.
Kitabın adı: Sadiq yol axtaranlar üçün İmam Sadiqin (ə) nəsihətləri
Müəllif: Ustad Misbah Yəzdi